Xəbər lenti

  

Sərdar Cəlaloğlu: “Bunlar şəxsi maraqlar naminə müttəfiqlərinə düşmənçilik etməyə hazır olan təhlükəli adamlardır”

 

Azərbaycan Prezidentliyinə keçmiş namizəd Sərdar Cəlaloğlunun Versus.Az-a müsahibəsi

 

- Sərdar bəy, prezident seçkilərində qazandığınız səs faizinə görə 8 namizəd arasında 4-cü yerdə dayandınız. Bu nəticəni necə dəyərləndirərdiniz?

 

“Cəmil Həsənliylə İsa Qəmbər o zaman 30-40 partiyanın dəstəyilə 5 faiz səs toplaya bilmişdilər”

 

- Mən seçkidə gözləntilərimdən artıq nəticələr əldə elədim. Hesab edirəm ki, bu, resurslarımızla, mənə qarşı mübarizə aparan qüvvələrlə, bundan əvvəl müxalifətin seçkilərdə əldə etdiyi nəticələrlə müqayisədə çox böyük nəticədir. Bundan əvvəl Cəmil Həsənli və İsa Qəmbər də prezident seçkilərində iştirak ediblər. O zaman onlara 30-40 partiya dəstək verb. Cəmil Həsənli AXCP və Müsavatın namizədi olub və 5 faiz səs toplayıb. Mən tək ADP sədrinin namizədi olaraq 3 faizdən artıq səs toplamışam. Faktiki olaraq bu, 30-40 partiyanın toplaya biləcəyi səsdən də artıqdır. Təbii ki, 1-ci yerə çıxıb prezident ola bilməmişəm və bu məğlubiyyətdir. Amma qeyri-bərabər döyüşdə məğlubiyyətin özü də qələbədir. Bu mənim üçün böyük nailiyyətdir. O baxımdan mən seçkilərdəki nəticələrimi qələbə kimi dəyərləndirirəm.

 

“Ən yaxın dost bildiklərim də mənə dəstək vermədilər”

 

- Sərdar bəy, bir neçə partiya sizi müxalifətin namizədi kimi qəbul etdi. Digər qismi isə sizi hakimiyyətin sifarişi ilə hərəkət etməkdə qınadılar, seçkini boykot etməyə çağırdılar. Bunları da nəzərə alsaq, seçki ərəfəsində müxalifətdən hansı dəstəyi görə bildiniz və hansı yanlışlıqlarla qarşılaşdınız?

 

- Əvvəla onu deyim ki, ALDP-ni çıxmaq şərtilə, Azərbaycan müxalifətinin böyük bir hissəsindən heç bir dəstək görmədim. Əksinə, bu seçkidə bir qısqanclq, ögeylik, soyuqluq və bir məsafə hiss elədim. Hətta ən yaxın dost bildiyim adamlar da mənə dəstək vermədilər. Sanki bu seçki dünyanın axırı idi və bundan sonra nə SİYASİ həyat olacaqdı, nə də fəaliyyətimiz...

Yadınıza salıram, 1998-ci ildə SİDSUH seçkiləri boykot edəndə Etibar Məmmədov seçkiyə getdi. O vaxt Əbülfəz bəy dedi ki, seçkini boykot eləsək də, Etibar bəyin seçkidə iştirakına dəstək verməliyik. Yəni millətinin gələcəyini görən, xalqını, dövlətini düşünən təfəkkürlü adam belə olar. İndi yalandan “biz Elçibəyin varisiyik”, “biz Elçibəyin “şinelindən” çıxmışıq” deməklə demokratiklik nümayiş etdirmək olmaz.

 

“Guya adamlara müxalifət vəsiqəsini bunlar verirlər”

 

Bəli, mən müxalifətin nümayəndəsiyəm və narazı elektoratı təmsil edirəm. Amma bunlar özlərini bir “pasportstol” kimi aparırlar. Guya adamlara müxalifət vəsiqəsini bunlar verirlər. “Yox, bu müxalifət deyil, müxalifət mənəm”, yaxud “sən düz demirsən, yalnız mənəm haqlı”. Dünənə qədər hökumətin bir mandatı ilə əqidəsindən dönən, gedib parlamentdə oturan, xalq üçün real dəyişilmələr olan illərdə ona xəyanət edən adamlar indi Sərdar Cəlaloğlunu seçkidə iştirak etdiyinə görə az qala “xalq düşməni” elan ediblər. Çox maraqlıdır ki, bu müxalifət İlham Əliyevlə apardığı mübrizəylə mənimlə apardıqları mübarizəyə heç bir fərq qoymadı. Yəni faktiki olaraq mənə qarşı da eyni qaydada əks təbliğat qurub, qara piar aparıb, söyüşlər, təhqirlər, böhtanlar yağdırdılar.

 

Amma xalq kimin kim olduğunu gördü. Özlərinin vicdanları varsa deyərlər ki, seçkidən qabaq cəmiyyətdə mənə münasibət necə olub. Yəni adamlar seçkidə gəlib mənə səs veriblər ya yox. Yoxsullar, işsizlər, torpağın azadlığı yolunda canından keçən əlillər, qaçqın-köçkünlər –Azərbaycan cəmiyyətinin sadə xalq dediyimiz hissəsi mənə səs verib. Mənə çatmır, bunun hökumətlə nə əlaqəsi var. Yəni hadisələrə bu dərəcədə vicdansızcasına yanaşmaq olmaz. Bunu yenə də onların öz vicdanlarına buraxıram. Mən bu seçkilərdə həqiqətən xalqın dilində danışdığıma və ideyalarımın hamısı kifayət qədər radikal, geniş xalqın maraqlarına cavab verdiyinə görə çox ciddi dəstək almışam. Biz bundan sonra da bu siyasətimizi davam etdirəcəyik.

 

 

- Bu seçki sizə hansı təcrübəni qazandırmış oldu və gələcəkdə müxalifətdəki dostlarınızla bağlı necə addımlar atmağı düşünürsünüz?

 

- Seçkilərdəki iştirakım göstərdi ki, problemlərin şəxsiləşdirilməsi yox, ictimailəşdirilməsi insanları daha çox cəlb edir. Bu, insanları öz talelərinə biganə qalmaqdan azd edir. Biz bundan sonra problemləri şəxsləşdirmə siyasətindən imtina edəcəyik. Tamamilə fərqli siyasət aparacağıq. Eyni zamanda ADP-nin 2005-ci ildə irəli sürdüyü konstruktiv müxalifət mövqeyni davam etdirib, genişləndirəcəyik. Artıq bu seçki bizim bu müxalifətlə münasibətlərimizi də birdəfəlik həll etdi. Düşünürəm ki, artıq AXC-Müsavat cütlüyü ilə yollarımız ayrıldı. Çünki vaxtilə mən bunların seçkisi uğrunda gedib həbsxanada yatmışam, sağlamlığımdan keçmişəm, işkəncələrə məruz qalmışam. Bunlar isə əksinə etdilər. Ən azı diqqət, vəfa borcu xatirinə sussaydılar, yenə də keçmək olardı. Amma aktiv şəkildə əleyhimə təbliğat apardılar. Bu, siyasi etikaya sığmır. Bu seçki bir daha göstərdi ki, bunlar şəxsi maraqları naminə öz müttəfiqlərinə düşmənçilik etməyə hazır olan təhlükəli admlardır.

 

“3-5 minlik mitinqinizin heç bir nəticəsi olmayacaq”

 

- Müxalifət partiyaları ilə əməkdaşlıq, birliyin qurulması yönündə növbəti addımlarınız nə olacaq?

 

- Mən seçkidən qabaq müxalifətin birliyi məsələsini qaldıranda  Müsavat Partiyası ilə AXCP-nin kənarlaşdırılmasının əleyhinə çıxmışam, birlikdə mübarizə aparmağın, birliklərin bu partiyaların iştirakı ilə qurulmasının tərəfdarı kimi çıxış etmişəm. Yoldaşlarım mənə deyirdlər ki, bunlar sən düşündüyün qüvvələr deyil. Fikirləşmişəm ki, yəqin qərəzli münasibət var, ona görə belə deyilir. Amma seçkilərdə, bu  davranışlarını müşahidə edəndən sonra  gördüm ki, çox yanılmışam. Bu revanşlı insanlar iqtidara qarşı qısqanclıq nümayiş etdirmirlər, onlar həm də müxalifətdə istənilən yeni səsə, yeni əqidəyə qarşı qısqanclıq edirlər. Onlar müxalifəti monapoliyaya almaqla məşğuldurlar. Normal halda ağıllı müxalifət öz düşərgəsini genişləndirər, iqtidarın yanındakı qüvvələri öz yanına çəkər. Bunlar isə müxalifət cəbhəsini elə daraltmaq istəyirlər ki, ora özlərndən başqa ikinci bir qüvvə sığışmasın. Təbii ki, çərçivə nə qədər dar olarsa, nəticə də bir o qədər az olacaq. Kimsə Qərbdən onlara madi-mənəvi dəstək verəcək deyə müxalifətçiliyə iddia edirlər. Bunların bu seçkidə əsas fəlsəfəsi bundan ibarət olub ki, “ay dünya bilin, əgər 5 qəpik pul verəcəksinizsə, verin bizə, çünki müxalifət yanız bizik”. İndi heç kəs pul vermir, məsələ bu deyil. Onların düşüncəsi, ağlı ona yönəlib ki, Azərbaycan xalqına bir mesaj verib, “sənin haqlarını yalnız mən müdafiə edirəm” mesajını versinlər. Sən onun haqqını necə müdafiə edirsən ki, meydanlara yalnız hakimiyyət uğrunda mübarizə üçün  çıxırsan.

 

“Müxalifətin cəbhəsini genişləndirmək əvəzinə aşılanması ilə məşğuldurlar”

 

Fikir verdinizsə, mən prezident seçkiləri ilə bağlı çağırışlar eləmədim. Xalqın hansı problemlər yaşadığını nümayiş elətdirdim. Belə düşünürəm ki, artıq bu revanşlı qüvvələrlə Azərbaycanda müxalifətin birlik platformasını yaratmaq mümkün olmayacaq. Bu cür revanşlı qüvvələrlə bizim bir daha biryerdə olmağımız mümkün deyil, yollarımız ayrılır. AXCP-Müsavatın 20 illik siyasəti göstərdi ki, bu müxalifət bu partiyalarla 20 il bundan sonra da birgə mübarizə aparsa, nəticəsi sıfırdan artıq olmayacaq. Çünki yanlış siyasi yoldadırlar, yanlış siyasi təfəkkürə malikdirlər. Yeni siyasi texnologiyalardan istifadə etmək qabiliyyətləri yoxdur. İnnovasiya xəstəliyinə tutulublar. Hər hansı yeni fkir, yeni ideya, yeni təşkilat, yaradıb müxalifətin cəbhəsini genişləndirmək əvəzinə aşılanması ilə məşğuldurlar. Getdikcə daha çox marginallaşmağa başlayıblar. Məhdud 3-4 nəfərin dairəsində “havaya girib” özlərini əsas müxalifət sayırlar. Demək istəyirlər ki, guya xalqın yolunda şəhid olmağa hazırdılar. Amma faktiki olaraq xalqın yolunda şəhid olanlar bu qüvvələrdən kənardakı adamlardır. Ona görə də hesb edirəm ki, biz Müsavat və AXCP ilə yollarımızı ayırmalıyıq və bu, çox ciddi bir qərardır.

 

“Sabah mitinqə gedirlər - toydan sonra nağara...”

 

- Sərdar bəy, sabah yenə mitinqdir...

 

- Baxın, onlar məni ittiham edirlər ki, seçkilərin nəticəsi əvvəldən məlum idi, onsuz da İlham Əliyev seçiləcək, niyə gedirsən. İndi mən sual verirəm: onsuz da sizin 3-5 minlik mitinqin heç bir nəticəsi olmayacaq, niyə keçirirsiz? Siz bu mitinqlərdə nə deyəcəksiniz ki, mənim 10 milyonun qarşısında dediklərimdən yaxşı olacaq? Ən azı mən seçkinin verdiyi imkanlarından istifadə edib problemləri tam çılpaqlığı ilə ortaya qoydum. Vətəndaşların düşdüyü vəziyyəti açıq şəkildə təsvir elədim və iqtidarın nöqsanlarını göstərdim. Sən o mitinqdə nə deyəcəksən, 10 nəfərin eşidə biləcəyi fikir nə kimi milli bir əhəmiyyətə malik olacaq?!. Adam öz hərəkətinə baxıb başqasını qınamalıdır. Mən seçkiyə getmişəm, sən də mitinq keçirirsən. İkimiz də eyni sözü deyiriksə və mən sənə dəstək vermişdimsə, sən də mənə dəstək olmalıydın. Yəqin ki, bilirsiniz, bunların keçən mitinqlərində iştirak etdiyimizə görə partiya üzvlərimizə qarşı təzyiqlər oldu, müavinlərim işdən çıxarıldı. Bunlar hətta mitinqdə ağızlarını açıb demədilər ki, bu pardiyadan olan adamları mitinqə gəldikləri üçün incidiblər. Bunlar o qədər qısqancdırlar ki, hətta kimsə onlara görə bir zərbə alırsa, onun adını belə hallandırmaq istəmirlərlər ki, amanın bir günüdür, o partiya reytinq əldə edər. Gör bunlar nə qədər xəstə ruhlu insanlardır. İndi sabah mitinqə gedirlər, necə deyərlər, “toydan sonra nağara, xoş gəldin Bayram ağa”. Seçki başa çatıb, artıq İlham Əlieyevi dünya ölkələri təbrik edir, artıq rəsmi prezident kmi qəbul edilib.

 

Azərbaycanda bu cür mitinqlərlə hakimiyyətə, seçkilərin nəticələrinə təsir mümkün deyil. Onda atdığınız bu “xolostoy atəş”lərin nə mənası var, bu “xolostoy” güllələri niyə atırsız? Bununla nə demək istəyirsiniz? Siz bununla yalnız bir daha öz gücsüzlüyünüzü ortaya qoya bilərsiniz,  Azərbaycanın siyasi reallıqlarından baş çıxarmadığınızı nümayiş etdirə bilərsiniz. Mitinqlər vacibdir. Amma bu sənin, müxalifətin sifarişi yox, cəmiyyətin sifarişi olmalıdır. Onda sən mitinqləri keçirməlisən və 100 minlərlə insan sənə dəstək verməlidir. Yoxsa, pis-yaxşı 3-5 min nəfər adamı yığıb çıxarırsan ora, bununla da “köpünü alırsan”, istəyirsən özünü qəhrəman kimi göstərəsən və elə bilirsən ki, siyasət aparırsan?..

 

Tahirə Qafarlı
Versus.Az

 




Ana səhifəyə qayıt        Baxış: 1 626          Tarix: 14-04-2018, 13:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma