Xəbər lenti

 

Rusiyanın Soçi şəhərində 3 region ölkəsinin – Türkiyə, Rusiya və İran prezidentlərinin keçirdiyi görüş Suriya probleminin siyasi həlli istiqamətində müəyyən ümid işığı yaratsa da, görüşdən sonra yaşanan bəzi hadisələr bölgədə sülhün asanlıqla əldə edilməyəcəyini göstərdi. İlk ümid qırıcı hadisə isə elə Soçi sammitində yaşandı. Sammitdən sonra düzənlənən mətbuat konfransında Türkiyə prezidentinin dilə gətirdiyi bəzi fikirlər Soçi üçlüsünün heç də deyildiyi kimi bütün məsələlərdə ortaq məxrəcə gəlmədiyini göstərirdi.

Məlum olduğu kimi, sammit iştirakçılarından ikisi – Rusiya və İran Suriyanın gələcəyinə dair müzakirələrə PKK-PYD qruplaşmasının da qatılmasına yaşıl işıq yandırdığı halda, Türkiyə buna qarşı çıxır, ölkəsinin ərazi bütövlüyünü təhdid edən terror təşkilatı ilə eyni masaya oturmayacağını bildirirdi.

Soçi üçlüsünün belə, Suriya məsələsində ortaq məxrəcə gəlməməsinə bir də ABŞ, Səudiyyə Ərəbistanı və körfəz dövlətlərinin maraqlarını əlavə etsək, problemin nə qədər mürəkkəb olduğunu, sülh ümidlərini tamamilə sıradan çıxartdığını görməmək mümkün deyil. Nədən ki, regionun bu üç müttəfiqinin ortaq məxrəcə gəlməsindən sonra da məsələ bitməyəcək, daha mürəkkəb mərhələyə - Cenevrə sammitinə daşınacaq, ABŞ, bəzi Avropa və körfəz dövlətlərinin iştirakı ilə yenidən masaya yatırılacaq. Bu dövlətlərdən hər birinin isə Suriyada bir dayaq nöqtəsi, istinad etdiyi silahlı dəstəsi var və onların hamısının da ağzından müxtəlif səslər gəlir.

Üstəlik, problemin Soçi iştirakçılarının, xüsisilə Türkiyə və İranın qələbəsi üzərində həlli müsəlman dünyasının müxtəlif qütblərinin bir araya gəlməsi perspektivi yaradır, bu da Fələstinin, hətta gələcəkdə digər ərəb torpaqlarının ilhaqı üzərində genişlənmə siyasəti yürütməyə çalışan İsrailin milli təhlükəsizlik maraqlarına cavab vermir, Tel-əviv buna mane olacağını gizlətmir.

İŞİD-in siyasi və hərbi cəhətdən sıradan çıxarılmasıyla meydana gələn kövrək sülh ümidlərinə Suriyadakı silahlı müxaliflərin səsləndirdiyi bəyanatlar da kölgə salmağa başlayıb. Sözsüz ki, bu xaric səslərin ortaya çıxmasında xarici havadarlar arasındakı mövqe müxtəlifliyinin də öz payı var.

Körfəz ölkələrinə bağlılığı şübhə doğurmayan, məzhəbçi yanaşmalarıyla seçilən Suriya müxaliflərinin yaratdığı Müzakirə Yüksək Komitəsinin (MYK) Baş Koordinatoru Nasir Haririnin dünən axşam səsləndirdiyi bəyanat da sülh axtarışlarına kölgə salan ritorikalardandır. Bəyanatında MYK-nin hələ də Əsədsiz müvəqqəki hökumət prinsipindən vaz keçmədiklərini açıqlayan Hariri sülh danışıqlarının Soçi, Astana və sair formatlarda aparılmasına da qarşı çıxıb. Onun fikrincə, danışılar yalnız və yalnız BMT-nın nəzarəti altında Əsəd rejiminin iştirakı olmadan Cenevrədə aparıla bilər.

Dünən axşam MYK-nin Baş koordinatorluğu vəzifəsinə seçilən Həriri Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirdiyi mətbuat konfransında 28 noyabr tarixində Cenevrədə keçiriləcək Suriya müakirələriylə bağlı açıqlamalarında öz fikirlərini dilə gətirərək deyib:

"Suriya inqilabının prinsiplərinə bağlıyıq. Əsədsiz müvəqqəti hökumət mövzusunda ciddiyik. Suriya böhranının həllinə dair keçiriləcək hər yığıncağın Birləşmiş Millətlər Təşkilatının nəzarətində reallaşdırılmasını istəyirik".

Hariri Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoq Konqresi təşkil edilməsi təklifinin də siyasi həll prosesinə xidmət etməyəcəyinə inanır. Onun fikrincə, Cenevrə müzakirələrində eyni xətaya düşülməməli, hansısa xarici qüvvələrin iştirakı olmadan, yerli qüvvələrin birbaşa danışıqları əsasında, ciddi və açıq bir program daxilində masaya yatırılmalıdır.

Hariri MYK-nın dünən Riyadda keçirilən toplantısının müxaliflərin birləşməsi istiqamətində əhəmiyyətli addım olduğunu vurğulayaraq, deyib:  "Əsəd rejiminin müzakirə masasına oturmaması üçün artıq  heç bir bəhanəsi qalmadı”.

Xatırladaq ki, Cenevrədə gələn həftə başlayacaq Suriya görüşmələrinə MYK 36 nəfərlik nümayəndə heyətilə qatılacaq. Hariri fevral ayından bu yana həmin samitdə müzakirəyə qoşulan müxalifət heyətinə rəhbərlik edir. Onun sammitqabağı mətbuat konfranslarında Rusiya, İran və Bəşər Əsəd Suriyasından fərqli mövqe ilə çıxış etməsi, üstəlik, rəsmi Riyadın himayəsinə sığınması Yaxın Şərqdə suların durulmayacağından, məzhəb müharibələrinin yeni mərhələyə qədəm qoyacağından xəbər verir. Növbəti mərhələdə isə İŞİD-i Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin orduları əvəz edə bilər.

Qeyd edək ki, Fars körfəzində yerləşən ərəb ölkələrinin dəstəyi ilə yaradılmış İŞİD bu yaxınlarda İran, Rusiya və Livan Hizbullahı tərəfindən tamamilə məhv edildi. Terror təşkilatının Suriya və İraqda törətdiyi vəhşiliklər dünya ictimai rəyində nifrət yaratdığından Səudiyyə Ərəbistanı ilə köfrəz ölkələri də ona kifayət qədər dəstək vermədilər. Bunun başlıca səbəbi isə ərəb liqasının həqiqi “patronu” ABŞ-ın açıq şəkildə İŞİD-i müdafiə etmək istəməsindən qaynaqlanırdı.

Bir çox ekspertlərin təbiriylə desək, İŞİD-in məğlubiyyəti ABŞ və İsrailin məğlubiyyəti olduğundan super gücün bu uğursuzluqla barışmaq niyyəti isə yoxdur. İstər ABŞ prezidenti Tramp, istərsə də İsrail baş naziri Binjamen Netanyahu son vaxtlar dəfələrlə bunu etiraf ediblər. Deməli, Yaxın Şərqdə məzhəb müharibəsinin yeni və revanş mərhələsi  başlanmalıdır.

Növbəti mərhələyə isə rəsmi Riyadın patronnajlığı altında ərəb hərbi koalisiyası öz imicini dəyişdirərək və İranı terrorçu dövlət kimi tanıdaraq girmək istəyir.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 923          Tarix: 26-11-2017, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma