Xəbər lenti

    

25 may 2018-ci ildə “KİTAB EVİ” İctimai Birliyi Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında  filoloq, şair Adilə Nəzərin “BEŞİNCİ MÖVSÜM” şeirlər kitabını təqdim edib. Təqdimatda oxucularla bərabər tanınmış tənqidçilər, jurnalistlər, yazıçı və şairlər, bədii qiraətçilər iştirak edib.

Aparıcı tənqidçi Əsəd Cahangir tədbiri açaraq Adilə Nəzərin bədii yaradıcılığı, elmi və ictimai fəaliyyəti haqqında iştirakçılara məlumat verib.

 

Məruzəçilərdən professor Rüstəm Kamal, filoloq-alim Mətanət Saraclı, dosent Sadıq Qarayev, yazıçı Səfər Alışarlı, şairlər Xanım İsmayılqızı, İbrahim İlyaslı və başqaları şairin yaradıcılığı haqqında dəyərli fikirlər söyləyərək təqdim edilən "Beşinci mövsüm" şeirlər kitabını yüksək qiymətləndiriblər.

Qeyd edilib ki, Adilə Nəzər bir lirik şair kimi insan hislərinin dərin, dramatik təsvirini verməklə oxucunu daim yüksək emosional ovqatda saxlaya bilir.  Onun məhəbbət şeirləri müasir poeziyamızda özünün təkrarsız və bənzərsiz ifadə formaları, ekspressiv və fəlsəfi təsir gücü ilə seçilir.

Digər çıxışçılar Fərqanə Mehdiyeva, Mikayıl Bozalqanlı, Aləm Kəngərli, Aləmzər Sadıqqızı, Arzu Nehrəmli, Firudin Şahbuz, Mübariz Məsimoğlu, Rəhim Mehnət, İlqar Türkoğlu və başqalarıda Adilə Nəzəri yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edib və ona uğurlar arzulayıblar. Müğənni-bəstəkar Çilənay Hüseynova Adilə xanımın şeirlərinə bəstələdiyi mahnıları ifa edib.

 

Tədbirdə "Kitab Evi" İctimai Birliyinin müasir ədəbiyyatın təbliği istiqamətində gördüyü təqdirəlayiq işlər xüsusi vurğulanaraq təşkilata yaradıcı adamların mənəvi dəstəyinin gücləndiril­mə­sinin vacibliyi də qeyd edilib. 

Bədii qiraət ustası, respublikanın əməkdar artistləri Ağalar Bayramov və Nazir Rüstəm şairin şeirlərini səsləndirib.




Ana səhifəyə qayıt        Baxış: 1 768          Tarix: 26-05-2018, 00:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma