Heydər Əliyev Fondunun Qazaxıstan filialının Atrau şəhər Ağsaqallar Şurasının üzvü Abdullayev Çingiz İsmayıl oğlu həbs edilib.
Ovqat.com-a bu barədə məlumatı Çingiz Abdullayevin həyat yoldaşı, Abdullayeva Ruqiyyə Həsənqulu qızı verib.
Ucar rayonu Qazyan kənd sakini olan şikayətçi qeyd edib ki, ağsaqqalı oğlunun törətdiyi cinayətə tutublar.
İddiaya görə, ailənin oğlu Loğman Abdullayev bir neçə dostuyla əlbir olub Tofiq Zülfüqarov adlı vətəndaşı aldadaraq, bir neçə milyon dollar mənimsəməkdə günahlandırılır. Loğman Abdullayev bu əməlinə görə, Azərbaycan Respublikasının CM-nin 145.2.4, 170.3, 178.3.1,178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək, 15 il azadlıqdan məhkum olunub.
Ruqiyyə xanım oğluna istintaq prosesində ağır işgəncə verildiyini, 7 dırnağının çıxarıldığını, qabırğalarının və diz qapaqlarının sındırıldığını da iddia edir. “Əgər oğlum cinayət törədib, bunu səmimi şəkildə boynuna alırsa, nəyə görə ona bu cür işgəncə veriblər?”-deyən şikayətçinin ən çox anlamadığı isə həyat yoldaşının da həbsə məruz qalmasıdır: “Oğlum Loğman cinayət yolu ilə əldə etdiyi pulu atasına verəndə deməyib ki, dələduzluqla məşğul olmuşam. İndi bunu əsas gətirib qanunsuz olaraq həyat yoldaşımı da həbs ediblər. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Tamella Nəsirullayevanın sədrliyi ilə həyat yoldaşımın barəsində cinayət işinə baxılır”.
Həyat yoldaşının 4 il əvvəl Türkiyədə cərrahiyə əməliyyatı keçirdiyini, ürəyinə cihaz qoyulduğunu, həm də Hepatit-C xəstəliyindən əziyyət çəkdiyini bildirən Ruqiyyə xanım Çingiz kişinin buna görə 14 dəfə kimya terapiyası aldığını da vurğulayıb.
Məlumata görə, Abdullayev Çingiz Qazaxıstanda həbs olunaraq Bakıya gətirilib. Ata ilə yanaşı ailənin qızları Dilarə və İlahəni də hüquq mühafizə orqanlarına çağırıb həbslə təhdid edirlər. Hər halda Ruqiyyə xanım belə deyir.
Paylaş: