Xəbər lenti
Dünən, 19:25

  

Qingdaodaki Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 18-cu sammiti İranın təşkilata tamhüquqlu üzvlük tələbinə yenə açıq cavab verilmədən sona çatdı. İran təşkilatda 2005-ci ildən müşahidəçi üzv kimi iştirak edir və 2008-ci ildə tam üzvlük üçün baş vurub. Bu tarixdən etibarən hər sammitdə İranın tam üzvlüyü gündəmə gəlsə də, təşkilat bu məsələdə qəti bir cavab vermir.

 Təşkilatın İranın tam üzvlüyünə qarşı siyasəti, "Bəli pərdəsi altında xeyr" kimi təsvir oluna bilər. Ötən on ildə keçirilən sammitlərdə xüsusilə Rusiya başda olmaqla üzv ölkələr İranın tam üzvlüyünün təşkilatın təsir gücünü artıracağına inamlarını ifadə etsələr də bunun üçün uyğun vaxtın hələ gəlmədiyini vurğulamışlar. Bu səbəbdən qərar davamlı olaraq növbəti sammitə təxirə salınmışdır. Eyni siyasət 2018 sammitində də davam etmişdir. Sammitdə, hər nə qədər ŞƏT üzvləri rəsmi adı Əhatəli Birgə Fəaliyyət Planı (ƏBFP) olan nüvə sazişini dəstəkləyərək, müqavilənin davamı üçün müraciət etsələr də İranın tam üzvlüyü məsələsindəki tərəddüdlü mövqe qorunmuşdur. Bəs ŞƏT-in İranla bağlı bu "Nə “hə”, nə “yox”” Münasibətinin arxasında nə dayanır?

 Bu təzadlı mövqeyin arxasındakı ilk səbəb İranın üzvlüyünün uzun illər boyunca müxtəlif şəkillərdə Tehrana qarşı təcridetmə siyasəti həyata keçirən Vaşinqton üçün pis xəbər olacağı və təşkilatın belə bir qərar üçün bədəl ödəmək məcburiyyətində qalacağı həqiqətidir. ŞƏT üzvlərinin əksəriyyəti belə bir mesaj göndərməyə də, bu yolda əvəz ödəməyə də maraqlı deyil. Tramp rəhbərliyinin adi təcridetmə siyasətinin artıraraq, İranla qarşıdurma istiqamətində irəlilədiyini nəzərə alsaq, İranı tam üzvlüyə qəbul etməsi həqiqətən də təşkilat üçün baha başa gələ bilər.

 ŞƏT-in İran məsələsindəki tərəddüdlü mövqeyinin ikinci səbəbi İranın xarici siyasi hədəflərinin və strateji qayğılarının əksər ŞƏT üzvlərinin xarici siyasətiylə üst-üstə düşməməsidir. İranın son illərdəki strateji siyasəti gücünü Şərqi Aralıq Dənizdə artırmaq olmuşdur və bu strategiya gələcəkdə də Tehranın təhlükəsizlik və xarici siyasətinin mərkəzində yer almağa davam edəcək. Ancaq bu bölgə ŞƏT üzvü olan dövlətlərin əksəriyyəti üçün o qədər də əhəmiyyətli deyil. Son illərdə həmin bölgəyə yalnız Rusiya daha çox qarışacaq hala gəlmiş və İran ilə yeni təhlükəsizlik əlaqələri inkişaf etdirmişdir. Bu barədə məhdud üst-üstə düşmə Tahranın mümkün tam üzvlüyünün təşkilata gətirəcəyi strateji nailiyyətlərinin tanınması prespektivində əhəmiyyətli problemə çevrilmişdir.

Tehranla ŞƏT arasındakı tərəddüdlü vəziyyətin üçüncü səbəbi təşkilat üzvlərinin İranın üzvlüyünə yönəlik fərqli mövqeləridir. Rusiya İranın üzvlüyünə tam dəstək verərkən, Çin daha mühafizəkar bir mövqe nümayiş etdirməkdə, bəzi Orta Asiya ölkələri, xüsusilə Tacikistan isə bu məsələdə tamamilə əks mövqe tutmaqdadır. Tacikistanın ŞƏT - 2017 sammitində İranın tam üzvlüyünə qarşı çıxması İran mediasında qızğın mübahisələrə səbəb olmuş, İranın rəsmi və aparıcı media orqanları Tacikistanı İranın üzvlüyünün qarşısında ən böyük maneə kimi təqdim etmişdi. ŞƏT-də qərar alma prosesinin qapalı şəkildə keçirilməsi hansı ölkənin və ya ölkələrin İranın üzvlüyünə qarşı olduğuna dair etibarlı bir məlumat əldə etməyin qarşısını alır.

 İranın indiyədək tam üzvlük məsələsində ŞƏT-dən konkret mesaj alınmamasının dördüncü səbəbi İrandakı müxtəlif hökumətlərin tam üzvlüyün əhəmiyyətinə dair daşıdığı fikir fərqləridir. Əhmədinejad hakimiyyəti “Şərqə Doğru” siyasətinə öncəlik vermiş və ŞƏT-ə tam üzvlük üçün ciddi təşəbbüslər göstərmişdir. Bu səylərə baxmayaraq, ŞƏT 2010-ci il tarixli Daşkənd sammitində yeni üzvlük üçün 8 şərti da ehtiva edən "Yeni Üzvlərin Qəbuluna Dair Əsasnamə" başlıqlı bəyanat vermişdir. Bu bəyanatdakı şərtlər arasında ən önə çıxanı, üzvlük üçün müraciət edən ölkələrin BMT Təhlükəsizlik Şurasının sanksiyalarına məruz qalmamasıdır. İran isə o vaxt bu cür sanksiyaların əsas ünvanı idi və bu vəziyyət Əhmədinejad hakimiyyətinin tam üzvlük cəhdlərinə zərbə vurmuşdu.

 İndiki prezident Həsən Ruhani isə hakimiyyətə gəlməzdən əvvəl nüvə məsələni həll etmək sözü vermiş və buna nail olmaq üçün bir növ Avropa meylli xarici siyasət strategiyası mənimsəmişdi. Bu dövrdə İran təşkilata tamhüquqlu üzvlük səylərini azaltmış və  ŞƏT-2017sammitində Xarici İşlər naziri səviyyəsində yer almışdı. Ruhani rəhbərliyi tam üzvlük axtarışında çox istəksiz deyilsə də, Əhmədinejadın prezidentliyi dövründə ciddi şəkildə zərər görən Aİ əlaqələrini bərpa etməyə yönəltmişdi. ŞƏT-2018 sammiti yaxınlaşanda də Ruhaninin tam üzvlük prosesini inkişaf etdirməyə çalışdığına yönəlik bir işarə görünməmişdir.

 

 Yuxarıda göstərilən bu dörd səbəb yaxın gələcəkdə də həlledici olacaq. Bu şəraitdə təşkilatın İranın tam üzvlüyünə qarşı "Bəli pərdəsində altında xeyir” mövqeyi də davam edəcək. ŞƏT üzvü olan dövlətlər, yəqin ki, İranın üzvlüyünə razılıq vermək üçün daha uyğun bir vaxtı gözləməyi üstün tutacaq. Bir tərəfdən gərilən İran-ABŞ münasibətləri digər tərəfdən də Ruhaninin Avropa meylli siyasətinin davam edəcəyi nəzərə alınanda bu “uyğun zaman”ın yaxınlarda gəlməyəcəyi aydındır.

İRAM

Tərcümə “Ovqat”-a məxsusdur




Ana səhifəyə qayıt        Baxış: 1 424          Tarix: 21-06-2018, 06:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma