Xəbər lenti

“Bu seçkidə müxalifəti təmsil edən üç namizəd var. Yaşıma, dünyagörüşümə, təcrübəmə görə, belə hesab edirəm ki, müxalifətin aparıcı fiquru mən olacağam – təbii ki, qeydə alınacağım təqdirdə”.

Strateq.az bildirir ki, bu sözləri ADP sədri, prezidentliyə namizədliyi irəli sürülmüş  Sərdar Cəlaloğlu musavat.com-a deyib. ADP sədrinin sözlərinə görə, ADP uzun illərdir Azərbaycanda aparılan radikal müxalifətçiliyin effekt vermədiyini, beynəlxalq aləmdən dəstək ala bilmədiyimizi deyir: “Faktiki nə qədər radikal mövqedən çıxış ediriksə, daha az adam proseslərə qoşulur. 2007-ci ildə qərar verdik ki, Rəsul Quliyevin rəhbəri olduğu dönəmlərdə aparılan radikal mövqedən imtina edək, yumşaq konstruktiv müxalifət mövqeyinə keçək. Müxalifətin ən böyük səhvi odur ki, demokratiyanın çoxluqdan ibarət olduğunu düşünür”.

ADP sədri Sərdar Cəlaloğlu bu həftə imza vərəqələrini təhvil verəcəklərini qeyd edib: “İmza vərəqələrimizin artıq yarıdan çoxu qərargaha daxil olub. Bizim müəyyən etdiyimiz son müddət martın 8-idir. Bu həftə biz rayondan gələn imzaları sistemləşdirəcəyik. Seçki dairələri üzrə nəzərdə tutulmuş 60 dairəni müəyyən edəcəyik. Ola bilər ki, kimsə saxta, qeyri-qanuni imzalar toplayıb, bunları araşdıracağıq. Qeydə alınmaq üçün qanunda nəzərdə tutulmuş bütün sənədləri də hazırlayacağıq. Bu həftə əsas işimiz seçki platformasının hazırlanması, seçki şüarlarının müəyyən edilməsi, plakatların hazırlanması olacaq. Təbliğat dönəmində bu prosesə qoşulacaq insanları da müəyyən edəcəyik. Namizədin vəkillərinin, səlahiyyətli nümayəndələrinin siyahısını, sənədlərini hazırlayıb MSK-ya təqdim etmək fikrimiz var. Respublika üzrə ən azı, 50 vəkil müəyyən etmişik. Çox intensiv iş gedəcək. Namizəd qeydə alınandan təxminən 10 gün sonra təbliğat dönəmi başlayacaq.

S.Cəlaloğlu qeyd edib ki, ötən seçkidə olduğu kimi, bu dəfə də Türkiyədə hakim partiya olan AKP-nin vaxtı ilə apardığı siyasətə uyğun siyasət aparmaq istəyirlər: Bu evbəev gəzməkdir  hansı ki, bu siyasət AKPni iqtidar etdi. Bizi intensiv bir həftə gözləyir”.

 




Ana səhifəyə qayıt        Baxış: 924          Tarix: 5-03-2018, 12:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma