Xəbər lenti

  

ABŞ prezidenti Donald Tramp PKK-nın Suriya qanadı  PYD-yə silah yardımı göndərilməsi təlimatı verib.

Ovqat.com xəbər verir ki, Pentaqon da bu məlumatı təsdiqləyib.

Məlumat İlk əvvəl Reuters və AFP agentliklərinə adının açıqlanmasını istəməyən bir Amerika rəsmisi tərəfindən sızdırılmışdı. Daha sonra ABŞ müdafiə naziri James Mattis ilə birlikdə Litvaya gedən Pentaqon sözçüsü Dana Vayt da mövzu ilə əlaqədar yazılı açıqlama verib.

Açıqlamada PYD-yə silah yardımı qərarının koalisiya tərəfdaşlığı çərçivəsində verildiyini bildirən sözçü Türkiyənin də əndişələrinin fərqində olduqlarını etiraf edib:

“Türkiyənin təhlükəsizlik əndişələrinin fərqindəyik. Türkiyə hökumətinə və xalqına zəmanət vermək istəyərik ki, ABŞ-ın NATO-dakı müttəfiqini qorumaq və yeni təhlükəsizlik risklərinin qarşısını almaq öhdəlikləri var”.

Suriyada İŞİD-ə qarşı mübarizədə yeganə təsirli gücün Suriya Demokratik Gücləri (SDG) olduğunu bildirən sözçünün fikrincə, ABŞ Raqqada “açıq bir zəfər qazanmaq” üçün bu addımı atıb və “lazım gələcəyi təqdirdə Müdafiə Nazirliyinə SDG-nin kürd ünsürlərini silahla təchiz etmək səlahiyyəti verib”.

 

O, həmçinin ABŞ-ın Raqqanı və qurtarılacaq digər bölgələri ərəblərə buraxılmasında maraqlı olduğunu da bildirib.

Sözsüz ki, Pentaqon yetkilisinin bu fikirləri qətiyyən səmimi görünmür və istər-istəməz bu suallara yol açır: Raqqa və digər qurtarılmış, yaxud qurtarılacaq bölgələr ərəblərə veriləcəksə, PYD nə üçün başqasının qazancı naminə öz canını fəda etməlidir?

Digər tərəfdən ABŞ-ın məntiqinə inansaq, bölgənin yeganə təsirli hərbi gücü PYD-dirsə və o, əlavə silahla təchiz edilərək, daha da gücləndirilirsə, bölgələr İŞİD-dən xilas olunduqdan sonra hansı yerli güc kürd separatçılarını ordan çıxara bilər? Bu yalnız PYD-nin öz xoşuyla həmin əraziləri tərk etməsiylə mümkündür və növbəti sual ortaya çıxır: PYD bunu istəyərmi?

Əlbəttə, PYD-nin insafına buraxılmış vədlər Türkiyə üçün həqiqi zəmanət ola bilməz.

Bir başqa ABŞ rəsmisi Türkiyəni rahatlatmaq üçün PYD-yə veriləcək hərbi yardımların yalnız "kiçik silah-sursatlar, pulemyotlar, zirehli və zirehli olmayan vasitələr və texniki avadanlıqlar”dan ibarət olacağını bildirsə də, bu iddia da inandırıcı görünmür. Nədən ki, Pentaqon bu yetkini əldə etməmişdən qabaq belə, Türkiyəyə satmadığı ağır silahları  PYD-dən əsirgəmirdisə, bundan sonra eyni addımları atmayacağının təminatı da yoxdur.  

ABŞ-ın regiondakı qüvvələr nisbətini kürd separatçılarının xeyrinə dəyişdirəcək bu qərarının Türkiyə Prezidentinin Vaşinqton səfəri ərəfəsində verilməsi də anlamlıdır. Qeyd edək ki, Prezident Rəcəb Tayib Ərdoğan Soçidə Putinlə bir araya gəldikdən qısa müddət sonra Vaşinqtona-ABŞ-lı həmkarıyla  görüşə gedəcəkdi. Bu ayın 16-na planlaşdırılan səfər öncəsi Türkiyə Prezidenti ABŞ-la yaxın münasibətləri olan adamlarını Vaşinqtona göndərmişdi.

 

“Elçilər” arasında ABŞ Müdafiə naziri James Mattisin tələbə yoldaşı, Türkiyə Baş qərargahının sədri Hulusi Akar, yenə okeanın o tayında ciddi əlaqələri olan Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan və Prezident Aparatının sözçüsü İbrahim Kalın da vardı. Türkiyə nümayəndə heyətinin üçgünlük ciddi çalışmalarına baxmayaraq, Donald Trampın bu qərarının qarşısını ala bilməmələri Vaşinqtonun Ankaraya sərt zərbəsi kimi qiymətləndirilə bilər. Trampın bu qərarı əslində Ankarayla bütün əlaqələri kəsmək mənasına gəlir. Çünki R. T. Ərdoğanın Vaşinqton səfəri zamanı öz həmkarını ABŞ-ın kürd separatçılarını silahlandırdığını təqdiqləyən sənədlərlə tanış edəcəkdi. Tramp isə Ərdoğanın arqumentini kökündən çürütmək üçün kürd separatçılarını silahlandırmağı qanuni hala gətirdi.

Məhz bu faktlara əsaslanan CHP-nin sədr müavini və İstanbul millət vəkili Ərdoğan Toprak, Trampın həmin qərarla həmkarına “boş-boşuna zəhmət çəkib Vaşinqtona gəlmə” dediyinə inanır.

ABŞ-ın suriyalı kürd silahlılarını hərbi texnikalarla təchizetmə qərarına PYD də öz münasibətini bildirib. Təşkilatın həmsədri Saleh Müslim açıqlamasında bu qərarı təbii qarşılayaraq deyib:

"Raqqa əməliyyatı terrorizmə qarşı beynəlxalq koalisiyayla paralel irəliləyir. SDG-yə və onun bir parçası olan kürd döyüşçülərinə müttəfiqlərinin silah tədarük etmələri normaldır".

ABŞ-ın bu qərarı Türkiyəni Rusiyaya "hədiyyə etməkdən" başqa bir şey deyil.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 2 518          Tarix: 10-05-2017, 08:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma