ABŞ İrana öz nüvə proqramından vaz keçməsi üçün may ayının 12-nə qədər vaxt verib.
“Hürriyyət”-in məlumatına görə, bunu ABŞ Dövlət Departmentinin sədri Mayk Pompeo dünən yaydığı bəyanatında bildirib.
Bəyanatda İsrailin ələ keçirdiyi sənədlərdə İranın nüvə proqramı mövzusunda "doğruları söyləmədiyinə dair heç bir şübhənin qalmadığının təsdiqləndiyi" vurğulanıb.
İranla bağlı sözügedən sənədlərin bir hissəsini özünün də araşdırdığını bildirən Pompeo müvafiq qurumların onminlərlə səhifəlik materialları farscadan ingiliscəyə çevirərək təhlil etdiyini yazıb. ABŞ yetkilisi bu işlərin davam edəcəyinə diqqəti çəkərək, sənədlərin həqiqi olduğunu irəli sürüb.
Qeyd edək ki, iki gün öncə İsrailin Baş naziri Binyamin Netanyahu televiziya vasitəsilə dünya liderlərinə İranın imzaladığı nüvə anlaşmasına əməl etmədiyinə dair sənədlər ələ keçirdiklərini açıqlamış və bu məlumatlardan bəzilərini ictimailəşdirmişdi. 183 CD-də toplanmış 55 min səhifəlik olan bu sənədlər topusunda İranın nüvə proqramını gizli şəkildə yürütdüyü iddia olunur. Binyamin Netanyahunun həmin açıqlamadan sonra dünyanın aparıcı liderləri ilə telefonla danışdığı və onları İrana qarşı hərəkətə keçməyə çağırdığı xəbər verilir. Liderlərdən bəziləri İsrail Baş naziriylə həmrəy olduğunu bildirsələr də, bəziləri onunla razılaşmırlar. Ən açıq sərt təpki isə, gözlənildiyi kimi, Rusiyadan gəlib. Məlumata görə, Rusiya prezidenti Netanyahuyla telefon danışığında açıqlanan məlumatların qaneedici olmadığını bildirib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin məsələylə bağlı açıqlamaları da Netanyahunun keyfinə soğan doğrayacaq mahiyyətdədir. Agentliyin dünən yaydığı bəyanatda İranın nüvə proqramını davam etdirdiyinə dair əllərində heç bir dəlil olmadığı vurğulanıb.
ABŞ Dövlət Departamentinin sədri Pompeoya görə isə, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramından xəbəri olmaya bilər, çünki bu fəaliyyətlər gizli yürüdülüb:
“Sənədlər İranın nüvə proqramını illərdir davam etdirdiyini göstərir. İran çox böyük atom arxivini dünyadan və Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA) bu günə qədər gizlətdi. Halbuki, imzalanan müqavilə şərtlərindən biri də İranın nüvə proqramına dair hərbi fəaliyyətlərini dayandırmaq idi. Onun nüvə fəaliyyətinə dair sənədləri BAEA-ya verməsi üçün dəfələrlə imkanı olub. Tehran isə israrla həmin quruma yalanlar söyləyib. Bu isə müqavilənin yaxşı niyyətlə bağlanmadığını göstərir".
Mayk Pompeonun bəyanatında İsrailin ələ keçirdiyini iddia etdiyi sənədlərin ictimailəşdirilməsindən sonra Vaşinqtonun İranla bağlanan müqaviləni təkrar gözdən keçirdiyi də bildirilib. Bu barədə 12 maya qədər İrana vaxt verildiyinə diqqəti çəkən Pompeo həmin sazişə imza atan digər Avropa ölkələri ilə görüşəcəklərini bildirib.
ABŞ Dövlət Departamentinin sədrinin bu bəyanatı əslində gözlənilməz deyildi. Pompeonun məhz bu məqsədlə indiki vəzifəsinə gətirildiyi vurğulanır. Xatırladaq ki, bundan əvvəlki dövlət katibi Reks Tillerson ABŞ prezidenti Donald Trampın Yaxın Şərq və İranla bağlı həyata keçirmək istədiyi siyasətləri əngəlləməyə çalışırdı. Bu mövqeyi isə ona baha başa gəldi. İki ay əvvəl Donald Tramp birdən-birə Tillersonu vəzifəsindən atdı və İrana qarşı ritorikaları ilə seçilən Mərkəzi Xəbəralma Təşkilatının (CİA) sabiq sədri Mayk Pompeonu yeni dövlət katibi təyin etdi. Maraqlıdır ki, Tillersonun özü belə, həmin vaxt işdən qovulduğunu mətbuatdan eşitdiyini açıqlamış, əslində Trampın basqılarından yaxa qurtardığına sevindiyini bildirmişdi.
Tillersonun yerinə gətirilən Mayk Pompeo öz şahin baxışlarıyla seçilən siyasətçilərdəndir. Onun xüsusilə İslam dünyası ilə bağlı olduqca sərt görüşləri var. Yeni dövlət katibinə görə, təkcə İran yox, Türkiyə də “totalitar islamçı diktatorluqla” idarə olunur. O, 2016-ci il 15 iyul tarixində Türkiyədə baş verən uğursuz hərbi çevrilişdən bir gün sonra Twitter hesabındakı bir paylaşımıyla diqqəti çəkmişdi. Həmin statusda “Ərdoğan hakimiyyətinin də ancaq İran qədər demokrat olduğu” vurğulanmışdı.
Açıq şəkildə hərbi çevrilişə dəstək verən bu status planın baş tutmayacağı anlaşılandan sonra dərhal silinmiş və həmin profil bağlanmışdı. Pompeonun həmin paylaşımı Türkiyə hakimiyyətinin əlində hərbi çevrilişin arxasında ABŞ-ın dayandığı iddiasının əsas dəlillərindən biridir.
Pompeo Guantanamo düşərgəsində saxlanılan müsəlman əsirlərə qarşı amansız işgəncələriylə də ad çıxarıb. Hətta özü də bəzi işgəncələri etiraf edib, suda boğma metoduyla əsirlərdən həyati məlumat alınmasını müdafiə etmişdi.
Onun qarşı çıxdığı müsəlmanlar təkcə terrorçular da deyil. Pompeonun fikrincə, “islamçı terrorçuları sərt şəkildə tənqid etməyən müsəlman din adamları da eyni cinayəti paylaşırlar”. Bu və bənzər fikirləriylə zaman-zaman ABŞ demokratlarının və müsəlmanlarının sərt reaksiyalarını özünə çəkən Pompeonun aqressiyasının bütün islam dünyasına yönələcəyi güman olunur. Təsadüfi deyil ki, Pompeo İrana qarşı bəyanat verdiyi bir vaxtda onun sözçüsü Heather Nauert Suriyada İŞİD-ə qarşı son hərbi əməliyyatlara başladığını duyurmuşdu. Xanım diplomat əməliyyata əksəriyyəti kürd separatçılarından təşəkkül tapan Suriya Demokratik Güclərinin qatılacağını və onlara hücum olacağı təqdirdə, ABŞ-ın öz müttəfiqlərini qoruyacağı vurğulamışdı. Bu isə ABŞ-ın İrandan sonra Türkiyə ilə də konfliktdə hazırlaşdığı ehtimalını ağla gətirir.
Pompeonun sözügedən açıqlamasıyla eyni vaxtda ərəb dünyasından da İrana qarşı sədalar yüksəlir. Bu istqamətdə ilk addım Mərakeş tərəfindən atılıb. Mərakeş hökuməti "Hizbullah təşkilatı ilə Polisario cəbhəsi arasındakı əlaqənin ölkə təhlükəsizliyini və sabitliyini təhdid etdiyi səbəbilə" İran ilə diplomatik əlaqələrini kəsdiyini bildirib. Məlumata görə, ölkənin Xarici İşlər Nazirliyi İran səfirini Mərakeşdən qovub, özünün Tehrandakı səfirini geri çağırıb.
Mərakeş Xarici İşlər naziri Nasır Burita dünən mətbuata açıqlamasında diplomatik böhranın səbəblərinə aydınlıq gətirib. O, əllərində Livan Hizbullahının “Polisario”ya hərbi dəstək verdiyi və Əlcəzairdəki İran səfirliyində akkreditə olunmuş diplomatların bu iki təşkilat liderləri arasında vasitəçilik etdiyini göstərən məlumatlar olduğunu bildirib.
Mərakeşin həmin açıqlamasına ərəb dünyasının dəstəyi özünü çox gözlətməyib. İlk dəstək Bəhreyndən gəlib. Əhalisinin 75%-i şiə olan və İranın təsiri altında qalan Bəhreyn krallığı Mərakeşi “İranla diplomatik əlaqələri kəsdiyinə görə güclü bir şəkildə dəstəklədiyini” açıqlayıb. İkinci bənzər açıqlamanı Səudiyyə Ərəbistanı verib.
Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin adı açıqlanmayan bir səlahiyyətlisi ölkəsinin İran ilə diplomatik əlaqələrini kəsən "qardaş" Mərakeşə təhlükəsizlik və sabitliyi təminat altına alacaq hər cür dəstək verdiyini bildirib:
“Səudiyyə Ərəbistanı Mərakeşin təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edən hər bir məsələdə onun yanında yer alır”.
Ölkənin Xarici İşlər naziri Adil el-Cubeyr də Twitter hesabında Mərakeşi dəstəklədiklərini açıqlayıb.
Körfəz ölkələri ilə ulduzları barışmayan Qətər də bu dəfə ərəblərin yanında yer alıb. Halbuki, bir il əvvəl ortaya çıxan Qətər böhranında İran “körfəz cırtdanını” müdafiə etmişdi. Görünür, həmin “islah” tədbirlərindən sonra ağıllanan Qətər sifarişin okeanın o tayından verildiyini də nəzərə alıb “işıq gələn tərəfə” getməyi daha münasib hesab edib. Rəsmi Duha da Mərakeşin ərazi bütövlüyünü qorumasına tam dəstək verdiyini bildirib.
Hizbullah isə yazılı bəyanat yayaraq, adının keçdiyi ittihamları rədd edib.
Bütün bu məlumatlar onu göstərir ki, ABŞ İrana qarşı əməliyyatların düyməsini basmaq ərəfəsindədir. Əməliyyatların əsasən 3 cəbhədə aparılması planlaşdırılır.
Cəbhələrdən biri Suriya olacaq. Zira Dövlət Departamentinin sözçüsü Heather Nauert də dünənki açıqlamasında İŞİD-ə qarşı başlatdıqları son əməliyyatın əslində İrana qarşı yönəldiyini gizlətməmiş və fikirlərini belə əsaslandırmışdı:
“Prezident Trampın Fransa lideri Makronla birlikdə verdiyi açıqlamalarda dediyi kimi, İŞİD-in qurtarılmış ərazilərə qayıtmasını və Əsəd rejiminin, yaxud İranın vəziyyətdən istifadə etməsini qarşısını alacaq möhkəm və güclü bir əsas yaradılmasını təmin edəcəyik”.
Xanım diplomatın bu sözlərini loru dilinə çevirsək, bu nəticə ortaya çıxır: Suriyanı Bəşər Əsədə və İrana buraxmayacağıq.
İrana qarşı ikinci cəbhə isə Livanda açılacaq. Tablodan belə görünür ki, “Şiə hilalı”nın ən böyük dayaqlarından olan və İsraili açıq-aşkar təhdid edən Hizbullahla mübarizəyə Mərakeşdən tutmuş Qətərə qədər bir çox ərəb ölkələri cəlb ediləcək. Beləcə, müsəlman dünyasının məzhəb müharibələri hesabına İsrailin təhlükəsizliyi tam təminat altına alınacaq. Nəzərə alsaq ki, 2006-cı ildə bir ay davam edən son İsrail-Livan müharibəsində Tel-əviv Hizbullahın öhdəsindən təkbaşına gəlməyəcəyini anlamış və bundan sonra məzhəb müharibələri qızışdırılmışdı. Məqsəd düşməni öz daxili gücü hesabına zərərsizləşdirməkdi. Zira Hizbullahın 2006-cı ildəki zəfərində müsəlman həmrəyliyinin də böyük təsiri olmuşdu. Bu həmrəylik pozulduqdan, tərəflər bir-biriylə savaşdırıldıqdan sonra isə İsrailin özünü qorumağa ehtiyacı qalmayacaqdı. Krallıqlarını davam etdirmək istəyən müsəlman “başbilənlər” bu hədiyyəni öz əlləri ilə Tel-əvivə və Vaşintqona verəcəkdilər.
İran əməliyyatının digər sahəsi isə, yəqin ki, Fars körfəzi olacaq. Amma bu sahədə çəkişmələr daha çox simvolik xarakteri daşıyacaq və Tehranın diqqətini digər iki sahədən ayırmağa xidmət edəcək. Əks halda, İrandakı dini rejimin sıradan çıxarılması Yaxın Şərqdəki məzhəb müharibələrini də dayandıra bilər. Çünki İslam dünyasının bir-birinin qanına qəltan etmələri üçün hər iki cəbhənin mövcudluğu tələb olunur. Cəbhələrdən birinin yoxluğu cari planda digər tərəfə müvəqqəti üstünlük qazandırsa belə, perspektivdə onun da yox olmasını şərtlədirə bilər. Münaqişənin diri tutulması üçün hər iki tərəf həm də güclü olmalıdır.
Bəs, Yaxın Şərqdə yenidən körüklənən böyük məzhəb müharibələrinə Rusiyanın münasibəti necə olacaq?
Zənnimizcə, son zamanlar Şərqi Aralıq dənizində çıxışdırılan və bundan nəticə çıxaran Moskva baş verənləri səssiz müşahidə edəcək. Əks halda özünü Yaxın Şərqdə daha ağır böhrana sala bilər.
Heydər Oğuz
Paylaş: