Xəbər lenti

  

ABŞ-ın PKK/PYD terrorçularından ibarət ordu qurmaq təşəbbüsünə Türkiyənin ciddi təpkilərindən sonra Vaşinqtondan gələn xəbərlər Ankaranı xeyli rahatlatdı.

İlk geri çəkilmə mesajı ABŞ Dövlət Departamentinin sədri Reks Tillersondan gəldi. Tillerson çıxışında Türkiyəyə böyük ehtiyac duyduqlarını və onun haqlı əndişələrini nəzərə alacaqlarını bildirdi. Bu çıxışın adından ikinci bənzər açıqlamanı  Pentaqon verdi: “Şimali Suriyada hər hansı sərhəd mühafizə birliyi qurmaq planımız yoxdur”. Daha sonra Tillerson yenidən səhnəyə çıxıb Pentaqonun fikirlərini dəstəklədi və bəzi şəxslərin səhv ifadələrinin yalnış anlaşılmalara yol açdığını ifadə etdi. Ən nəhayət, “PKK/PYD silahlılarından ibarət 30 minlik sərhəd qururuq” mesajları ilə ortalığı qarışdıran Pentaqon sözçüsü polkovnik Ryan Dillon kameralar önündə göründü və sözlərinin səhv başa düşüldüyünü dedi. Onun bildirdiyinə görə, bir neçə gün öncə mətbuata açıqlamasında bəhs etdiyi “sərhəd mühafizə gücü” heç də ordu demək deyilmiş.

 

Bir sözlə, ABŞ-dan ard-arda gələn açıqlamalar PKK/PYD-nin arxasından çəkilmək mesajları ehtiva edirdi. Bəs, ABŞ-ı geri addım atmağa vadar edən nə idi?

Bir çoxları bu geri addımı Türkiyənin bütün riskləri gözə alaraq Suriyanın şimalına hərbi müdaxilə edə biləcəyi ehtimalı ilə izah edərlər. Bununla belə, ABŞ-ın məlum addımından sonra yaranmış vəziyyət onun başqa niyyətlərinin olması barədə də şübhələrə yol açır. Xüsusilə, PKK/PYD-nin Türkiyə qarşısında tək buraxılmasının Rusiyada ciddi əndişlər yaratdığı müşahidə olunur. Bu gün Kremlə yaxın mətbu orqanlarda dərc olunan bəzi yazılar da bundan xəbər verir.

Suriyada Rusiya baxımından arzulanmayan vəziyyətin yarandığını dilə gətirən mətbu orqanlardan biri “Rosiysakaya qazeta”dır. Qəzetin yazdığına görə, ABŞ-ın Suriyada yaratmaq istədiyi vəziyyət 1960-cü illərdən bəri həyata keçirilən “vasitəli savaş”  (proxy war) prinsipinə uyğundur: "Proxy war” termini soyuq müharibə dövründə 1964-ci ildə lüğətə girdi. Mənası da bir-birinə düşmən iki dövlətin aralarındakı problemi üçüncü ölkənin insan və silah gücüylə həlletmə üsuluna deyilir. 20-ci əsrdə tanış olduğumuz bu anlayış indi yenidən Suriyada ortaya çıxır.

Türkiyə ABŞ rəhbərliyinin bilə-bilə müttəfiqinin vazkeçilməz maraqlarını heçə sayaraq, kürdləri Suriyada istinad nöqtəsi kimi seçməsinə od püskürür. Bu da azmış kimi, bir də 30 minlik kürd ordusu quracağı ilə bağlı açıqlama verir. Beləcə, Türkiyə öz içində PKK ilə məşğul olduğu bir vaxtda bir də müttəfiqi Amerikanın yaratdığı PYD problemilə qarşı-qarşıya qoyulur.

 

Rusiya bu son prosesləri hələlik kənardan izləməyə üstünlük verir. Ancaq son dərəcə narahatedici vəziyyət yaranıb desək, səhv etmərik. Ərdoğan blef etmiş ola bilər. Ancaq Suriyada həqiqətən yeni vasitəli müharibə baş verərsə, Rusiyanın Suriya üçün həyatı əhəmiyyət verdiyi milli dialoq planları alt-üst olacaq. Suriya torpaqlarında qızışan bu müharibə çox yaxında hər kəsi hər kəsə qarşı qoyacaq və alovlarının hara qədər varacağı məchuldur".

Eyni nigaranlığı dilə gətirəm digər yazını isə "Nezavisimaya" qəzeti yayımlayıb. Bu yazının sərlövhəsi də xeyli maraqlıdır: "Ərdoğan kürdlərə atəş açaraq Rusiyanı vurur".

Yanvarın sonunda Soçidə keçirilməsi planlaşdırılan Suriya Milli Dialoq Konqresinin ABŞ-ın Türkiyəni qızışdırması ilə təhlükəyə girdiyi vurğulanan həmin məqalədə qeyd olunur: “Türk artilleriyası Afrini dünəndən bəri vurmağa başlayıb. Ərdoğan, Suriya şimalında xarici ölkə paqonları daşıyan kürdlərin çiyinlərindən bu rəsmi simvolları qoparacaqlarını elan edir. “Xarici ölkə bayraqlarını da çıxaracağıq”- deyir. Amma Afrində Rusiya bayrağı da dalğalanır. Ötən il sentyabr ayında Rusiya Afrindəki kürdlərlə ikitərəfli müqavilə bağlayaraq, orada monitorinq məntəqəsi qurub. Yerli qüvvələr bazasında milli dialoq başladıb. Görəsən, Türkiyə Prezidenti “Afrindəki kürdlərin çiyinlərindən xarici ölkələrin paqonlarını sökəcəyik, bayraqlarını endirəcəyik” deyərkən ABŞ ilə yanaşı, Rusiyanı da nəzərdə tutur? Təsadüfi deyil ki, bu yaxınlarda Afrin böhranı baş verməzdən əvvəl Türkiyə və ABŞ tərəfdarı silahlı Suriya müxalifləri Soçidə keçiriləcək Suriya konqresinə qatılmayacaqlarını elan etmişdilər”.

 

Göründüyü kimi, ABŞ Suriyada növbəti məkrli oyuna əl atıb. Əvvəl dəstəklədiyi kürd separatçılarının arxasından daha sonra çəkilərək, son zamanlar yaranan Türkiyə-Rusiya-İran yaxınlaşmasına ciddi zərbə vurmaq niyyətindədir. Regiondan gələn bəzi xəbərlər bu planın artıq baş tutduğunu göstərir. Artıq Suriya ordusu öz hava sərhədlərini pozacaq olan türk təyyarələrini vuracağını açıq şəkildə bəyan edib. Rusiyada yaranan nigarançılığı sakitləşdirmək üçün Türkiyənin Baş qərargah rəisi və MİT rəhbəri Moskvaya gedib və danışıqlar aparır. Yəqin ki, İran da Suriyanın tərəfində dayanacaq. Beləcə, Suriya məsələsində yaranmış regional müttəfiqliklər pozulacaq, tərəflər bir-biriylə sərt mübahisələrə girişəcək, bu da yaşananların qarşısının alınmasında ciddi əngələ çevriləcək.

 ABŞ isə kürd separatçılarını silahlandırma yolunda vaxt qazanacaq. Əsl uduzan isə bu gün bir-biriylə kəllə-kəlləyə gələn iki dövlət olacaq – Türkiyə və Suriya.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 204          Tarix: 18-01-2018, 22:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma