Xəbər lenti
27-11-2024, 19:25

 

Bir dövləti sıradan çıxarmağın ən qısa yolu onu meydana gətirən mexanizmlərin deformasiyaya uğradılması, tamamilə tərsinə işlədilməsidir. Qurumları və idarəetmə mexanizmləri sıradan çıxarılan dövlət qısa müddətdən sonra çökər, yadelli işğallara məruz qalar. Təsadüfi deyil ki, İngiltərə imperatorluğu uzun illər ərzində yürütdüyü müstəmləkə siyasətində hədəfə götürdüyü ölkələrin işğalını dövlət mexanizmlərinin sıradan çıxarılması və öz təyinatının əksinə işləməməyə məcbur edilməsi ilə başlayırdı. Böyük Britaniyanın Müsləmləkə Nazirliyinin İslam ölkələrində fəaliyyət göstərən agentlərinə yazdığı təlimatlarda açıq-aşkar bu tövsiyələr yer alırdı. Agentlərə müstəmləkələrdə təhsil sisteminin mövhümatçılığa, məhkəmələrin ədalətsizliklərə, din adamlarının əxlaqsızlığa və s. kimi neqativliklərə təşviq edilməsi məsləhət görülürdü. Bu baxımdan hər hansı ölkədə dövlət qurumlarının öz təyinatlarının əksinə fəaliyyətiylə qarşılaşırıqsa, həmin eybəcərliyin arxasında mütləq xarici barmağın dayandığından şübhə edə bilərik.

Nə yazıq ki, bu gün Azərbaycandakı əksər dövlət qurumları da öz təyinatlarının əksinə fəaliyyət göstərirlər. Korrupsiyaya qarşı mübarizə idarələrinə ən böyük korrupsionerlər, insan alverinə qarşı mübarizə idarələrinə isə bu işlə məşğul olanlar rəhbərlik edirlər. Məktəblərimiz şagirdlərimizə təhsil vermək əvəzinə, abituriyentləri hazırlıqdan ayırmaqla məşğuldurlar. Səhiyyə sistemimiz vətəndaşların sağlamlığını diqqət mərkəzində saxlamaqdansa, sağlamlıq kağızı üçün müraciət edənləri müayinə etməmək üçün rüşvət alırlar. Öz milli idman sahələrimizi inkişaf etdirmək əvəzinə yığma komandamıza adı belə dilimizə yatmayan əcnəbiləri cəlb etməklə, yalançı medallar, ordenlər qazanmağa üstünlük veririk. Nəticədə öz yerli idmançılarımızı yox, əcnəbiləri yetişdiririk. Bir sözlə, təhsildən tutmuş idmana qədər bütün sahələrdə saxtakarlıqlar hökm sürür, hər şey dövləti dövlət edən bütün mexanizmlərin sıradan çıxarılmasına yönəlir.

Öz təyinatının əksinə hərəkət etməyin ən baris nümunəsi hazırda ADP lideri Sərdar Cəlaloğluya qarşı davam etdirilən qarayaxma kampaniyasında özünü göstərir. Qeyd edək ki, milli ziyalıların, ictimai rəyə təsir edən fikir adamlarının gözdən salınması, barələrində yalan məlumatların yayılması da müstələkəçilik siyasətlərinin tərkib hissəsidir. Böyük Britaniyanın Müstəmləkə Nazirliyinin öz agentlərinə göndərdiyi təlimatlardan birində deyilirdi:

“12- Alimlərin pis imicini yaradıb əleyhlərində üzqızardıcı ittihamlar uyduraraq, müsəlmanların onlardan soyumasını təmin etmək lazımdır. Casuslarımızın bir qisminə onların paltarını geyindirəcəyik. Sonra onlara rəzil işlər gördürəcəyik. Beləliklə, onlar alimlərin içərisinə qarışacaq və bütün alimdən şübhə ediləcək. Bu casusları əl-Əzhərə, İstanbula, Nəcəf və Kərbəlaya salmaq zəruridir...”

Bu gün Sərdar Cəlaloğlununun əleyhinə aparılan qarayaxma kampaniyası da tamamilə sözügedən təlimata uyğun şəkildə aparılır. Deputat, ictimai xadim, eks-prezident cildinə soxulan bəzi ağzıgöyçəklərin sırasına Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyevin də qoşulması isə bu tablodakı bütün əskikləri tamamladı. Əxlaqı, intizamı söyüşdə və yumruqda görən bu adam öz xarakterinə uyğun olaraq ADP sədrinə “ay axmaq, ay heyvan” deməklə qalmadı, üstəlik onu döyüş rinqinə çağırdı. Bununla da təkcə özünün deyil, həm də onu ən böyük etika və intizam mücəssiməsi kimi görən siyasi hakimiyyətin əxlaqını ortaya qoydu. Beləcə, bir tərəfdən milli ziyalılarımızdan biri cəmiyyətimizin gözünən salınmağa çalışıldı, digər tərəfdən isə dövlət mexanizmi özü özünün onsuz da xoş olmayan imicini daha da korladı.

Maraqlıdır ki, ağsaqqal yaşında olan Ağacan Abıyevin bu cür “tərbiyyəvi” çıxışı ilk deyildi. Bir müddət əvvəl o, Avropada hakimiyyətə qarşı çıxışlarıyla tez-tez gündəmə gələn Orduxan Teymurxanı da rinqə çağırmış və yaşına-başına yaraşmayan sözləriylə yadda qalmışdı. Doğrusu, Ağacan Abıyevin Orduxana qarşı bu hücumunu anlamaq, hardasa, mümkün idi; Orduxan Teymurxan siyasi hakimiyyətin əleyhinə çıxışlarında bəzən etik normalardan kənara çıxır və idmançı bədən formasıyla diqqəti cəlb edirdi. Bu baxımdan Ağacan Abıyevin ona nalayiq sözlərlə cavab verməsini də, hətta döyüş rinqinə çağırmasını da başa düşmək olardı. Amma adını millətin vəkili qoyan və Milli Məclisin nəzakət və əxlaq etolonu olan bu adamın Sərdar Cəlaloğluya kəllə atması anlaşılan deyil. Axı son bir neçə ildə hakimiyyətlə dialoq xəttini tutan ADP lideri, Ağacan müəllimin ağayanalıqdan uzaq canına niyə belə vəlvələ salmışdı?

İnsafən, Ağacan Abıyev bu müəmmanı da gizlətmir. Dediyindən belə çıxır ki, Sərdar Cəlaloğlunun Türkiyə ilə konfederasiya qurmaq təklifi imiş deputatı yerindən oynadan. Halbuki, Türkiyə ilə Azərbaycan dövlətlərinin konfederativ ittifaqının yaradılması fikri sadəcə Sərdar Cəlaloğluya da aid deyil. Yüz il əvvəl qurulan Azərbaycan Demokratik Cümhuriyyətinin bir çox liderləri də, bugünkü siyasilər də zaman-zaman bu fikri gündəmə gətirib və toplumumuz tərəfindən xeyli normal qarşılanıblar. Hətta Türk Federasiyası düşüncəsinə qarşı olan əliheydərqarayevlər belə, öz əks düşüncələrini mədəni şəkildə ortaya qoyublar. Ağızlarının danışığını bilib, kimisə təhqir etməyib, rinqə çağırmayıblar.

80 yaşlı Ağacan Abıyevin kraldan çox kralçılıq etdiyi, mədhiyyələr söylədiyi, uğrunda yaxasını cırdığı Heydər Əliyev belə “bir millət, iki dövlət” terminiylə əslində Türk Federasiyası düşüncəsini dilə gətirirdi. Ən azı ona görə ki, hər bir millətin könül xoşluğuyla iki dövləti olmaz. Sadəcə tarixi zərurətlər bir milləti parçalayıb iki dövlətə çevirə bilər. Bununla belə, eyni milli maraqlar, hədəflər onları vahid ideya ətrafında birləşdirər və strateji müttəfiqə çevirər. Nəticədə tarixi zərurətlərin parçaladığı millətlər əməldə, dildə, düşüncədə yenə vahidləşər, eyniləşər.

Konfederativ əlaqələr də bu müttəfiqliyin, ittifaqın digər adıdır. Azərbaycanla Türkiyənin arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsində olduğunu heç bizim rəsmilərimiz də inkar etmirlər. Bu isə zatən adı qoyulmamış konfederal birlikdir.

İki qardaş ölkənin müttəfiqliyi təkcə xarici siyasətdə də özünü göstərmir. İqtisadiyyatdan tutmuş mədəniyyətə, hərbi strateji hədəflərə qədər demək olar ki, eyni mərkəzdən idarə olunacaq hala gəlmişik. Azərbaycanın Qərbə açılan bütün yolları Türkiyədən keçir. Bakı-Tblisi-Ceyhan neft kəməri, TANAP-TAP qaz kəməri belə, qardaş ölkənin ərazisindən keçərək öz ünvanına çatdırılır. Azərbaycanın enerji mənbələrindən əldə edilən kapitaldan Türkiyə iqtisadiyyatı bizdən daha çox yararlanır (Baxmayaraq ki, hakimiyyətin yürütdüyü bu siyasət mübahisəyə açıqdır). Rəsmi Bakı bəlkə də Rusiyadan çəkinib öz ölkəmizdə qura bilmədiyi neft sənaye müəssisələrinin əksəriyyətini Türkiyədə salıb. Milyardlarla dollara başa gələn “Petkim” layihəsi bunun bariz örnəklərindəndir. Statistik məlumatlara görə, Azərbaycanın neft kapitalının 20 milyard dolları Türkiyədə müxtəlif sahələrə yatırılıb. Bunlar hələ rəsmən bilinənlərdir. Azərbaycan məmurlarının öz xalqından oğurlayıb daha güvənli yer kimi Türkiyəyə qoyduğu investisiyaların həcmi, yəqin ki, rəsmi yatırımlardan dəfələrlə çoxdur. Şəxsən yazı müəllifinin fikrincə, yuxarıda sadalananlar müttəfiqliyin istismarı kimi xarakterizə edilsə belə, hər halda faktdır. Ağacan Abıyev düz adamdırsa, müttəfiqliyimizin istismarı kimi görünən bu amilə qarşı çıxsın, mübarizə aparsın.

Türkiyə-Azərbaycan müttəfiqliyinin ən geniş və müsbət tərəflərindən biri isə mədəni əlaqələrdir. Bu gün Ağacan Abıyevi Sərdar Cəlaloğlunun üstünə saldıranların yanlış siyasətləri nəticəsində Azərbaycan televiziyaları öz ictimai təsir gücünü itirib. Teleməkanlarımızda yaranan bu boşluğu isə Türkiyə kanalları doldurur. Rəsmilərimizin yanlış siyasəti nəticəsində Azərbaycan vətəndaşları artıq Türk kanallarına daha çox baxır və istər-istəməz Türkiyə vətəndaşı kimi formalaşırlar. Türkiyə ordusunun Suriyada, İraqda apardığı uğurlu hərbi əməliyyatlara azərbaycanlılar qardaş ölkə vətəndaşlarından az sevinmirlər. Türkiyə ilə Azərbaycan futbol komandalarının qarşılaşmasında qardaş ölkəni dəstəkləyənlərimizin sayı adamı heyrətləndirir. Türk musiqiləri, filmləri, romanları Azərbaycanda öz yerli sənət nümunələrimizdən daha çox pərəstişkar qazanır. Türk tekstil mallarına rəğbət öz yerli məhsullarımızın bazarını xeyli daraldıb və s.

Bunun adı müttəfiqlik, eyni dövlət çatısı deyilsə, bəs nədir? Konfederativ dövlət formasında belə, subyektlər arasında bu qədər yaxınlıq mövcud deyil. İki dövlət arasında adı qoyulmayan konfederal bağları görə bilməyən Ağacan Abıyev isə onsuz da mövcud olan və getdikcə dərinləşən münasibətlərə həqiqi adını qoymaq istəyən Sərdar Cəlaloğluya siyasət, beynəlxalq hüquq dərsi keçir, savad öyrədir. Həyatı boyu boks rinqindən kənara çıxa bilməyən təfəkkürüylə özü ağırlığında kitab yazan siyasətçiyə kitab oxumağı məsləhət görür.

Daşıdığı missiyasından tutmuş qanacağına qədər bütün xüsusiyyətilə öz yerində olmayan bu ahıl adamın təyinatından çox-çox kənara hoppanmağa cəhd etməsi, zənnimizcə, səbəbsiz deyil, özünü yenidən bərpa prosesi keçirən rus imperializminin Azərbaycanla bağlı ilhaq siyasətinin tərkib hissəsidir. Təsadüfi deyil ki, Sərdar Cəlaloğlunun üstünə gələnlərin hamısı birmənalı olaraq rus imperializminə bağlı insanlardır. Abıyevin sovet rejiminin ölkəmizdəki son qubernatoru Ayaz Mütəllibov və onun yandaşları Araz Əlizadə, Musa Musayev, Tahir Rzayev, Arif Rəhimzadə, Hacı Əbdüllə eyni sırada dayanması da bu iddianı təsdiqləyir. Sərdar Cəlaloğlunun fikirlərinin hansı xarici gücün işinə yaramadığı da ortadadır. Məsələyə bu aspektdən yanaşanda aydın olur ki, təhqir kampaniyasının əsas hədəfi əslində Sərdar Cəlaloğlu da deyil, ölkəmizi rus imperializminin təsir dairəsindən uzaqlaşdıran Türk Birliyi ideyasıdır.

Azərbaycanın müvafiq qurumları şimaldan ölkəmizə yönələn bu hibrit savaşının ilk əlamətlərini xüsusi həssaslıqla araşdırmalı, gözlənilən təhlükənin qarşısını almalıdır.

Heydər Oğuz

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 1 122          Tarix: 22-06-2018, 09:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma