Macarıstanda qeyri-qanuni mühacirətlə mübarizə çərçivəsində hazırlanan “Sorosu dayandırın!” adlı qanun layihəsi parlamentə təqdim olunub.
Ovqat.com xəbər verir ki, layihəni Ədliyyə naziri Laszlo Trocsanyi parlamentin müzakirəsinə çıxarıb.
Nazir Macar Xəbər Agentliyinə (MTI) verdiyi açıqlamada, bildirib ki, layihədə Konstitusiyanın 3 maddəsinin dəyişdirilməsi nəzərdə tutulur:
“Qanun layihəsində Macarıstanın konstitusion kimliyinin qorunması və sığınacaq hüququ ilə bağlı dəyişikliklər yer alıb. Çünki Avropa və Macarıstan yeni problemlərlə qarşı-qarşıyadır. Bu problemlər, milli suverenliyimizin möhkəmləndirilməsini zəruri edir”.
Ediləcək qanun dəyişikliyinin qeyri-qanuni miqrasiyanı əhatə etdiyini deyən Ədliyyə naziri bu təklif qanuniləşərsə, Konstitusiyada əcnəbi xalqların Macarıstana yerləşdirilməsinin qadağan olunacağını və beynəlxalq hüquqda da qeyd edildiyi kimi, ölkədə kimin yaşayacağına Macar dövlətinin özü qərar verəcəyini bildirib.
Konstitusiya dəyişikliyindən sonra “etibarlı” bir ölkədən Macarıstana köçən mühacirlərə sığınacaq hüququ tanınmayacağını vurğuayan Trocsanyi qeyri-qanuni miqrasiya ilə mübarizədə polisə ciddi rol veriləcəyini ifadə edib.
Qanun layihəsinə görə, qanunsuz miqrasiya təşkil edən və ya qeyri-qanuni mühacirlərə sığınacaq hüququnun alınması üçün vasitəçi olan insanları da ciddi həbs cəzası gözləyəcək.
Macarıstan Baş naziri Viktor Orban da bir müddət əvvəl mövzuyla bağlı açıqlamasında "Sorosu dayandır" qanun layihəsinin 8 apreldə keçirilən parlament seçkilərdə seçicilərin 3/2-nin səsini qazanan Macar Vətəndaş Birliyinin ən mühüm şüarlarından biri olduğunu xatırlatmış və xalqın sözügedən qanunun təsdiqlənməsi üçün bu seçimi etdiyini irəli sürmüşdü. Baş nazirin fikrincə, layihə yeni hökumətin qurulmasının dərhal sonra parlamentin gündəminə gətirilməlidir və gətiriləcək də.
Mühacirət əleyhinə mövqeyilə tanınan Macarıstan hökuməti, macar əsilli amerikalı iş adamı Corc Sorosu maliyyələşdirdiyi qeyri-hökumət təşkilatları vasitəsilə ildə 1 milyon qaçqını Avropaya daşımağa çalışmaqda günahlandırır. Məhz buna görə də hökumət ötən aylarda Soros əleyhinə kampaniyaya başlamışdı.
Maraqlıdır ki, post-sovet məkanında rəngli inqilablar hazırlamaqla ün qazanan Corc Sorosa öz vətənində qarşı çıxanlar onun bir zamanlar yetişdirdiyi tələbələrdir. Son seçkilərdə böyük səs çoxluğu ilə hakimiyyətə gələn Macar Vətəndaş Birliyinin əksər millət vəkiliylə yanaşı, Baş nazir Orban da Sorosun dəstəklədiyi fondların təqaüdü ilə təhsil görüblər. Orban Soros təqaüdü ilə 1989-cı ildə Oksford Universiteti Pembroke kollecində İngilis Liberal Fəlsəfəsi Tarixi fakültəsində oxumuşdur.
Paylaş: