Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı Şərqi Quta bölgəsinə kimyəvi hücum iddiası ilə başlayan böhran dərinləşir. Böhranın ilk günlərində hərbi müdaxilə niyyətini ortaya qoyan ABŞ məsələni BMT Təhlükəsizlik Şurasına daşıdı. Müzakirələrdə Rusiya veto hüququndan istifadə edərək, BMT-in qətnamə çıxarmasını əngəlləsə də, gərginlik səngimədi. Məlumata görə, Suriyaya gözlənən hərbi müdaxilənin Rusiya-ABŞ arasında savaş riski doğuracağı ehtimalını nəzərə alan prezident Donald Tramp Cənubi Amerika ölkələrinə səfərlərini təxirə saldı. ABŞ-ın müdafiə naziri Cim Mattis də cümə günü və həftə sonu planlaşdıran Nevada və San-Fransisko səfərlərini proqramından çıxartdı. Bütün bunlar ABŞ-ı yaxın günlərdə, hətta daha konkret desək, bu həftə ərzində Suriyaya hərbi müdaxilə edəcəyi ehtimalını ağla gətirir.
Məlumatlardan o da anlaşılır ki, körfəz ərəb ölkələri ilə yanaşı, ABŞ-ın digər strateji müttəfiqləri İngiltərə və İsrail də gözlənilən hücum zamanı Ağ evi tək buraxmayacaqlar. “Daily Mail” qəzetinin xəbərinə görə, artıq İngiltərə rəsmiləri tərəfindən hərbi orqanlara genişmiqyaslı əməliyyat hazırlığı barədə göstəriş verilib. İsrailin isə hətta əməliyyatları başlamamışdan əvvəl öz təyyarələri ilə Livan hava sahəsinə girdiyi və Suriyanın mərkəzində yerləşən hərbi aeroportlardan birinə 8 raket atdığı, o raketlərdən 2-nin hədəfi vurduğu bildirilir. Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri də hər zamankından daha çox İsrail və Qərb dövlətlərinin ən yaxın tərəfdaşına çevrilib.
Beləliklə, BMT TŞ-dan Suriyaya müdaxilə üçün lazımi qətnamə çıxmamasına baxmayaraq, tərəflərin bir neçə gün ərzində Yaxın Şərqdə kəllə-kəlləyə gəlməsinə dəqiq ehtimal kimi baxılır.
Gözlənilən savaşın digər cinahının tərəfləri isə bəlli deyil. Əsas qeyri-müəyyənlik isə Türkiyədən qaynaqlanır. Belə ki, bu zamana qədər Türkiyə Rusiya, İran və Suriyanın yanında görünürdüsə, Suriyaya hərbi müdaxilə ehtimalı gücləndikcə, onun yenidən əvvəlki mövqeyinə qayıtdığı müşahidə olunur.
Türkiyənin gözlənilən hərbi müdaxilə zamanı NATO-dakı müttəfiqlərinin yanında olacağı barədə ilk rəsmi mesaj ölkənin Baş nazirinin müavini Bəkir Bozdağdan gəlib. O, açıq şəkildə sözügedən hərbi müdaxilə ssenarisini müdafiə edərək deyib: "Beynəlxalq ictimaiyyəti Suriya rejimini dayandırmağa dəvət edirik".
Bozdağın bu çağırışına Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da dəstək verib. Prezident mövzuyla bağlı çxışında Suriyadakı rejimi hələ də müdafiə edənlərin olduğunu xatırladaraq deyib: “Ey Qərb, Şərq Qutada şəhid edilən bu insanlara nə zaman qayıdıb baxacaqsınız da, biz sizə "bunlar ədalətli davranır”, - deyəcəyik".
Sözsüz ki, rəsmi Ankaranın Suriya böhranında Qərbi “ədalətli davranışa” səsləməsi səbəbsiz deyil. Rusiyanın son zamanlar bütün Qərb dünyası tərəfindən təcrid olunması, bu ölkəyə qarşı sanksiyaların gücləndirilməsi və ardından Suriyada çətin vəziyyətə salınıb çəkilməyə zorlanacağı ehtimalı Ankaranı yenidən öz mövqeyinə nəzər salmağa vadar edir və bu da səbəbsiz deyil: heç kim cəhənnəmə gedənə yoldaşlıq etmək istəməz.
Digər tərəfdən, Türkiyə ən azı 100 ildən bəridir, indi qarşı çıxdığı Qərblə hərbi və iqtisadi cəhətdən inteqrasiya etmiş vəziyyətdədir. İqtisadiyyatı, hərbi potensialı tamamilə Qərb standartlarına uyğunlaşdırılmış qardaş ölkənin birdən-birə əzəli müttəfiqlərindən imtinası ciddi problemlərlə qarşılaşmasına səbəb ola bilər. Baxmayaraq ki, Rusiya bazarı da Türkiyə üçün böyük qənimətlər vəd edir, amma hərtərəfli sanksiyalardan sonra bu bazarın yaxın perspektivdə mövcud olub-olmayacağı və yaxud hansı vəziyyətdə olacağı bilinmir.
Ən əsası isə, Türkiyənin tarixi geostrateji maraqları həmişə Rusiya ilə toqquşub və toqquşmaqdadır. Perspektiv planda bu toqquşma özünü daha çox büruzə verəcək. Hər tərəfdən küncə sıxışdırılan Rusiya hələlik yaxın qonşuluqdakı əzəli düşməniylə mehriban dolanmağa məhkum olsa da, sabah eyni məhkumiyyətin davam edəcəyini gözləməyə dəyməz. Rus imperiyasının ən əhəmiyyətli tarixi hədəflərinin arasında Bosfor boğazına və Aralıq dənizinə sahiblənmək vardır və bu hədəflər Rusiyanın geopolitik mövqeyindən qaynaqlanır, o mövqeyi dəyişdirmək isə mümkün deyil. Çünki dünyanın ən geniş ərazilərinə malik olan bu dövlət üçün Aralıq dənizi “isti sulara” yeganə çıxış qapısıdır. Rusiya bu qapını tam ələ keçirə bilmədikcə, dünyanın super gücü olmaq niyyətini də reallaşdıra bilməyəcək.
Göründüyü kimi, rus imperialist hədəfləri birbaşa Türkiyənin ərazi bütövlüyünü təhdid edir və coğrafi yerləşmədən qaynaqlandığı üçün dəyişdirilməsi mümkün olmayan bu hədəflər istər-istəməz iki dövləti təbii düşmənə çevirir.
Üstəlik, Türkiyənin böyük dövlət olma yolundakı əsas hədəfləri də ənənəvi rus imperiyasının özününküləşdirdiyi coğrafiyalardır. Orta Asiyadan Qafqaza qədər tarixi türk torpaqları üzərində qurulan inteqrasiya proseslərini tamamlamadan Türkiyə dünya dövlətləri sırasında layiq olduğu yeri ala bilməyəcək. Ərdoğan hakimiyyətinin Türkiyə dövlətinin yarandığı gündən etibarən başlıca strateji hədəf kimi ortaya qoyduğu Türk Birliyi ideyasından uzaqlaşıb İslam Birliyi şüarı altında Yaxın Şərqə yönəlməsinin də heç bir effekt vermədiyi ortadadır. Ankara Yaxın Şərqə yönəldikcə, daha çox rəqiblərlə qarşılaşır və bölgə xalqları arasında liderliyi ələ ala biləcəyi xeyli müşkül görünür. Yaxın Şərq xalqlarının məzhəbi təmayüllərə bölünməsi bu bölgədə İranın və Səudiyyə Ərəbistanının liderlik şansını daha çox artırır və Türkiyə bu əzəli rəqabətdə sadəcə yardımçı faktor kimi ortaya çıxır. Bu cür bölünmədə isə onun qazanacağı regional düşmənçilikdən başqa bir şey olmayacaq. Ayrıca, bu bölünmədə də məcburən ya Rusiya ilə qarşı-qarşıya gəlməli, ya da sünni cizgidən ayrılmalıdır ki, bu da mümkün deyil. Görünür, Ərdoğan hakimiyyətinin son zamanlar islamçılıqdan uzaqlaşıb yenidən Türkiyənin ənənəvi cizgisinə yaxınlaşmasının əsas səbəbərindən biri də bu zərurətdən qaynaqlanmaqdadır.
Türkiyənin yenidən millətçi cizgiyə qayıtması isə istər-istəməz Rusiya ilə kəllə-kəlləyə gəlməsini şərtləndirir. Nədən ki, milliyyətçi Tükiyənin əsas hədəfində, bayaq qeyd etdiyimiz kimi, Orta Asiya və Cənubi Qafqaz olub, olmalıdır da. Bir zamanlar Atatürkün dediyi kimi, Rusiya güclü olduğu üçün bu iddiasından bir müddətliyə vaz keçən Ankara, sözsüz ki, əzəli təbii düşməni zəifləyən kimi yenidən öz hədəflərinə qayıtmalıdır.
Belə bir şəraitdə Azərbaycan prezident seçkilərinə gedir. Kim bilir, bəlkə də bugünkü eçkilərin 6 ay əvvələ çəkilməsi də bu zərurətdən qaynaqlanır. Görünür, Azərbaycanın da qarşısında ciddi beynəlxalq tələb qoyulub-öz tərəfdaşını müəyyənləşdirmək tələbi: ya 200 illik əsarətində qaldığı rus sevdasından vaz keçməli və Qərbə inteqrasiya prosesini Türkiyə vasitəsilə davam etdirməli, ya da cəhənnəmə gedən 200 illik ağasıyla bərabər olmalıdır. Qədim dövlərdəki ağasıyla birlikdə basdırılan qullar kimi.
Prezident seçkilərindən sonra Azərbaycanda qanunən yaranan vəziyyət də rəsmi Bakıya öz mövqeyini aydın şəkildə ortaya qoymaq imkanı verir. Zira qanuna görə, prezident seçkilərindən sonra mövcud hakimiyyət istefaya gedir və ölkə başçısı yeni hökumət qurur. Deməli, yeni hökumət quruculuğunda Azərbaycan siyasi iradəsi öz oriyentasiyasını da ortaya qoyacaq: köhnə qvardiya ilə yola davam Rusiyanın himayəsi altında qalacağımızın, yeni komanda isə Qərbə yönəlməyimizin siqnalı olacaq.
Son seçki prosesində Azərbaycan hakimiyyətində haçalanmanın açıq şəkildə özünü göstərməsi də bu beynəlxalq sifarişdən qaynaqlana bilər. Sirr deyil ki, 2016-cı ildə Konstitusiyamızın dəyişdirilməsindən sonra ortaya çıxan, son seçkilər ərəfəsində isə daha da böyüyən bu haçalanmada iki tərəf mövcuddur və son iki ildə Qərbyönümlülərin kadr islahatlarında ön plana çıxdıqları, əsasən iqtisadi sahələrə nəzarəti ələ keçirməyə çalışdıqları da diqqətlərən yayınmır.
Bununla belə, Azərbaycan siyasi iradəsinin seçkilərdən sonra öz qərarını verməsi asan olmayacaq. Ölkəmiz transmilli enerji layihələri ilə iqtisadi cəhətdən Qərbə bağlansa da, hərbi-təhlükəsizlik baxımından hələ də Rusiyanın təsir dairəsindədir. Rusiya çöküşünü tamamlamadan bizim bütün strukturlarımızla Qərbə inteqrasiyamız isə laqeydliklə qarşılanmayacaq. Qərbə inteqrasiya yolunun tutulmaması isə bir çox iqtisadi sanksiyalarla qarşılaşmağımız deməkdir ki, bu da ciddi nəticələrin ortaya çıxması anlamına gəlir.
Bir sözlə, sabahdan Azərbaycan hakimiyyəti qarşısında iki riskli situasiyadan birini seçmək zərurəti yaranır və bunlardan hər ikisinin nəticəsi ölkəmizdə böyük dalğalanmalar yarada bilər.
Heydər Oğuz
“Hürriyyət”
Paylaş: