Xəbər lenti

 

Bir müddət əvvəl Rusiyanın Soçi şəhəri çox mühüm bir toplantıya ev sahibliyi etdi. Bu məşhur kurort şəhərində Suriya Milli Dialoq Konqresinin ilk toplantısı keçirildi. Suriyanın taleyini həll etməsi planlaşdırılan, Rusiya, Türkiyə və İran tərəfindən təşkil olunan toplantı işə ciddi insidentlə başladı. Səbəb Suriyanın təmsilçiləri arasında Türkiyənin axtarışa verdiyi bir terrorçunun da yer almasıydı.

Buna etirazlarını bildirən bəzi müxalif nümayəndələr toplantı zalını tərk edib özlərinin təmsilçilik hüququnu Türkiyəyə verdilər. Həmin hadisələrdən sonra Soçi konqresinin necə keçirilməsi barədə hər hansı məlumat verilmirdi.

Türkiyənin “Yeni Şafak” qəzeti bugünkü buraxılışında toplantının bu bilinməzliyinə qismən aydınlıq gətirib. Konqresdə müşahidəçi qismində iştirak edən analitik yazar Bəkir Atacanın bildirdiyinə görə, Türkiyəyə bağlı müxalif qrupların iclası tərk etməsindən sonra toplantı gözlənilməz dərəcədə sakit keçib. Analitik bunu Suriya Milli Dialoq Konqresinə qatılanların əksəriyyətinin Bəşər rejiminin xüsusi xidmət orqanlarının işçiləri olmasıyla əsaslandırır:

"Əsəd Soçidə min 200 nəfərlik qrupun hamısını seçmiş və tamamilə idarəedilən şəxslər qismində oraya gətirmişdi. Suriyada bu oyunlardan xilas olmaq üçün yalnız Əsədin getməsi yetməz, sistem başdan-ayağa dəyişilməlidir".

 Konqresdə həqiqi müxalifətdən çox az sayda nümayəndə iştirak etdiyini deyən analitikin fikrincə, onlar da Amerika, Fransa tərəfindən dəstəklənən qüvvələr imiş: “Onların da rejimə qarşı ciddi bir mübarizələri yoxdur. Hamı eyni tərəfdə olduğundan konqres çox sakit keçdi. Rejim tərəfdarlarından bəzi qruplarla söhbət etmək imkanım oldu. Deyirlər ki, "Türkiyə bizim belimizi qırır. Türkiyə, müxalifətə dəstək olmasa onların səsi çıxmaz, çıxsa da silib atarıq. Digərləri onsuz da bizimlə eyni masada otururlar. Amma Türkiyənin dəstəklədiyi müxalifət dirənir. Yenə konqresə qatılan erməni əsillilərlə soyqırım iddiaları, PYD tərəfdarlarıyla Afrin əməliyyatı, Baas rejiminin bəzi təmsilçiləriylə Hatay məsələsi ilə əlaqədar müzakirələr apardıq. Türkiyə əleyhdarlığı hər kəsin ortaq nöqtəsidir, desək yalan olmaz. Amma rejim tərəfdarlarından orta yaş üstü bir təbəqə var ki, "Türkləri sevirik, könlümüz sizdən yanadır” - deyirdilər".




Ana səhifəyə qayıt        Baxış: 373          Tarix: 6-02-2018, 13:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma