Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası İsraili qınayan qətnamə qəbul edib. Qətnamədə Tel-əvivin fələstinlilərə qarşı "gəlişigözəl" və "qeyri-adekvat" güc tətbiq etməsi pislənilib və Qəzzadakı hadisələrin araşdırılması üçün müstəqil istintaq komissiyası yaradılmasına qərar verilib.
Ovqat.com xəbər verir ki, BMT-nin bu qərarı regionda birmənalı qarşılanmayıb.
Fələstin Azadıq Təşkilatının (FAT) Baş Katibi Saib Ureykat verdiyi yazılı açıqlamada BMT İnsan Haqları Şurasının qətnaməsini məmnuniyyətlə qarşıladıqlarını bildirib:
"Bu qərar beynəlxalq hüququ və insan haqlarını pozan işğalçı qüvvələrindən hesabat tələb etmək, onu törətdiyi cinayətlərdən çəkindirmək və qurbanlar üçün ədalətin bərqərar olması baxımından düzgün addımdır".
İsrail Baş Naziri Binyamin Netanyahu isə qətnaməni sərt tənqid atəşinə tutub.
"Özünü İnsan Haqları Şurası adlanan bir təşkilat səmimiyyətdən uzaq qətnaməsilə İsrailə zərər vurmaq istədiyini bir daha sübuta yetirdi"-deyən Baş nazir bu səbəbdən də həmin sənədi qəbul etməyəcəklərini açıqlayıb.
Qərarın "İsrail əleyhdarı əksəriyyət” tərəfindən qəbul edildiyini vurğulayan Netanyahuya görə, yəhudilərin özünümüdafiə hüquqları var və Tel-əviv öz xalqını və əsgərlərini qorumağa davam edəcək.
İsrail Xarici İşlər Nazirliyi də yaydığı bəyanatında Qəzzadakı qətliamın araşdırılması üçün müstəqil istintaq komissiyası yaradılmasını nəzərdə tutan qətnaməyə sərt reaksiya verərək, onu rədd etdiklərini bildirib.
Qeyd edək ki, Türkiyənin də müşahidəçi sifətilə dəstəklədiyi layihə ABŞ və İsrailin kəskin etirazlarına baxmayaraq, 29 lehinə, 2 əleyhinə və 14 bitərəf səslə dünən axşam qəbul edilmişdi.
Paylaş: