Xəbər lenti
27-11-2024, 19:25

 

“Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilən, hazırda 13 saylı CÇM-də saxlanılan qardaşım Cahangir Hacıyev davamlı olaraq qeyri-insani rəftara məruz qalır”.

Ovqat.com xəbər verir ki, bunu məhbus bankirin bacısı Əminə Haciyeva prezident İlham Əliyevə ünvanladığı məkubunda bildirib.

Məktubda ötən həftə prezidentə müraciət etdiyini xatırladan Əminə xanım, növbəti məktubunu ictimaiyyətə açıq şəklində yazmağının səbəblərinə də aydınlıq gətirib. Onun fikrincə, məktubların ölkə başçısına çatmamaq ehtimalını nəzər alıb bu addımı atıb.

Bu gün “Turan” İnformasiya Agentliyində dərc olunan həmin məktubu Ovqat.com oxucularına təqdim edirik:

 

“Azərbaycan Respublikasının PrezidentiMöhtərəm İlham Əliyev Cənablarına

Hörmətli cənab Prezident!

 

Sizə 1 həftə öncə müraciət etmişəm, məktubun sizə çatıb- çatmadığına əmin olmadığımızdan mətbuat vasitəsi ilə də müraciət edirəm.

 

Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilən, hazırda 13 saylı CÇM-də saxlanılan qardaşım Cahangir Hacıyev davamlı olaraq qeyri-insani rəftara məruz qalır. Ötən ilin sentyabrından başlayaraq ailə üzvləri və mənim onunla görüşünə icazə verilmir, hətta vəkilləri də onunla görüşməkdən məhrum edilib, vəkillər işdən kənarlaşdırılır və cəzalandırılır.

Sağlamlıq vəziyyəti çox pisdir, Hoşimoto sindromu, hipertoniya xəstəliklərindən əziyyət çəkir, müalicə olmaq imkanlarından məhrum edildiyindən sonra xəstəlikləri kəskinləşir.

C.Hacıyevin külli miqdarda vəsaitin mənimsəməsi ittihamları məhkəmədə öz təsdiqini tapmadı. Lakin buna baxmayaraq mətbuatda onun haqqında ittihamedici materiallar dərc edilməkdədir, onun isə bu ittihamlara cavab vermək hüquqları əlindən alınıb, ötən ilin sentyabır ayında mətbuatda əsassız, təhqiramiz yazıya cavab verdikdən sonra o, bəhanə ilə karsa salınmış, bundan sonra ona qarşı təzyiqlər daha da kəskinləşmişdir.

Cahangir Hacıyev Dövlətimizə, Sizə sadiq şəxs olmuşdur. Sizin rəhbərliyinizlə ölkəmizin bank sektorunun inkişafında quruculuq işlərində onun zəhməti az olmamışdır.

Ədalətli mövqeyinizə əminliklə Sizə müraciət edərək, qardaşım Cahangir Hacıyevə qarşı davam edən belə qeyri-insani rəftarın qarşısının alınmasında bizə kömək göstərilməsini Sizdən xahiş edirik.

Hörmətlə, Əminə Hacıyeva”

Qeyd edək ki, Cahangir Hacıyev Ovqat.com-a verdiyi müsahibəsinə görə cəzalandırılaraq,  “karsa” salınmış, onun vəkillərindən birinə şiddətli töhmət, digərinin isə vəkilliyinə son verilmişdir. Saytımız isə bəlkə də media tarixində ilk dəfə müsahibə aldığına görə Azərbaycan Baş Prokurorluğu tərəfindən xəbərdarlıqla cəzalandırılmışdır. Hətta bu faktı nəzərə alan bəzi hüquq müdafiəçiləri, yarıciddi, yarızafarat, jurnalistika fakültələrində müsahibə janrının öyrədilməsinin qadağan olunması təşəbbüsü qaldırmışdılar.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 160          Tarix: 13-02-2018, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma