Rusiya Suriyadakı hərbi bazalarında müdafiə potensialını gücləndirəcək.
Ovqat.com xəbər verir ki, bunu Rusiyanın Müdafiə Nazirliyi bildirib.
Nazirlik həmçinin Türkiyənin İdlibdə hələ qurub başa çatdırmadığı müşahidə nöqtələrinin Rusiya Hava-Kosmik Qüvvələri tərəfindən izlənəcəyini açıqlayıb.
Bu gün Moskvada mətbuat konfransı keçirən Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov da bu məlumatı təsdiqləyib. Sözçü deyib: "Türk tərəfinin üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq hələ öz müşahidə nöqtələrini qura bilmədiyi İdlibdəki gərginliyi azaltma bölgəsində Rusiya Hava-Kosmik Qüvvələri mütəmadi olaraq monitorinq fəaliyyəti aparır"
Qeyd edək ki, bir müddət əvvəl İdilibdə rus təyyarəsi vurularkən, Ovqat.com bunun Türkiyə-Rusiya arasında yaranan müttəfiqlik əlaqələrinə zərbə endirmək məqsədilə bəzi xarici kəşfiyyat orqanları tərəfindən törədilməsi ehtimalı üzərində dayanmışdı. Bildirmişdi ki, Astana sammitlərində Suriyanın şimalında döyüşsüz bölgələr yaradılması qərara alınmış, İdilib də Türkiyənin payına düşmüşdü.
(Baxın: MANPAD-ı müxaliflərə kim verib - “Ayı xidməti”, yoxsa ABŞ-PYD təxribatı?
Mülahizələrimizə görə, ABŞ və ona bağlı koalisiya qüvvələri Ankara-Moskva əlaqələrini pozmaq üçün qəsdən Türkiyənin nəzarətində olan bölgədən Rusiya təyyarələrinə hava hücumları təşkil edir və bunları Türkiyə tərəfindən dəstəklənən ASO-ya bağlı qüvvələr tərəfindən həyata keçirir.
İlk belə hadisə Afrin əməliyyatından bir neçə gün öncə Xmeymin aviabazasında törədilmiş, 13 pilotsuz təyyarə vasitəsilə rus təyyarələrinə hücum təşkil olunmuşdu. Bu hücumdan sonra Rusiyanın Suriya hava sahəsini “yad” uçuşlara bağlaması Türkiyənin planlaşdırdığı Zeytun budağı əməliyyatını təhlükəyə atmışdı. Türkiyə və Rusiya ordularının Baş qərargah rəislərinin danışıqlarından sonra Moskva qərarından vaz keçmiş və Zeytun budağı əməliyyatına başlamaq mümkün olmuşdu.
Həmin əməliyyatın sürətləndiyi bir ərəfədə ikinci təxribat hadisəsi kimi rus təyyarəsi vuruldu ki, məqsəd yenə eyni idi – Rusiya ilə Türkiyə arasında etibarsızlıq mühiti yaratmaq və Türk ordusunun Suriyada irəliləyişini əngəlləmək.
Məsələ burasındadır ki, Türkiyə özünə bağlı qüvvələrin təhlükəsizliyini təmin etmək məqsədilə öhdəsinə götürdüyü şərti olaraq 4-cü bölgə adlanan ərizədə vəziyyətə tam nəzarət etmək gücündə deyil. Bu isə ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən də dəstəklənən “mülayim” müxaliflərin kimliyini müəyyənləşdirmək problemindən irəli gəlir. Dini əqidə baxımından eyni qaynaqdan qidalanan cihadçıların tez-tez mənsub olduqları təşkilatları dəyişdirməsi bəzi təxribatçı qrupların ASO-da yer almasını asanlaşdırır. Nəticədə bir çox əl-Qaidənin törəməsi olan əl-Nusra cəbhəsi adlı təşkilatdan gələn ABŞ kəşfiyyatına bağlı qüvvələr rahatlıqla ASO-nun içərisində yuva salır. Türkiyə isə Astana sammitində əldə olunan razılığa əsasən, həmin radikal qüvvələri reabilitasiya etməli, bunun üçün öz hərbi qüvvələriylə İdilibdə ən azı 12 müşahidə nöqtəsi yaratmalıdır. Türkiyənin isə indiyədək yalnız 4 müşahidə nöqtəsi yaratdığı bildirilir. Beləcə, Ankaranın tam nəzarət edə bilmədiyi ərazilərdən Rusiya-Türkiyə arasındakı münasibətlərə kölgə salacaq təxribatlar törədilə bilir.
Sonuncu rus təyyarəsinin ABŞ istehsalı olan MANPAD silahı ilə vurulması Rusiyanı ən çox narahat edən problemlərdən biridir. Moskvanın bu narahatlığını Vladimir Putinin sözçüsü Dmitri Sergeyeviç Peskov da gizlətməmiş və keçirdiyi mətbuat konfranslarından birində demişdi: "Terrorçuların əlinə portativ (əllə daşına bilən) zenit raketlərinin keçməsindən çox narahatıq. Bu, təkçə bizim üçün deyil, bütün ölkələr üçün çox böyük bir təhdiddir".
Moskva öz təyyarələrinə MANPAD-lardan müdafiə üçün 5000 metrdən yuxarı məsafədə uçmaq təlimatı versə də, özünü təhlükədən tamamilə sığortalamış deyil. Nədən ki, bir nəfərin çiynində daşıdığı MANPAD-larla göydə olmasa belə, aviabazalara enib qalxan təyyarələri asanlıqla vurmaq mükündür. Bu qorxunc perspektivin qarşısını almaq üçün MANPAD raketlərinin mənzilindəki bütün ərazilər tam nəzarət altında götürülməlidir. MANPAD-ların mənzili isə 5 km-ə yaxındır və İdilibdəki meşəli dağlarda gizlənib rus təyyarələrini sapandla sərçə vuran kimi “dənləmək” olar. Bu isə Rusiya Hava-Kosmik Qüvvələrinin prosesə cəlb edilməsini, Ankaranın lütfünə bel bağlamamasını şərtləndirir və bir çox növbəti şübhəli oyunların oynanmasına şərait yaradır.
İki müttəfiq arasında etimadsızlıq mühitinin formalaşdırılması da elə bu cür başlayır.
Heydər Oğuz
Ovqat.com
Paylaş: