Xəbər lenti
Dünən, 19:25

  

Azərbaycan müxalif qüvvələrinin ən nöqsanlı tərəfi öz içindən çıxmış siyasilərin üstündən asanlıqla xətt çəkməsi, “satqın” adlandırmasıdır. Zaman-zaman bu ittihamı biz hazırda siyasi arenada olan bütün liderlər haqqında irəli sürmüşük. 1993-cü ildən 2005-ci ilə qədər Elçibəyə xəyanət etməkdə günahlandırdığımız Əli Kərimli və onun ətrafındakılar bizim gözümüzdə satqın idilər. 2005-ci ildən Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Sabir Rüstəmxanlı və s. onları əvəz etdi. Bu gün seçki marafonuna qatıldığı üçün Sərdar Cəlaloğludan da şübhələnməyə başlamışıq. İndiyədək bu şəxsiyyətləri satqın elan etməyimizin isə bircə səbəbi var: adamlar (Sərdar Cəlaloğludan başqa) Milli Məclisin deputatlarıdır, ya da öz tənqidi fikirlərini bildirmək üçün fərqli platformalarda yer alırlar.

İstər vaxtilə hakimiyyətə işləməkdə günahlandırdığımız Əli Kərimlinin bu gün hakimiyyətə qarşı meydan mübarizəsində ön plana çıxması, istərsə də Sərdar Cəlaloğlunun teledebatlarda rejimə qarşı fikirlərini açıq şəkildə səsləndirməsi bizim müxalifət haqqında təsəvvürlərimizin nə qədər yalnış olduğunu təsdiqləyir. Müxalifətçiliyi yalnız meydanda hakimiyyətə qarşı mitinq keçirməkdə görməkdən qaynaqlanan bu təsəvvürün yalnışlığı bir neçə aspektdə özünü göstərir.

Əvvəla, müxalifliyi müəyyənləşdirən dəyər, qətiyyən, insanların harda dayanması deyil. Müxaliflik yürüdülən siyasəti bəyənməmək, bacardığın qədər ona qarşı çıxmaq, mübarizə aparmaqdır. Bu məntiqlə yanaşsaq, hətta hakimiyyətin ən yüksək orqanlarında oturub aparılan siyasətlə razılaşmamaq da müxaliflikdir. Müxalifliyin ən bəsit forması olan bu mövqeyə biz fikrən müxaliflik deyə bilərik.

Bir də feilən müxaliflik var. Feilən müxalifliyin isə 3 mərhələsi mövcuddur. Bu mərhələləri Məhəmməd peyğəmbərin cihadla bağlı dilə gətirdiyi bir hədis çox gözəl şəkildə ifadə edir: “Əllərinizlə, dillərinizlə, mallarınızla cihad edin”. Bu hədisdən də göründüyü kimi, dinimiz İslamda ədaləsizliyə qarşı mübarizənin 3 formasından bəhs edilir və bunlar aşağıdakı kimi sıralanır:

  1. Hərəkətdə mübarizə

Məhəmməd peyğəmbərin “əllə cihad” adlandırdığı mübarizə üsulu  ən radikal metod olub meydanda öz mövqeyini ortaya qoymaqdır. Yaşadığı dövrdə mübarizələr qılıcla aparıldığına və qılınc da əldə tutulduğuna görə peyğəmbər onu “əllə cihad” adlandırıb. Bu gün isə Azərbaycan müxalifəti dinc mübarizə metodunu mənimsədiyi üçün həmin adlandırma mahiyyətə uyğun gəlmədiyindən biz onu “hərəkətdə mübarizə” kimi səciyyələndiririk.

Hərəkətdə mübarizə cihadın ən yüksək forması olmasına baxmayaraq, bu qəhrəmanlığı hər kəsdən gözləmək yersizdir. Hətta Məhəmməd peyğəmbərin dövründə cəhalətə qarşı döyüşənlər Mədinədə - tamamilə başqa bir şəhər-dövlətdə toplansalar da, onların hamısından eyni qəhrəmanlıq gözlənilmirdi. Cəsarəti və fiziki imkanları müşriklərlə üz-üzə döyüşməyə çatanlar müharibələrə qatılır, digərləri isə ona maddi və mənəvi dəstək verirdilər.

Bu gün cəmiyyətimizdə də aktiv mübarizəyə qatılanların sayı çox deyil. Artıq neçə illərdir, Milli Şuranın keçirdiyi mitinqlərə qatılanlar say baxımından 10 mindən o tərəfə keçmir. Amma heç kim bu faktı əldə rəhbər tutub “Azərbaycan xalqının yalnız bir ovuc qismi mövcud hakimiyyətə qarşı müxalifətdədir” deyə bilməz. Bu iddia kökündən səhvdir və rejimin “müxalifətin sosial bazası yoxdur” arqumentini haqlı çıxarır. Heç kimə sirr deyil ki, hakimiyyətdəki bir çox vətənpərvərlərdən tutmuş yol süpürən qoca qadınlara qədər xalqın bütün kəsimləri daha yaxşı idarə edilməyə, yaşamağa, insan kimi diqqət və qayğı görməyə təşnədirlər. Deməli, aktiv mübarizəyə qoşulmayan böyük xalq kütləsini hakimiyyət tərəfdarı adlandırmaq səhv olduğu kimi, parlament mübarizəsinə üstünlük verənləri də Hadi Rəcəbliylə, Səyavuş Novruzovla eyniləşdirə bilmərik. İnsafən, zaman-zaman Qüdrət Həsənquliyevin, Fazil Mustafanın, yaxud Fərəc Quliyevin parlament çıxışlarında millətin dərdlərini dilə gətirdiyinin də şahidi oluruq.

 

  1. Dillə mübarizə

 

Cihadın ikinci mərhələsi olan dillə mübarizə formasında inananların cəhalətə, neqativ hallara qarşı açıq şəkildə etiraz etməsi nəzərdə tutulur. Bu məntiqlə, indiki rejimə qarşı fikirlərini açıq şəkildə dilə gətirənlər də müxalifdirlər. Onların gücü, yaşadıqları şərtlər dillə etiraza çatırsa, bu imkanlarını ortaya qoymağa şərait yaradılmalı və həmin adamlar “niyə meydana çıxmırsan” ittihamına məruz qalmamalıdırlar.

Hesab edirəm ki, bu gün parlamentdə oturub zaman-zaman hakimiyyətin hansısa siyasətinə qarşı çıxanlar da bu kateqoriyaya aiddirlər. Biz onları “satqın”, “hakimiyyətin adamları” adlandırıb özümüzdən ayrı salmamalıyıq. Əksinə, bu adamların  imkanlarından faydalanaraq, xalqımızın mənafeyinə olan addımlar atmağa həvəsləndirməliyik.

Onu da unutmamalıyıq ki, Qüdrət Həsənquliyevin, Fazil Mustafanın parlamentdə olması və ya olmaması rejimin formalaşmasında hər hansı rol oynamır. Bu adamlar mandatlarından imtina etsələr, onları Siyavuş Novruzovlar, Hadi Rəcəblilər əvəzləyə və xalqın səsi ümumiyyətlə boğula bilər.

Üstəlik, onların parlamentdə təmsil olunmasının əsas səbəbi siyasi mövqelərini dəyişdirmələrindən də qaynaqlanmır. Hakimiyyət xarici dövlətlərə özünü demokatik göstərmək üçün parlamentə bir neçə müxalifətçi salmağa məhkum olduğundan bu insanların deputatlığına göz yummalıydı və bunu da edib. Elə bir ehtiyac yaranmasaydı, bu gün daş-kəsəklə qarşıladığımız həmin adamların yerinə cəmiyyətimizdəki ən vicdansızları seçib əlinə mandat verərdilər.

Həmin seçilmişlərin getdikcə müxalifətdən uzaqlaşmasına gəlincə, bunun bir səbəbi hakimiyyətin basqılarıdırsa, digər səbəbi müxalifətin onları çıxdaş etmələridir. Bir növ biz həmin deputatları özümüzdən saymadığımız, təcrid etdiyimiz üçün onların başqa cinahda yer tutmasına özümüz şərait yaratmışıq.

 

  1. Malla mübarizə

 

Sirr deyil ki, bütün mütərrəqi mübarizələrdə hakim elitadakı vətənpərvərlərin müxaliflərə maddi dəstəkləri mühüm rol oynayıb və oynamalıdır. Necə ki,  Məhəmməd peyğəmbərin gətirdiyi dinin yayılmasında və indiki məqama gəlməsində dövrün xeyirxah insanlarının mallarıyla bu mübarizələrə qatqılarının misilsiz xidmətləri olmuşdur. Tövbə surəsinin 41-ci ayəsində "Mallarınızla, canlarınızla cihad edin!.." əmrinə uyğun olaraq, cihada maddi imkanlarıyla qatılan həmin şəxslərin xidmətləri yeri gələndə əlinə silah alıb vuruşanlardan az qiymətləndirilməmişdir. Bir çox hallarda hətta daha dəyərli hesab olunmuşdur. Təsadüfi deyil ki, müsəlmanların müşriklərlə ilk döyüşü olan Bədir savaşına qatılmayan, sonrakı müharibələrdə də xüsusi qəhrəmanlıqlarıyla seçilməyən Həzrət Ömər döyüşçüləri maddi imkanlarıyla dəstəklədiyinə görə böyük rəğbət qazanmış, hətta peyğəmbərdən sonra ikinci xəlifəliyə yüksəlmişdir.

İslamın böyük zəfərlərə imza atmasının əsas səbəblərindən olan bu tolerant yanaşma indiyə qədər uğur qazanan bütün inqilabi proseslərdə başlıca rol oynamışdır. İstənilən dəyişiklik prosesinin arxasında ciddi kapitalların dayandığı bu gün heç kimə sirr deyil. Xüsusilə kapitalist dəyərlərinin oturuşduğu indiki zamanədə heç bir maddi bazası olmayan proseslər arzulanan nəticəni əldə edə bilməzlər. Həmin kapital isə ölkənin öz daxili imkanları hesabına əldə olunmalıdır. Əks halda xaricdən axan kapitalla əldə edilən qələbə dövlətçilik maraqlarına xidmət etməz, Azərbaycanı müstəmləkəyə çevirən imperialist qüvvələrin siyasi investisiyası xarakteri daşıyar.

Azərbaycanın demokratik qüvvələri də inqilabi dəyişim prosesinə yerli kapitalı cəlb etməyə çalışmalı və bunun üçün isə ilk növbədə öz müxalifət anlayışını dəyişdirməlidirlər. Yalnız meydan mübarizəsini demokratikləşmənin yeganə şərti kimi görmək, təbii ki, hakimiyyətdəki mütərəqqi qüvvələrin  bu prosesə qoşulmasını əngəlləyir və müxalifətin marginallaşmasına yol açır. Marginal qruplarla mitinq keçirməklə isə son hədəfə varmaq mümkün deyil. Bu metodla yalnız I Dünya müharibəsindən əzilərək çıxan, bütün dövlət strukturları məhv olan Çar Rusiyası kimi zəif iqtidarlar üzərində uğur qazanmaq mümkündür ki, nəticəsi sinfi mübarizələrlə daha çox yıpranmaq və azömürlülük olar. Azərbaycanın o günə düşməsini gözləmədən demokratik qüvvələr öz sıralarını hər kəsə açmalı və ilk işə isə demokartik mübarizəsini başqa müstəvilərdə aparanları özününküləşdirməkdən başlamalıdır. Yalnız bu halda demokrtikləşmə prosesi millətin böyük əksəriyyətini əhatə edər və ümummilli ülküyə, hədəfə çevrilər. Əks halda biz parlamentdəki demokratik qüvvələrə və ölkədə dəyişiklik arzulayan insanlara sahib çıxmadıqca, hakimiyyətin sıralarını gücləndirmiş olarıq.

Heydər Oğuz

“Hürriyyət”




Ana səhifəyə qayıt        Baxış: 1 467          Tarix: 1-04-2018, 15:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma