“Nüvə müqaviləsi uğurlu olacağı təqdirdə, ABŞ ilə digər mövzuları da müzakirə edə bilərik”.
Ovqat.com xəbər verir ki, bunu İran Xarici İşlər nazirinin müavini Abbas Ərakçı ölkəsinin rəsmi informasiya agentliyi İRNA-ya açıqlamasında bildirib.
Diplomat ABŞ hökumətinin İrana yönəlik siyasətinin "pisniyyətli" olduğunu, Vaşinqtonun nüvə müqaviləsinin müddəalarını pozduğunu iddia edib:
“ABŞ və Avropa Birliyi Tehrandan İranın balistik raket proqramı və Yaxın Şərqdəki nüfuzu ətrafında danışıqlar aparmaq istəyirlər. Bizim cavabımız bəllidir: Nüvə sazişinə yol verin, sonra digər məsələləri müzakirə edək. ABŞ və onun avropalı müttəfiqləri digər məsələlərin müzakirəsindən əvvəl nüvə müqaviləsinin uğurunu təmin etməlidirlər".
Əraqçının faktiki olaraq İranın Yaxın Şərq strategiyasını “hərrac”a çıxarmasına ilk reaksiya isə Vaşinqtondan yox, Tehrandan gəlib.
İslam İnqilabı Keşikçilər Korpusunun komandirinin müavini Məhəmməd Saleh Cukar Tehran ilə Vaşinqton arasında hər hansı müzakirədən söhbət gedə bilməyəcəyini bildirib. General tələbə xəbər agentliyi olan İSNA-ya açıqlamasında deyib:
"Biz ABŞ və Avropa ilə nüvə məsələ ilə əlaqədar müzakirələr apardıq və müqavilə bağladıq. Raket və müdafiə məsələlərində danışıqlar aparılası özgə sahə yoxdur. Qətiyyən başqa mövzuları müzakirə etməyəcəyik".
Qeyd edək ki, sözügedən nüvə proqramına dair saziş 20 ay davam edən danışıqlardan sonra 2015-ci ilin iyul ayında İranla P5+1 ölkələri arasında (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, İngiltərə, Çin, Rusiya, Fransa və Almaniya) imzalanmışdı. Müqavilə Tehranın nüvə proqramının sona çatdırılması müqabilində bu ölkəyə tətbiq olunan beynəlxalq sanksiyaların götürülməsini nəzərdə tuturdu.
ABŞ Prezidenti Donald Tramp isə keçən ilin oktyabr ayında Tehranın müqaviləyə riayət etmədiyini söyləmişdi. Bu açıqlamanın ardından ABŞ Konqresi İrana raket proqramı görə də yeni sanksiyalar qərara almışdı.
Avropa Birliyi isə, guya, nüvə müqaviləsinə fərqli yanaşsa da, Tehranın raket istehsalı məsələsinə münasibətdə bənzər mövqe tutur. Xüsuilə Fransa İranın raket proqramını ya danışıqlar, ya da sanksiyalar yolu ilə məhdudlaşdırmağın lazım olduğunu müdafiə edir.
Dünya dövlətlərinin bu cür məkrli mövqe tutduğu bir zamanda İran İslam İnqilabı Keşikçiləriylə hökumətin fərqli üslubda danışması da yeni deyil. Bir çoxları İranın “ikidilliyinin” yaxşı oynanan ssenari olduğuna inanırlar. Onların fikrincə, İran faktiki olaraq super dövlətlərə gözüylə him-cim, əməliylə isə öz bildiyini edir.
Prinsipcə, bu ikibaşlı siyasət indiyə qədər öz nəticələrini verib də. Məhz bu siyasətin nəticəsində ABŞ-ın basqılarından və hərbi müdaxilələrindən özünü sığortalayan İran qazandığı vaxtdan səmərəli istifadə edərək ortamənzilli raketlərini istehsal edə bilib. Mənzili 3000 km-ə qədər olan həmin raketlərlə o artıq İsraili və bəzi Avropa ölkələrini vuracaq potensiala sahib olub.
Paylaş: