Xəbər lenti
Dünən, 19:25

 

Pentaqon 2017-2018-ci maliyyə illəri üçün Pakistana hərbi əməliyyatlar qarşılığında verəcəyi 900 milyon dollarlıq yardımı təxirə salıb.

Ovqat.com-un xarici KİV-lərə istinadən bildirdiyinə görə, bunu Pentaqon sözçüsü polkovnik Rob Manning açıqlayıb.

Manning maliyyə yardımının tamamilə ləğv olunmadığını, sadəcə müvəqqəti olaraq dondurulduğunu da fikirlərinə əlavə edib. O, bunun səbəbini Pakistanın ABŞ-la birlikdə terrorizmə qarşı mübarizədə səmimi mövqe tutacağına inamlarının tam tükənməməsilə əsaslandırıb: “Pakistanın təqib etmək istədiyimiz terrorçu qruplara qarşı ciddi addımlara atacağına inamımız davam etdiyindən bu yardım tam ləğv edilmədi və ya yenidən proqramlaşdırılmadı".

 2016-cı il maliyyə büdcəsi çərçivəsində Pakistana 540 milyon dollar ayırdıqları deyən polkovnik 2017-ci ilin maliyyə büdcəsi çərçivəsində nəzərdə tutulan yardımların verilib-verilməyəcəyinin isə oktyabr ayına kimi aydın olacağını bildirib. Bunun üçün isə Pakistan Taliban və Haqqani terrorçularına sığınacaq verməməlidir:

“Gözləntimiz çox aydındır: Taliban və Haqqani liderlərinin və təcavüzkarlarının Pakistan torpaqlarında qalmaması və oradan hücum təşkil etməməsi lazımdır. ABŞ bu məqsədlə atılacaq konkret addımları Pakistana çatdırıb. Fərq qoymadan bütün terror qruplarına qarşı Pakistan ilə birgə çalışmağa hazırıq"- Rob Manning belə deyib.

 Pakistan hökuməti ilə bu məsələni müzakirəyə davam edəcəklərini bildirən sözçü problem həll edilməsə, yardımın tamamilə kəsiləcəyini deyib.

 Qeyd edək ki, Pakistana ayrılan 900 milyon dolların 400 milyonunun Hərbi Koalisiyaya Dəstək Fondundan, 500 milyonunun isə Pentaqon büdcəsindən prezidentin imzası ilə verilməsi nəzərdə tutulmuşdu. Bir neçə gün əvvəl isə ABŞ prezidenti öz “Twitter” hesabında Pakistanın onları aldatdığını, son 15 ildə bu ölkəyə 33 milyard dollar yardım etdiklərini, İslamabadın isə ABŞ-ı axmaq yerinə qoyduğunu bildirmişdi:

 "Onlar bizə yalanlar və hiyləgərlikdən başqa bir şey vermədilər. Əfqanıstanda axtardığımız terrorçuları təhlükəsiz bölgələrdə gizləyirlər. Bu qədər də olmaz".

Trampın bu paylaşımının üzərindən bir gün keçəndən sonra ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert bəyanat verərək, Pakistanı "Xüsusi Monitorinq" siyahısına saldıqlarını açıqlamışdı. Pentaqon yetkilisinin son bəyanatı isə Pakistana edilən basqı silsiləsinin növbəti təzahürü kimi diqqətçəkicidir.

Pakistanın bu təzyiqlərdən nəticə çıxaracağına isə ümid azdır. Bu ölkə yaranandan və ABŞ-la müttəfiqliyə başlayandan bəri bu cür təzyiqlərlə üzləşib, amma qətiyyən öz siyasətindən bir addım belə, geri addım atmayıb. İslamabadın inadkar mövqeyinin ən bariz nümunəsi  1970-80-ci illərdə hakimiyyətə gələn Zülfüqar Əli Butto və Məhəmməd Ziya ül-Haqq dövrlərində yürüdülən siyasətlərdir.

1971-ci ildə hakimiyyətə gələn sosialist təmayüllü Zülfüqar Əli Butto Hindistanın nüvə silahı proqramına qarşı Pakistanın eyni strategiyasının təməllərini atanda ABŞ-ın sanksiyalarıyla üz-üzə qalmış, amma təmkinini pozmadan, “lazım gələrsə, ot yeyərik, lakin bu siyasətdən vaz keçmərik”  sözləriylə tarixə damğasını vurmuşdu. Təsadüfi deyil ki, Zülfüqar Əli Buttonun bu inadkarlığı ağır bədəllər ödəməsilə nəticələndi. Pakistanın tərkibində olan Banqladeş 1972-ci ildə ABŞ-ın dəstəyi ilə ondan ayrıldı. Ölkə ciddi böhranlar keçirdi. Nəticədə Buttonun prezidentliyi də 2 ildən artıq sürmədi.

Məhz bu acı təcrübədən sonra Pakistanda hakimiyyətə gələn bütün prezidentlər ABŞ-la münasibətlərini sözdə başqa, əməldə başqa siyasətlər üzərində qurmağa başladılar - onlar ABŞ-ın bütün tələbləriylə razılaşsalar da, öz bildiklərini etdilər. Bu hiyləgər siyasəti ən uğurla aparan isə Ziya ül-Həqq oldu. 1978-ci ildən 1988-ci ilə qədər Pakistan prezidenti olan Ziya ül-Həqqin bu mövqeyini onunla nüvə danışıqları aparan ABŞ-ın məşhur hərbçi-diplomatı general Kim Ualtersin aşağıdakı sözləri tam çılpaqlığı ilə ortaya qoyur: "Ziya ül-Həqqin ya həqiqətən ölkəsinin nüvə proqramından xəbəri yoxdur, ya da o, indiyə qədər gördüyüm ən ecazkar və vətənpərvər yalançıdır”.  (Onun prezidentlikdən əvvəl Baş Qərargah rəisi olduğunu nəzərə alsaq, ölkəsinin nüvə proqramından xəbərsizliyi qeyri-mümkündür).

Nə yazıq ki, Ziya ül-Həqqin taleyi daha acıncaqlı oldu. O, ABŞ-ı 10 il aldatmasının bədəlini müəmmalı təyyarə qəzasında ölümüylə ödədi. Buna baxmayaraq, Pakistanın indiyə qədər gəlib getmiş bütün prezidentləri onun tərəfindən əsası qoyulan “ecazkar və vətənpərvər yalançılıq” dəsti-xəttini uğurla davam etdirdilər. Məhz bu incə siyasətin nəticəsidir ki, Pakistan artıq nüvə gücünə görə dünyanın ən böyük hərbi qüdrətindən birinə çevrilib. Mütəxəssislərin fikrincə, o, artıq əsas rəqibi olan Hindistanı geridə qoyub və yaxın illərdə istehsal edəcəyi atom bombalarının sayına görə dünyanın üçüncü böyük nüvə gücünə çevrilmək ərəfəsindədir.

Pakistanı dünyanın super gücləri üçün daha təhlükəli hala gətirən isə onun islami radikal qüvvələrə qucaq açmasıdır. Bu ölkədə getdikcə güclənən islamçı radikalların bir gün ölkəni tamamilə ələ keçirəcəyi istisna edilmir. Bu isə, öz növbəsində Taliban və Haqqani terrorçularının Pakistandakı nüvə silahlarını ələ keçirməsi deməkdir.

Məsələnin ən narahatedici tərəfi isə odur ki, Pakistan dövləti bu terrorçu qüvvələrlə mübarizə aparmaq qüdrətində deyil. Çünki Pakistan ordusunda islamçı radikalların ciddi dayaqları var.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 302          Tarix: 9-01-2018, 02:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma