ABŞ Dövlət Departamentinin sədri Reks Tillersonun Türkiyəyə son səfəri bütün dünya tərəfindən böyük maraqla izlənildi. Bu diqqətin başlıca səbəbi səfərdən öncə iki müttəfiq dövlət arasında ciddi ixtilafların çıxmasıyla bağlı idi. Xüsusilə prezident Rəcəb Tayib Ərdoğanın ABŞ-ı nəzərdə tutaraq, “görünür, Osmanlı silləsi yeməyib” şəklində açıqlaması Tillersonun Türkiyə yetkililəriylə görüşlərinin gərgin keçəcəyi mülahizələrinə yol açırdı.
Görüşlər isə gözləniləndən xeyli sakit keçdi, yaxud bu gərginlik mediaya əks etdirilmədi. R.T.Ərdoğanla görüşün 3 saat yarım çəkməsi isə hər şeyin göründüyü qədər yolunda getmədiyindən və tərəflərin bir çox məsələləri uzun-uzadı müzakirə etdiklərindən xəbər verirdi. Dövlət katibinin Türkiyə səfərinin sonunda keçirilən mətbuat konfransında ifadə etdiyi bəzi fikirlər tərəflərin danışıqlar zamanı iki dövlət arasında münasibətləri tənzimləyəcək 3 komitə qurmaq qərarına gəldiklərini göstərsə də, detallar açıqlanmırdı.
Ovqat.com xəbər verir ki, dünən Türkiyə dövlət orqanlarından mətbuata sızdırılan məlumatlar mart ayına qədər yaradılacağı gözlənilən 3 komitənin mahiyyəti barədə bir çox bilinməzlərə işıq tutur.
Bildirildiyinə görə, iki ölkə arasındakı problemli məsələləri müzakirə edəcəyi gözlənilən işçi komitələrində hər iki ölkənin Xarici İşlər, Daxili İşlər, Ədliyyə nazirlikləri ilə yanaşı, Silahlı Qüvvələrinin Baş qərargah təmsilçiləri və kəşfiyyat nümayndələri də yer alacaq. Komitələrdə PKK, YPG, FETÖ kimi terror təşkilatlarının taleyi, konsolluq məsələləri və S-400 kimi ağır mövzular müzakirə ediləcək. Komitələrdə iştirak edəcək şəxsləri hər ölkənin özü müəyyənləşdirəcək.
İki ölkənin nümayəndə heyətlərinə rəhbərlik edəcək şəxslərin kimliyinin isə bir-biriləriylə razılaşdırılması nəzərdə tutulur. Həm mülki, həm hərbçilərdən təşəkkül tapacağı qərarlaşdırılan komitələrdə Münbiç məsələsinin də müzakirə olunacağı gözlənilir. Ankaranın xüsusi həssaslıqla yanaşdığı Münbiç məsələsinin müzakirə olunacağı toplantılarda bu qəsəbəyə girən YPG-çilərin bölgədən geri çəkilməsi konkret təqvimə bağlanacaq.
Komitələrindəki müzakirələdə irəliləyiş əldə edilərsə, iki ölkənin xarici işlər nazirlərinin yenidən bir araya gəlmələri və yekun qərara imza atmaları planlaşdırılır.
Paylaş: