Xəbər lenti

 

 

ABŞ-ın sabiq prezidenti Barak Obama ötən noyabr ayında keçirilən prezident seçkisindən dərhal sonra suriyalı kürdləri silahlandırma proyektini həyata keçirmək istəyib və seçkini yenicə qazanmış Tramp komandasına öz niyyətini bildirib. Məqsəd Türkiyəylə ABŞ arasında ciddi ixtilaflara səbəb olacağı gözlənilən qərarın məsuliyyətini gedərayaq bir hakimiyyətin boynuna yükləmək və onun varisinə rahat xarici siyasət meydanı yaratmaq imiş.

Ovqat.com xəbər verir ki, bu iddianı Obama hakimiyyəti dövründə Pentaqonda Yaxın Şərq məsələləri üzrə nazir müavini işləmiş Andreu Eksum irəli sürüb.

Bir zamanlar İraq və Əfqanıstan cəbhələrində də döyüşən və bölgənin hərbi vəziyyətinə yaxşı bələd olan Eksum “The Atlantic” dərgisinin internet saytında dərc olunan məqaləsində qeyd edir ki, təklifi yeni prezidentə götürən Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Susan Rays olub. Rays yeni komandandakı həmkarı (xələfi) Mayk Flinnlə görüşüb və Obamanın “fədakar” niyyətini ona çatdırıb. Türkiyəylə yaxın münasibətləri olan Flinn isə təklifi rədd edib.

Xatırladaq ki, Mayk Flinn Tramp hakimiyyətinin Rusiyayla yaxın əlaqələrdə günahlandırılaraq istefaya getməyə məcbur edilən ilk qurbanlarındandır. Onun milli təhlükəsizlik üzrə müşavirliyi heç bir ay belə, çəkməmişdi.

Eksum məqaləsində Trampın kürd separatçılarını silahlandırmaqla bağlı qərarına da münasibətini bildirib. O, qərarı dəstəkləsə belə, təhlükəli olduğunu da etiraf edib və fikrini 3 səbəblə əsaslandırıb:

“Birinci səbəb: PYD-nin silahlı qanadı YPG xarici terror təşkilatıdır, YPG ilə PKK arasında heç bir fərq yoxdur.

İkinci səbəb isə, bu qərarın Türkiyə ilə əlaqələri zəhərləyə biləcək (toxic) xarakterdə olmasıdır. YPG-ni silahlandıran hər kəs Türkiyə qarşısında bunun nəticələrini həzm etmək məcburiyyətində qalacaq. Bu, türklərin İncirlikdəki strateji hava bazasını qapatmalarına qədər gedə bilər ".

Üçüncü səbəb isə, yazara görə, qərarın Əsəd rejiminə qarşı verilən döyüşdə, bir növ, məğlubiyyət mənasına gəlməsidir: “Çünki YPG ilə Əsəd rejimi arasında yaxın əlaqələr mövcuddur”.

Eksumun bu etirafları Trampın Türkiyəni qəzəbləndirən qərarının hələ Obama hakimiyyəti dövründən gündəmdə olduğunu təsdiqləyir.




Ana səhifəyə qayıt        Baxış: 1 098          Tarix: 12-05-2017, 07:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma