Xəbər lenti

 

Müsahibə - II Hissə

(Əvvəli bu linkdə:

http://ovqat.com/manset/18749-srdar-claloludan-hycan-siqnal-azrbaycan-hrbi-poliqona-cevrilck.html

 

İstər Suriyada, istərsə də Liviya Misir və digər Yaxın Şərq ölkələrində yaşanan “ərəb baharlarını” incələyəndə qarşımıza bənzər hadisələr çıxır: bütün bu ölkələrdə proseslər söyüş, heykəllərin təhqir olunması, siyasi liderlərin şəkillərinin yandırılmasıyla başlanıb. Özü də məlum proseslər xarici dövlətlərdə, xüsusilə Qərb ölkələrində yaşayan mühacirlər tərəfindən idarə olunub.

Maraqlıdır ki, son zamanlar Azərbaycanda da söyüş kampaniyası başlanıb. Bizdə də Avropaya sığınan mühacirlər Azərbaycanın dövlət və siyasət adamlarını təhqir etməklə qalmır, onların şəkillərini yandırır, müxtəlif yerlərə yapışdırırlar. Üstəlik, məqsədlərinin Azərbaycanda çevriliş etmək olduğunu da gizlətmirlər.

Hakimiyyət nümayəndələri də bu qüvvələrin arxasında xarici xidmət orqanlarının dayandığını və ölkəni qarışdırmaq istədiklərini etiraf edirlər.

Bəs, siyasi texnologiya olaraq söyüş kampaniyası nədir və niyə bu cür metodlara əl atılır? Azərbaycanda da gedən bu proseslərin arxasında “ərəb baharları”nı hazırlayan qüvvələr varmı, yoxsa mühacirlər sadəcə ölkədən didərgin salınmalarının qisasını alırlar?

Prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğluyla söyüş kampaniyası ətrafında söhbətləşdik.

-Haqlısınız. Məni bir məsələ də düşündürür. Bir halda ki, Azərbaycanda aranın qarışması Rusiyanın maraqlarına uyğundur, həmin söyüş kampaniyasının bir qanadının Avropaya sığınmasına niyə “qoca qitə” icazə verir?

-Burada iki məsələ var: hüquqi və siyasi amillər. Hüquqi cəhətdən Avropa ölkələri BMT-nın müxtəlif konvensiyalarına əsasən, mühacirləri öz ərazisində yerləşdirməyə bilməz və o ölkələrdə mühacirlərin siyasi fəaliyyəti qadağan deyil. Baxmayaraq ki, həmin adamlar siyasi mübarizə yox, Azərbaycan ictimai siyasi güclərinə, sosial qruplara, ziyalı və din xadimlərinə, bir sözlə, bütün cəmiyyətə qarşı təhqir kampaniyası aparırlar. Beləliklə, həmin kampaniya təkcə hakimiyyətə qarşı yönəlmir, ölkənin müxtəlif kəsimlərini hədəfə alır. Bəzən elə qızışırlar ki, xalqı xüsusən qaçqınları belə təhqir etməkdən çəkinmirlər. Əlbəttə, Avropaya sığınan həmin mühacirlərin söyüş kampaniyasıyla Azərbaycanda vətəndaş qarşıdurmasının psixoloji əsaslarını yaratmaq cəhdləri mahiyyət etibarilə nə faydalandıqları beynəlxalq hüquqa, nə də Avropa ölkələrinin Azərbaycanla qarşılıqlı əlaqələrinə uyğundur.

Siyasi amillərə gəlincə, rəsmi Bakının bir çox qeyri-demokratik addımları, xüsusilə məhkəmələrin vicdan məhbuslarına yanaşma tərzi, hökumətimizin Avropa İttifaqı dəyərlərindən üz dönərməsi, nəhəng korrupsiya əməlləri, beynlxalq öhdəliklərin yerinə yetirilməsindən imtina etməsi  istər-istəməz Qərb ölkələrinin Azərbaycan hakimiyyətilə münasibətlərini korlayıb. Onlar artıq Azərbaycan hakimiyyətinin irəli sürdüyü arqumentlərə inanmırlar. Digər tərəfdən, Avropanın hüquq və siyasi ənənələrində ədalətli məhkəmə sistemi olmayan ölkələrin qaldırdığı hüquqı iddialara əhəmiyyət verilməməsi vərdişləri formalaşıb. Onlar hətta Azərbaycan hakimiyyətinin iddialarının haqlı olduğuna inansalar belə, öz ölkələrinə sığınan mühacirləri deportasiya edə bilməzlər. Çünki həmin mühacirlərin Azərbaycana ayaq qoyduqları anda hüquqi əsaslarla mühakimə olunacaqlarına da inanmırlar və təbii ki, siyasi dustaqların siyahısını artıqlamaq istəmirlər. Bütün bunlar onu göstərir ki, Azərbaycan hakimiyyəti beynəlxalq ictimaiyyət qarşısında yenidən inandırıcılıq qazanmaq, əvvəlki nüfuzunu bərpa etmək üçün təxirəsalınmaz bəzi islahatlar həyata keçirməlidir. Bu islahatlar məhkəmə sistemini və hüquq mühafizə orqanlarını da əhatə etməlidir. Yalnız bundan sonra Azərbaycana qarşı təxribat planı həyata keçirən həmin qüvvələri Avropadan tələb etmək olar.

-Sərdar bəy, yeri gəlmişkən, sizin də qatıldığınız debatda prezidentliyə namizədlərdən biri (düzdür, o fikri Hafiz Hacıyev səsləndirdi) çox ciddi bir məsələyə toxundu. Dedi ki, həmin mühacirlərə qarşı Azərbaycana düşmən qüvvələrin terror aktı törətmək ehtimalı var. Əgər həmin ehtimal doğrulsa, sui-qəsdin məsuliyyəti rəsmi Bakının üzərində qala bilər. Mühacirlər bu fikri hakimiyyətin təhdidi kimi qəbul etsələr də, açığını desəm, mən kifayət qədər ciddi qiymətləndirdim. Həqiqətən də xarici güc mərkəzlərinin Azərbaycanı qarışdırmaq niyyəti varsa, bu metod hədəfə gedən ən qısa yol kimi görünür. Sizcə, hakimiyyət narahatlıq doğuran ciddi təhlükələri niyə qeyri-ciddi adamlar vasitəsilə verir ki, bu da hökumətin öz təhdidi təəssüratı yaratsın?

-Mən deyə bilmərəm ki, bu fikirlər həmin prezidentliyə namizədin öz fikridir, yoxsa o, hökumətin sözçüsü kimi danışır. Amma məsələ burasındadır ki, həmin ehtimal istisna edilə bilməz. Avropada oturub Azərbaycanı söyən uşaqlar bu işi planlaşdıranların əlində vazkeçilməz, yerləri doldurulmaz adam deyillər. Əksinə, loru dildə desək, onlar şahmat taxtasının piyadalarıdır. Lazım gələndə kiçik məqsədlər üçün piyadalar qurban verilir.

Söyüş kampaniyası aparan həmin mühacirlər hər hansı siyasi hədəf də qarşılarına qoymayıblar. Əks halda, hansısa partiyanın, siyasi qurumun üzvü olardılar. Sizə sual vermək istəyirəm: bu söyüş kampaniyasını aparan həmin şəxslər hansı siyasi partiyanın üzvüdürlər? Özləri etiraf edirlər ki, heç bir siyasi qurmda təmsil edilmirlər. Siyasi mübarizə aparan insanların hakimiyyətə gəlmək məqsədləri olur. Heç bir siyasi qurumun üzvü deyillərsə, bu ritorika ilə hətta indiki iqtidar dəyişilsə belə, onların hakimiyyətə gəlmək şansları varmı? Əlbəttə yox.

Deyə bilərlər ki, bizim Azərbaycanda qohum-əqrəbalarımız əzilir, haqları tapdalanır, biz də buna görə söyüş savaşı aparırıq. Halbuki, onların kampaniyası bu gün nəticə etibarilə qohum əqrəbalarını çətin vəziyyətdə qoyur. Sabah isə ölkədə vətəndaş qarşıdurması yaranarsa, ilk zərbəni yeyənlər yenə onların yaxınları, qohumları ola bilər. Deməli, həmin kampaniyada iştirak edənlərin məqsədləri qohum-əqrəbalarının güzaranını düzəltmək də deyil. O zaman ortada yeganə versiya qalır: bu adamlar hansısa güclərin əlində alətə çevriliblər. Bütün kəşfiyyat orqanlarının istinad etdikləri yazılmamış bir qanun var: öz missiyasını tamamlayan bütün vasitələr əlavə yükə çevrilməməsi üçün sıradan çıxarılırlar. Üstəlik, həmin sıradan çıxarılma qlobal siyasi güc mərkəzlərini  hədəfə bir addım yaxınlaşdırarsa, tərəddüd belə etməzlər...

-Bununla da Azərbaycana terrorçu dövlət yarlığı yapışdırıla bilər.

-Azərbaycana təkcə terrorçu dövlət yapışdırmaq kifayətlənməzlər, ölkəmizin digər dövlətlərlə münasibətlərini pisləşdirə bilərlər. Məsələn, İngiltərədə Rusiyanın bir sabiq kəşfiyatçısına sui-qəsd düzənləndi. Özü də yalnız Rusiyada istehsal olunan zəhərlə. İndi biz bilmirik ki, bunu Rusiya, yoxsa başqa qüvvələr həyata keçirdi. Ancaq Rusiyanın təcrübəsində bənzər qətllər olduğu üçün şübhələr onun üzərində cəmləşdi. Ardınca bir çox dövlətlər Rusiyaya qarşı sərt tədbirlərə əl atdı. Əgər buna bənzər sui-qəsdlər mühacirlərə qarşı da törədilsə, bütün  variantlarda uduzan tərəf biz ola bilərik.

Bayaq da dediyim kimi, bütün sosial kataklizmlərdə pamflet mərhələsindən sonra iğtişaşlar, stabilliyin pozulması mərhələsi gəlir. Bunun üçün isə hansısa bəhanələr hazırlanmalıdır. Məsələn, Tunisdə bir adamın özünü yandırması ölkədəki bütün narazıları meydana tökdü. Bənzər hadisənin Suriyada da yaşandığını müşahidə etdik. Yaxud I Dünya müharibəsi bir sui-qəsd bəhanə edilərək başladı. Bu mənada Avropadakı söyüş söyən mühacirlərdən birinin başına bir şey gəlsə, bu, həqiqətən də Azərbaycan ictimaiyyətində ciddi dalğalanma yarada bilər. Çünki Azərbaycan ictimaiyyəti elə bilir ki, bu adamlar vətənpərvərdirlər. Halbuki, onlardan biri açıq şəkildə etiraf edir ki, Azərbaycanda olarkən deputatlardan birinin imkanlarından faydalanıb şantajla pul qazanırmış. Şantajla pul qazanmaq hara, siyasət, demokratik mübarizə hara? Digərlərinin də kimliyi araşdırılsa, bəlkə bənzər neqativliklər ortaya çıxar.

Söyüş kampaniyasında iştirak edənlər yalnız hakimiyyəti hədəfə almirlar. Bu gün prezident seçkilərinə qatılanlar da ən az hakimiyyət qədər söyülürlər. Bəzən sosial medaida özüm haqqında da yazılan söyüşlərə rast gəlirəm. Onların fikrincə, mənim yeganə günahım seçkidə iştirak etməkdir. Seçkidə iştirak hər bir vətəndaşın konstutision hüququdur və bu hüquqa hörmət etmək əvəzinə, bu hüquqdan istifadə etdiyimə görə  söyüşlə, təhqiramiz ifadələrlə qarşılamağım nə dərəcədə məntiqlidir? Yaxud Razi Nurullayevin haqqında elə təhqiramiz sözlər işlədirlər ki, tarixdə bu cür söyüşlərə rast gəlinməyib. Məsələn, Razi Nurullayevin rəhmətə getmiş anası barədə elə təhqiramiz ifadələrlə yazırlar ki , oxuyanda adam  iyrənir. Bu hərəkət həm də milli və dini dəyərlərin tapdanmasi deməkdir. Belə bir aforizm var: “cinayət törətmiş bütün qadınlar ana olunca əfv edilməlidirlər”. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bütün bəşəriyyət anaya bu cür yüksək qiymət verib, verməkdədir. Seçkidə iştirak etdiyinə görə bir insanın rəhmətə getmiş anasını söymək hansı əxlaqa sığar?

-Əlbəttə, əxlaqi deyil. Ümumiyyətlə, söyüş əxlaqi ola bilməz, o ki qala adi bir hadisə üçün ana söyülə. Amma Sərdar bəy, gəlin, onunla da razılaşaq ki, bir çox hallarda namizədlər də özlərini namizəd kimi aparmırlar. Məsələn, namizədsən, rəqiblərinə qarşı mübarizə apar, yaxud öz platformanı bəyan et. Müxalifət adına iddia edən namizədlər isə yeri gəldi-gəlmədi müxalifəti tənqid edirlər. Bəzən tənqidlərdə ədalət ölçüsü də itir. Bu da istər-istəməz sərt təpkilərə yol açır...

-Bu, bəyəm, imkan verir ki, kiminsə anasını təhqir edəsən? Bütün bu söyüş kampaniyasına baxmayaraq,  nə özümüz, nə tərəfdarlarimiz onlara adekvat çavab vermirik və verməyəcəyik də. Bununla da, bu kampaniyanın milli maraqlara uygun olmadığını bir daha göstərmək istəyirik.

-Sərdar bəy, amma müxalifətə müxalifətçilik edə-edə müxalifət adından danışmaq və hakimiyyətə mədhiyyələr söyləmək də heç bir ölçüyə sığmır.  Üstəlik, hədəfə götürdüyün müxalifət lideri səninlə seçki marafonunda rəqib belə deyil...

-Əvvəla, o debatlar çox qısa zamanlıdır. 7 dəqiqə vaxt verilir və sən bu müddət ərzində həm hakimiyyəti tənqid etməli, həm də öz platformanı ortaya qoymalısan. Bu da mümkün deyil. Məsələn, axırıncı debatda mən milli təhlükəsizlik məsələsiylə əlaqədar fikirlərimi tam mənasıyla dilə gətirə bilmədim. Hətta bu məsələylə əlaqədar bəzi komponentlərin adını da çəkib qurtara bilmədim. Çünki vaxt çatmır. Üstəlik, mövzunu da MSK müəyyənləşdirir. Sən istədiyin mövzuda danışa bilmirsən. Hərçənd bütün dünyada belədir. Amma xarici ölkələrdə namizədlərə geniş vaxtlar verilir. Pullu efir dəqiqələri bizdəki kimi ölkə stadartlarıyla müqayisədə astoronomik səviyyədə deyil və namizədlər öz fikirlərini daha əhatəli səsləndirə bilirlər.

O ki qaldı namizədlərin mövzudan kənara çıxmalarına və daha çox öz fərdi problemlərini gündəmə gətirmələrinə, hər bir namizəd təmsil etdiyi təşkilatın məram və niyyətini ortaya qoymağa çalışır. Məsələn, Razi Nurullayev siyasətə yeni gəlmiş adamdır. Onun bu seçkilərə qatılmasının yeganə səbəbi AXCP-yə sahib çıxmaqdır. Bir atalar sözü var: niyyətin hara, mənzilin ora. Ona görə də hər kəs öz niyyətini debatlarda reallaşdırmağa çalışır.

Mənim diqqətimi cəlb edən isə başqa bir məsələdir. Bilirsiniz ki, namizədlərdən 4-ü – Razi Nurullayev, Fərəc Quliyev, Hafiz Hacıyev və Qüdrət Həsənquliyev AXCP-dən ayrılıblar və əvvəlki hakimiyyətin təmsilçiləridirlər. Digər bir namizəd Araz Əlizadə isə AXC hakimiyyəti haqqında çox açıq şəkildə ağır ittihamlar irəli sürür. Amma AXC-nin siyasi mirasçılığına iddia edənlər onun ittihamlarına cavab vermirlər, xalqı isə özlərinə səs verməyə çağırırlar. Adama deyərlər ki, sən hələ keçmişin haqqında ittihamlara aydınlıq gətir, sonra camaatdan səs istə. Adama deməzlərmi ki, ay Fərəc Quliyev, sən AXC hakimiyyətinin Əli Əhmədovu idin, Elçibəy hakimiyyəti həqiqətən də bu xalqa xəyanət edibsə, sənin məsuliyyətin nə qədərdir? Xəyanət etməyibsə, niyə ittihamlar qarşısında susursan? Axı susmaq razılıq əlamətidir. Görürsən, Əli Əhmədov İlham Əliyevi necə müdafiə edir? Sən susursansa, belə çıxır ki, Araz Əlizadənin dedikləri haqdır. Elədirsə, sənin bu seçkilərdə iştirak etməyə nə kimi mənəvi haqqın var?

Yaxud eyni sözləri Qüdrət Həsənquliyev haqqında da demək olar. Çünki o da Elçibəy hakimiyyəti dövründə çox yüksək vəzifə daşıyırdı. O da deyə bilməz ki, bütün komanda xəyanətkar, mən isə düz yolda idim.

Razi Nurullayev AXC hakimiyyətində təmsil olunmasa da, hər halda Elçibəyin siyasi mirasçılığına iddialıdır. Elçibəyi özünün idealı bilən insanları özündə birləşdirən təşkilata rəhbərlik edir, amma ittihamları sükutla qarşılayır, elə bil deyilənlərin buna aidiyyatı yoxdur. Bunun əksinə, hökumət haqqında ən kicik tənqidə belə hakimiyət nümayəndəsi dərhal çavab verir.Debatlarda əsl paradoksal olan vəziyyətləri də budur.

-Bayaq adını çəkməsəniz də, əməlindən danışdığınız Vidadi İsgəndərli dünən çox önəmli bəyanat verdi. O, hakimiyyətdə müəyyən dairlərlə danışıqlar apardığını, atasının məzarını təhqir edənlərin sərt şəkildə cəzalandırılacağına dair hakimiyyətdən zəmanət aldığını və müvəqqəti olaraq təhqir kampaniyasını dayandırdığını bildirdi. Sözsüz ki, hər hansı cinayət əməlinə qarşı dövlət tərəfindən müvafiq ölçülərin götürülməsi müsbət haldır və qanunun tələbidir. Amma qanunun tələbinin ölkə rəhbərliyinin göstərişi ilə, özü də bu cür şantajdan sonra yerinə yetirilməsi istər-istəməz belə bir qənaət formalaşdırır: mövcud hakimiyyət ancaq bu cür ritorikadan anlayır və onunla təhqiramiz tərzdə danışmaq lazımdır. Sizcə, bu problem niyə vaxtında həll olunmur, ölkə rəhbərliyinin göstərişi gözlənilir? Ən əsası isə, gecikmiş geriçəkilmələr narazı kütləni təhqir kampaniyasına həvəsləndirmək deyilmi?

-Söyüş kampaniyası xarici güclər tərəfindən idarə olunur. Ona görə də həmin oyuna girənlər nə geri çəkilə, nə də fəaliyyətlərini zəiflədə bilərlər. Kim ki bu kampaniyanın başladılması barədə göstəriş veribsə, yalnız o, təhqir hücumlarını dayandırmaq imkanına malikdir . Kampaniyanın icraçıları kimdir ki, nəyəsə zəmanət versin...

-Başa düşürəm, amma bəzən gecikmiş addımlar hərəkətsizlikdən daha böyük problemlər yarada bilər. Sizcə, hakimiyyətin bu gecikmiş addımı nə dərəcədə rasionaldır?

-Mən də onu deyirəm. Demək istədiyim odur ki, hakimiyyətkilər də hər halda məsələnin mahiyyətini anlayırlar və icraçılarla danışıqlar aparmazlar.

O ki qaldı bu təhqir hadisəsinin araşdırılmasına və müvafiq ölçülər götürülməsinə, bunlar adi prossesual qaydadır. Azərbaycan qanunvericiliyə görə, qəbirlərin təhqir olunması cinayətdir və bu əməli törədənlər cəzalandırılmalıdırlar. O, cümlədən xaricdə oturub ölkə siyasilərini təhqir edənlərin əməlləri də cinayətdir. Tutaq ki, hüquq mühafizə orqanlarının onları himayə altında olduqlarına görə cəzalandıra bilmir.  Amma burdakı məlum cinayəti törədənlərin əməli mütləq öz hüquqi qiymətini almalıdırlar. Hətta Vidadi İsgəndərlinin bu barədə hüquq mühafizə orqanlarına müraciət etməsinə də ehtiyac yoxdur. Respublika Prokurorluğu bu faktı bilən kimi cinayət işi qaldırmalıdır.

Amma Azərbaycanda hüquq mühafizə orqanları o qədər bərbad vəziyyətdədir ki, öz funksiyasını yerinə yetirə bilmir. Bu da milli təhlükəsizliyimiz üçün problem yaradır. Çünki milli təhlükəsizliyimi təmin orqanlardan  biri də hüquq mühafizə orqanlarıdır. Son debatda vaxt çatmadığı üçün bunun üzərində dayana bilmədim. Əgər Cinayət Məcəlləsinin, Cinayət Prossesual Məcəlləsinin, Konstitusiyanın hər hansı müddəası pozulursa və hüquq mühafizə orqanları qanun pozuntularına qarşı aktiv və effektli mübarizə aparmırsa, bu o deməkdir ki, Azərbaycan dövlətinin milli təhlükəsizliyi çox böyük təhdid altındadır.

-Yəni siz hüquq mühafizə orqanlarının yarıtmaz fəaliyyətini də milli təhlükəsizlik məsələsi kimi qiymətləndirirsiniz?

-Əlbəttə. Milli təhlükəsizlik sisteminin 5  qolu var:

  1. MTN,
  2. Milli ordu,
  3. Səhiyyə sistemi,
  4. Hüquq mühafizə orqanları,

5 Maliyyə orqanları .

Bizim hakimiyyətdəkilər isə milli təhlükəsizlik deyiləndə yalnız MTN-ni başa düşürlər. Halbuki, səhiyyə sistemi də birbaşa milli təhlükəsizliyin əsas elementidir. Bilirsiniz ki, sovet hakimiyyəti dövründə bakteroloji silahlara qarşı mübarizə əsas prioritetlərdən biriydi və bu məsələ Səhiyyə Nazirliyinin birbaşa nəzarəti altında idi. Çünki bakteroloji silah deyəndə içməli suların zəhərlənməsi, düşmən dövlətin ərazisinə müxtəlif öldürücü virusların yayılması nəzərdə tutulur və buna qarşı mübarizəni də yalnız tibb mütəxəssisləri apara bilərlər.

-Sərdar bəy, siz Azərbaycanı gözləyən böyük təhlükədən çıxış yolunu nədə görürsünüz?

 

Ardı var

Söhbətləşdi: Heydər Oğuz,

“Hürriyyət”




Ana səhifəyə qayıt        Baxış: 1 388          Tarix: 26-03-2018, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma