Xəbər lenti
Dünən, 19:25

 

Suriyada biraylıq “humanitar” atəşkəs qərarı BMT-də qəbul olunduqdan sonra hər kəsi bir sual maraqlandırdı: atəşkəs qətnaməsi Türkiyənin yürütdüyü “Zeytun Budağı” şamil olunacaqmı? Ən əsası, “dünya 5-dən böyükdür” deyib zaman-zaman mövcud qlobal sistemə etirazını bildirən Türkiyə həmin “beşliyin” qətnaməsinə necə münasibət göstərəcək?

Rusiyadan Küveytə qədər dünyanın bir çox dövlətlərinin BMT-dəki nümayəndələri sualın birinci hissəsinə konkret cavablar verdilər: qətnamə Suriyanın bütün ərazisində keçərli olacaq.

Diplomatların bu açıqlamalarından sonra gözlər istər-istəməz Ankaraya yönəldi. Əcəba, Ankara bu barədə nə düşünür?

Maraqlıdır ki, Ankaradan gələn ilk açıqlama atəşkəs qərarını dəstəkləmək oldu. Məsələylə əlaqədar bəyanat verən Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy BMT TŞ-nın qərarını məmnuniyyətlə qarşıladıqlarını bildirdi. Onun fikrincə, Türkiyə Suriyada atəşkəsin elanı və gərginliyin azaldılması istiqamətində həmişə əlindən gələni əsirgəməmiş və hər platformda bunu dəstəkləmişdir.

 Türkiyənin İdilibdə qurduğu 6 müşahidə nöqtəsinin də Ankaranın sülhpərvər səylərinin göstəricisi olduğunu vurğulayan Aksoy, Astana sammitindəki digər qarantor dövlətlərin isə öz öhdələrinə düşəni yerinə yetirmədiklərini vurğulayıb və fikrinin bariz nümunəsi kimi Şərqi Qutada yaşananları misal gətirib.

“Bu məsələdə narahatlığımızı rejimin qarantoru mövqeyindən çıxış edən Rusiya və İrana da bildirmiş, mülki vətəndaşlara qarşı hücumların və atəşkəs pozuntularının gərginliyi azaltma bölgələrindəki birgə səylərimizi iflasa məruz qoyduğuna diqqət çəkmişdik"-deyən Aksoy, kəsintisiz humanitar yardımın beynəlxalq hüququn tələbi olduğunu da xatırladıb.

Onun fikrincə, aclığa məhkumiyyətin dinc əhaliyə qarşı bir silah kimi istifadəsi yolverilməzdir: “Bugünkü qərarda da istinad edilən 2268 saylı BMT Təhlükəsizlik Şurası qərarının tam olaraq həyata keçirilməsi çağırışını dəstəkləyirik. Türkiyə indiyə qədər olduğu kimi, bundan sonra da bir tərəfdən, insani planda Suriya xalqının çəkdiyi əziyyətlərin azaldılmasına yönəldilmiş xidmətlərini və bu baxımdan başda BMT olmaqla beynəlxalq birliyin səylərini dəstəkləyəcək; digər tərəfdən isə, Suriyadakı humanitar böhranın kökündə yatan münaqişənin sona çatdırılmasında, Suriyanın ərazi bütövlüyünü və siyasi birliyini təhlükəyə atan terror təşkilatlarıyla mübarizə aparılmasında göstərdiyi təşəbbüsləri davam etdirəcək".

Aksoyun mövqeyindən də göründüyü kimi, Türkiyə BMT TŞ-nın sözügedən qərarını Suriya rejiminə şamil olunduğunu, Afrin əməliyyatını isə əhatə etmədiyinə inanır. Onun fikrindən belə çıxır ki, Ankara “Zeytun Budağı” əməliyyatını dayandırmayacaq.

Adı açıqlanmayan Türkiyə yetkililərinin NTV-yə verdikləri məlumatlar da bu ehtimalı təsdiqləyir. Rəsmilərin fikrincə, Türkiyə Suriyada döyüşən tərəf deyil və “Zeytun Budağı”  hərəkatı terrora qarşı aparılan bir əməliyyatdır. Dolayısıyla, bu qərar terrorizmə qarşı mübarizəyə şamil edilə bilməz.

Afrini terrorçulardan təmizləmə əməliyyatının BMT-nin özünümüdafiə hüququndan doğduğunu irəli sürən Türkiyə rəsmiləri qətnamədə atəşkəsin harda elan olunacağının açıq şəkildə göstərildiyini də vurğulayıblar. Qətnamənin 10-cu maddəsində bu nöqtələrin adı belə ifadə olunur: Şərqi Quta, Yermuk, Fua və Kefraya. Afrinin adı isə hazırlanan mətndə yer almır.

Türk rəsmiləri qətnamədə Afrinin nəzərdə tutulmadığını iddia etsə də, sənədin müəlliflərindən olan Küveytin BMT-dəki nümayəndəsi Mənsur əl-Uteybi fərqi fikirdədir. Həm də BMT TŞ-nın müvəqqəti sədri olan Mənsur əl-Uteybi səsvermədən əvvəl mətbuata açıqlamasında demişdi:

 “Qəbul olunması gözlənilən atəşkəs qərarı bütün ölkəni, o cümlədən Afrini də əhatə edəcək”.

Atəşkəsin son 72 saatdan sonra başlayacağını nəzərə alsaq, bu ziddiyyətli mövqelərdən göründüyü kimi, Türkiyənin davam etdirəcəyi “Zeytun Budağı” əməliyyatı yaxın günlərdə xeyli beynəlxalq qalmaqallar yaradacaq.

Ən əsası isə, bənzər arumentlərlə çıxış edəcəyi gözlənilən Suriya rejimi də Rusiya və İrana arxalanaraq, öz xalqına qarşı müharibəni davam etdirəcək. Rusiyanın BMT TŞ-dakı son davranışları da atəşkəsdə maraqlı olmadığından xəbər verirdi. Moskvanın müxtəlif bəhanələri ucbatından  sözügedən qətnamənin gözləniləndən bir neçə gün sonra çıxması da bu həvəssizliyin göstəricisidir. Məqsəd atəşi dayandırmaq olmayanda, sözsüz ki, müharibə üçün istənilən sayda bəhanələr tapmaq mümkündür. Rusiya isə əsl bəhanə uydurmaq ustasıdır. Eyni sözləri ABŞ və Suriyada bulunan digər qüvvələr haqqında da demək olar. Onlar da böyük ehtimalla atəşkəs rejimin pozulduğunu bəhanə gətirərək, savaşa qaldıqları yerdən davam edə bilərlər.

Bir sözlə, BMT TŞ-nın məlum qətnaməsi qətnamədən çox, ölü doğulan uşağa bənzəyir.




Ana səhifəyə qayıt        Baxış: 1 682          Tarix: 25-02-2018, 08:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma