Xəbər lenti
27-11-2024, 19:25

 

Rüşvət ağır cinayətdir.  İctimai tarazlığı pozan, ədaləti ortadan qaldıran bu əməl bir çox neqativliklərin əsasını təşkil edir. Atatürkün “mülkün təməli ədalətdir” prinsipindən yanaşsaq, ictimai ədalətin ən böyük düşməni sayılan rüşvətxorluq sadəcə cinayət əməli də deyil, həm də dövləti təməlindən sarsıdan xəyanətdir. Təsadüfi deyil ki, bir çox toplumlar məhz bu cinayətin ucbatından geriləyir, dövlətlərin çoküşü rüşvətxorluqla başlayır. Hər bir dövlət də özünə qənim kəsilən bu mərəzə qarşı amansız mübarizə aparmalıdır.

Azərbaycan hüquq sistemi də rüşvətxorluğa qarşı amansız mübarizəni nəzərdə tutur. Necə ki, Cinayət Məcəlləsinin 311-ci maddəsində bu əmələ görə 4 ildən 10 ilə qədər cəza təyin olunub:

“Rüşvət alma (passiv rüşvətxorluq)

311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması —

 

— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma—

 

— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Amma...

Amması odur ki, bizdə rüşvətxorluqla mübarizə adətən işdən qovulmaqla tamamlanır. Son zamanlar Vergilər Nazirliyində olduğu kimi...

Gəlin, əvvəl xəbərini oxuyaq:

“Vergilər naziri Mikayıl Cabbarov daha 2 nəfər vergi orqanı əməkdaşını işdən azad edib.

“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal GəlirlərDepartamentinin əməkdaşları – Nurlan Verdiyev və Cavid (soyadı bizə məlum deyil – müəllif) Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən rüşvət alarkən saxlanılıblar.

 

Sözügedən şəxslər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən ifşa olunublar.

 

Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, rüşvət alarkən saxlanılan Nurlan Verdiyevin atası Mübariz Verdiyev isə bu ilin yanvar ayında Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin şöbə rəhbəri vəzifəsindən azad olunub”.

Sözsüz ki, bu sətirləri yazarkən biz heç də yeni Vergilər naziri Mikayıl Cabbarovun fəaliyyətə kölgə salmaq niyyətində deyilik. Əksinə, hesab edirik ki, gənc nazir öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Rüşvətxorları cinayət məsuliyyətinə cəlb etmək isə onun yox, hüquq mühafizə orqanlarının işidir.

Bəs, hüquq mühafizə orqanları öz vəzifə borclarını icra ediblərmi?

Nə yazıq ki, hüquq mühafizə orqanlarımızın rəsmi səhifələrində bu barədə hər hansı məlumata rast gəlmədik.  Ümidvarıq ki, bu barədə məlumatlar yaxın günlərdə ictimailəşdiriləcək. Əks halda, neqativliklərə qarşı mübarizənin yarımçıq aparılması heç bir effekt verməyəcək. Rüşvətlə böyük sərvət əldə edənlər yığdıqlarından bir qədər “xərcləyib” daha başqa sahələrdə daha yüksək vəzifələrə getməklə dəyirmana un üyüddürüb, çaxçaxa baş ağrıdacaqlar.




Ana səhifəyə qayıt        Baxış: 1 035          Tarix: 15-02-2018, 17:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma