Xəbər lenti

 

ADP sədri S.Cəlaloğlunun  növbəti prezident seçkilərində iştirak barədə qərarı cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə də gözlənilirdi. Siyasi aldanışa meyilli toplum və siyasətin yalnız düz xətt üzrə hərəkətdən ibarət olduğunu qəbul edən radikal düşüncəli insanlar belə hesab edirlər ki, əsas siyasi  müxalif qüvvələr bu seçkilərdə iştirak etmirsə və kiminsə iştirakı əsaslı dəyişiklərlə nəticələməyəcəksə, marafonda iştirak absurddur, ya da bu halda iştirak hakimiyytlə işbirliyinə xidmət edir.

Əlbəttə, istənilən halda müxalif siyasi qüvvələrin seçkilərdə birgə iştirakı, hər hansı bir liderin dəstəklənməsi demokratik dəyişiklərə inamı artırar və daha çox uğur əldə etməyə şans yaradır. Lakin çağdaş siyasi tariximizə nəzər salsaq üzü, 1993-cü ildən bəri müxalif qüvvələrin seçkilərdə birgə komanda ilə iştirakı belə, istənilən nəticəni verməyib. Deməli, uğursuzluğun kökünü başqa yerdə axtarmaq lazımdır.

Birinci növbədə, Azərbaycanda hakimiyyət dəyişikliyinin marağında olmayan beynəlxalq güclərin demokratik dəyişikliklərə dəstək vermək əvəzinə müxalif qüvvələrin apardığı mübarizədən hakimiyyətə təzyiq vasitəsi kimi yararlanıb merkantil maraqlarını təmin etmək istəyinin diqqətə alınmaması.

İkincisi, hakimiyyətə gəlmək istəyən liderlərin səngimək bilməyən birincilik iddiası.

Üçüncü, müxalif qüvvələr arasında səmimi iş birliyinin olmaması, əvvəlki illərdən fərqli olaraq xalqla əlaqənin lazımı səviyyədə qurulmaması. Siyasi təzyiqləri, televiziyanın müxalifətin üzünə bağlanması, KİV-in hakimiyyətin monopoliyasına keçməsi, söz, mətbat, sərbəst toplaşma azadlığının məhdudlaşdırılması, vətəndaş cəmiyyəti institutlarının sıradan çıxarılması, işsizliyin, sosial iqtisadi sıxıntıların xalqda yaratdığı ümdisizlik kimi faktları da deyilənlərə əlvə etsək nədən müxalifətin belə ağır duruma düşməsinin və heç bir uğur qazanılmamasının fərqində olarıq. Bəs nə etməli, doğrudanmı seçkilərdə iştirak etməməmək iştirakdan daha faydalıdır?

Əgər belədirsə, bu vaxta qədər münbit bir şəraitin olmadığı halda seçkilərdə iştiraka qərar verən  müxalif liderlərin istəyini hansı məntiqlə izah etmək olar? Doğrudanmı ayrı-ayrı liderlərin müxtəlif zamanlarda prezident və parlament seçkilərində iştirakını bu və ya digər formada hakimiyyətlə işbirliyinə getməsi kimi dəyərləndirmək lazımdır?

Fikrimcə, bu cür yanaşma seçki fəlsəfəsinin mahiyyətinə uyğun deyil və siyasi qüvvələr seçkilərdə iştirak məsələsini arxa plana keçirməməlidir.

Fərqli düşünməyi, hadisələrə daha geniş aspektdən yanaşmağı bacaran S.Cəlaloğlu belə hesab edir ki, seçkilərdə iştirak tam nailiyyət əldə etməyə imkan verməsə də, kiçik nailiyyətlər qazanmağa, xalqla təmasa, mövcud problemləri əldə edilən tribunadan xalqa çatdırmağa, teledebatlarda xalqa mesajlar verməyə imkan verir və bu baxımdan iştirak zəruridir.

Bildiyim qədər, S.Cəlaloğlu bu qərara gələnə qədər müxalifətin vahid namizədlə seçkilıərdə iştirakı üçün cəhdlər etmiş, danışıqlar aparmış və mətbuatda bununla bağlı öz fikirlərini səsləndirmişdir. Yalnız bu danışıqlardan müsbət nəticə əldə edilmədkdən sonra o, seçkilərdə iştirak barədə partiyanın çıxardığı qərara uyğun hərəkət etmişdir.

Keçdiyi 30-40 illik siyasi mübarizə yolu, zəngin mütaliəsi, dünya siyasi tarixinə yaxından bələd olması Sərdar bəyi bu seçkilərdə iştirak etməyə qərar verməyə gətiribsə, demək, əsasız önyarqılara, qarşı tərəfi hakimiyyətlə işbirliyində suçlamağa ehtiyac yoxdur. Bu baxımdan, mən siyasi analitik Azər Rəşidoğlunun və Müsavat partiyasının Avropa təmsilçisinin rəhbəri Eldəniz bəyin Sərdar bəyin bu seçkilərdə iştirakının düzgün qərar olması və digər müxalif qüvvələr tərəfindən onun vahid namizəd kimi dəstəklənəməsi barədə mətbuatda səsləndirdiyi fikirləri sağlam siyasi düşüncənin məhsulu hesab edirəm.

 

Nurəddin İsmayıl,

ADP sədrinin mətbuat məsələləri üzrə müavini




Ana səhifəyə qayıt        Baxış: 1 186          Tarix: 28-02-2018, 21:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma