Xəbər lenti

   

Gəncə hadisələrinə birmənalı qiymət vermək mümkün deyil. Şübhəsiz ki, Gəncə İcra başçısına qarşı törədilmiş sui-qəsd, daha sonra şəhər polisinin ən yetkili rəhbərlərindən ikisinin qətlə yetirilməsi bu təxribatın dövlət strukturlarına qarşı törədildiyini və qabaqcadan planlaşdırıldığını göstərir. Hər iki sui-qəsdin elektrik kəsintisindən sonra baş verməsi də hadisələrin bir-birinin davamı olduğunu və hansısa böyük güc tərəfindən həyata keçirildiyini təsdiqləyir.

Rəsmi açıqlamalardan  görünən budur ki, dövlət yetkililərimiz də qarşılaşdıqları “sürprizin” fərqindədir, amma təxribat planının arxasında kimin dayandığını ya tam olaraq bilmirlər, ya da açıq dilə gətirməkdən çəkinirlər. Məhz buna görə də ölkə siyasilərinin bir ağızdan Gəncədə baş verənləri sadəcə qınamaları yetərli deyil. Hadisələrin törəmə səbəbləri araşdırılmalı, xarici qüvvələrin təxribatına şərait yaradan daxili incə nöqtələrimiz təsbit olunmalı və ictimai narazılığa yol açan problemlər aradan qaldırılmalıdır. Əks halda, yalnız sui-qəsdçiləri qınamaq zibili palaz altında gizlətməyə bənzəyəcək və bu da problemlərin aradan qaldırılmasına yox, əksinə böyüməsinə gətirib çıxaracaq.

Zənnimizcə, Gəncə gərginliyini ortaya çıxaran amilləri iki qrupa ayırmaq olar: daxili və xarici faktorlara. Daxili faktorları gərginlik gölü, xarici faktorları isə bu gölü bəsləyən çaylar kimi xarakterizə edə bilərik. Odur ki, analizimizə daxili faktorlardan başlamağın daha doğru olacağını düşünürük.

 

Daxili faktorlar

Sözsüz ki, Gəncə gərginliyi xarici kəşfiyyat orqanları tərəfindən hazırlanmış olsa belə, bu təxribatların planlaşdırılmasında özümüzün günahı da az deyil. 25 ildir davam edən korrupsioner rejimin ən acımasız qalalarından biri bu şəhərdir və sui-qəsdə uğramış Elmar Vəliyevin gəncəlilərə qan uddurduğu heç kimə sirr deyil. Məhz bu cür idarəetmə metodu Azərbaycanın bir sıra regionları kimi, Gəncəni də ölkəmizin yumşaq qarnına çevirmiş, məmləkətimizdə iğtişaşlar törətmək istəyən xarici kəşfiyyat orqanlarının diqqətini özünə cəlb etmişdir.

O zaman sual yaranır: Bir halda ki, Gəncə zalım xırda padişahların at oynatdığı məkan kimi digər regionlarımızdan fərqlənmir, niyə onda başqa yer yox, məhz bu şəhər planlaşdırılan iğtişaşların episentri kimi ortaya çıxıb?

Zənnimcə, bu sualın cavabı analizimizin ikinci və əsas hissəsində - “Xarici faktorlar”da gizlidir.

 

Xarici faktorlar

İstər Gəncədə yaradılmağa çalışılan iğtişaşların, istərsə də Mingəçevirdə baş verən elektrik enerjisi faciəsinin məhz Azərbaycanın TANAP və TAP layihəsini işə saldıqdıqdan sonra meydana gəlməsi təsadüfi deyil. Ötən yazımızda da qeyd etdiyimiz kimi, bu layihələr Rusiyanın Avropanı qazla təmin etməsinə qarşı planlaşdırılmış enerji proyektləridir (http://ovqat.com/manset/22190-3-hftlik-scray-dunyann-enerji-thluksizliyi-qarantlndan-am-i-qaranlna.html). ABŞ tərəfindən hazırlanan bu layihələrin riskli olduğu əvvəlcədən bilinirdi. Hətta məhz bu risk amillərini nəzərə alan bəzi trans-milli şirkətlər sözügedən layihələri maliyyələşdirməyə belə həvəssiz yanaşırdılar. Bunu TANAP layihəsinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev də dolayısıyla etiraf edərək bildirirdi:

 

“Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmişdir. Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli sürək və bunun adını da biz birlikdə qoyduq – TANAP”.

Çıxışında TANAP-ın dünyanın enerji təhlükəsizliyində əhəmiyyətindən bəhs edən ölkə başçısı vurğulayırdı ki, TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir: “Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”.

 Cənab İlham Əliyev daha sonra Cənub Qaz Dəhlizinin dörd böyük layihədən ibarət olduğunu bildirərək, bunlardan birinin “Şahdəniz-2” qaz yatağı, digərlərinin isə Cənubi Qafqaz Kəməri, TANAP və TAP olduğunu bildirirdi. Onun sözlərinə görə, həmin layihələrin üçü artıq reallaşıb. Başa çatdırılmayan yeganə layihə TAP-dır ki, onun da 72 faiz icra olunub: “Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın”.

 

Qeyd edək ki, ümumi uzunluğu 800 kilometr olan TAP layihəsinin Türkiyədən Yunanıstana, ordan isə İtaliya başda olmaqla bir sıra Cənubi Avropa ölkələrinə uzanması nəzərdə tutulur. Bu isə Rusiyanın Avropanı özündən asılı vəziyyətə salmağı hədəfləyən enerji siyasətinə ziddir və elə bu niyyətlə də həyata keçirilir. Ötən yazımızda da qeyd etdiyimiz kimi, ABŞ enerji strateqləri də bunu gizlətmir, bir neçə il bundan əvvəl Rusiya qazının Avropaya nəqli proyektində yer almaq istəyən Yunanıstanı TAP layihəsinə yönəlməyə həvəsləndirirdilər.

Yeri gəlmişkən, qeyd edək ki, əslində Yunanıstanın Rusiya qaz layihəsinə yönəlməsi də ciddi deyildi və blef xarakteri daşıyırdı. Həmin vaxtlar defolt olduğunu açıqlayan Yunanıstan bu manevr ilə dünyanın aparıcı banklarından kredit almaq və bir çox borclarını sildirmək istəyirdi. Sözügedən blefdən sonra öz istəyinə qovuşan Atina hökuməti də rus qaz layihəsindən tədricən uzaqlaşmağa başladı. Gəncə və Mingəçevir hadisələrinin baş verdiyi indiki mərhələdə iki rus diplomatını da ölkədən qovdu. Bununla da Rusiyaya “filmin sonu” mesajını verdi.

Sözsüz ki, Rusiya filmin bu cür nəticələnməsinə laqeyd qala bilməzdi. Moskva nəyin bahasına olursa olsun, öz maraqlarına qarşı yönələn bu layihələri dayandırmağa çalışmalı idi. TANAP və TAP layihəsinin ən zəif nöqtəsi isə Azərbaycandır.

 Ölkəmizin coğrafi olaraq Rusiyaya yaxın olması və uzun zaman bu imperiyanın tərkibində qalması Moskvanın Azərbaycanda ciddi rıçaqlar yaratmasına yol açıb. İstənilən anda bu rıçaqların işə salınması hər şeyi alt-üst edə bilər. Təsadüfi deyil ki, Azərbaycanı bir neçə günlük qaranlığa qərq edən Mingəçevirdəki enerji qəzası da məhz TANAP layihəsinin açılışından cəmi bir neçə gün sonra baş verdi. Ardınca da Gəncə hadisələri meydana gəldi.

Gəncə hadisələrinin şərhinə keçmədən bir məsələni qeyd etmək də yerinə düşərdi. Nə qədər bir-birindən fərqli adlandırılsa da, əslində TAP layihəsi TANAP-ın Türkiyədən sonrakı uzantısı və bu mənada eyni proyektin tərkib hissəsidir. Hər iki layihənin mənbəyi Bakıdan başlayır və təkcə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutmur. Bu layihənin son məqsədlərindən biri də Türkmənistan, Qazaxıstan, hətta Özbəkistan qazının da eyni kəmərlə Avropaya daşınmasıdır. Əks halda təkcə Azərbaycan qazı ilə nə Avropanı Rusiyanın təsir dairəsindən çıxartmaq mümkündür, nə də TANAP və TAP layihələri rentabellilik qazana bilər. Orta Asiya qazının TANAP və TAP layihələrinə cəlbi isə yenə Rusiyanın enerji maraqlarına zərbə vurur. Çünki Rusiya məhz bu ölkələrdən ucuz qiymətə aldığı qazla Avropanın enerji ehtyacının 40%-ni ödəməyə çalışır. Həmin ölkələrin öz enerji resurslarını TANAP və TAP layihəsinə yönlədirməsi isə onların da maraqlarına uyğundur. Nədən ki, sözügedən layihələrdə iştirak etməklə həmin ölkələr qazlarının bir kub metrini 50-60 dollara yox, dəfələrlə baha qiymətə - 250-300 dollara Avropaya sata biləcəklər. Dolayısıyla Rusiya öz dövlət mənfəətləri naminə Orta Asiya ölkələri üçün alternativ enerji marşrutlarını sıradan çıxarmalı və özünü yeganə çıxış yolu kimi saxlamalı idi. İstər Mingəçevir, istərsə də Gəncə hadisələrinə bu konteksdən nəzər salanda hadisələrin əsl mahiyyəti ortaya çıxır.

 

Gəncə hadisələrinə gəlincə, gərginliyin ortaya çıxdığı ilk günlərdən etibarən, proseslərin arxasında hansı xarici qüvvənin dayanması versiyaları ictimaiyyət tərəfindən xeyli müzakirə olundu. Respublika Prokurorluğu, DİN və DTX birgə yaydığı bəyanatla hadisələrin mənşəyi olaraq İranı işarə etdilər. Elmar Vəliyev sui-qəsdi icraçısının 8 ay Qumda qalması və Suriyada hərbi təlimdən keçməsi barədə yayılan xəbərlər də bu arqumentin beyinlərə yeridilməsinə xidmət edirdi. Rəsmi qurumların məlum bəyanatından əvvəl Gəncə icra başçısının qardaşı, hərbi prokuror Xanlar Vəliyev isə tamamilə başqa fikirlər səsləndirmişdi. Onun fikrincə, sui-qəsdin arxasında Rusiya xüsusi xidmət orqanları dayanır. Xanlar Vəliyevin kifayət qədər informasiyalı şəxs olduğunu nəzərə alsaq, səsləndirdiyi bu fikirləri yabana atmaq mümkün deyil.

O ki qaldı dövlət qurumlarımızın yaydığı məlumata, fikrimizcə, Yunis Səfərovun İranla əlaqələri barədə irəli sürülən faktlar da əsassız deyil, xarici kəşfiyyat orqanlarının  iş prinsipinə tamamilə uyğundur. Adətən, xarici kəşfiyyat orqanları həyata keçirdikləri əməliyyata başqa “müəlliflərin imzasını qoyurlar”, bununla həm iz azdırır, həm də rəqiblərini bir-biriylə qarşı-qarşıya qoyurlar. Nəzərə alsaq ki, İran Yaxın Şərq siyasətində Rusiya ilə nə qədər müttəfiqdirsə, qlobal enerji sahəsində bir o qədər rəqibdir, haqqında bəhs etdiyimiz versiya kifayət qədər inandırıcı görünür. Zira Avropanı rus qazının təsir dairəsindən çıxarmaq üçün irəli sürülən alternativlərdən biri də İranın eneji resurslarıdır. Dünyanın ən böyük karbohidrogen enerji istehsalçılarından biri olan İran qazının Avropaya nəqli isə iki marşrut üzərindən mümkündür. Bunlardan biri Azərbaycanın enerji layihəsi olan TANAP, digəri isə İran qazını Türkiyənin şərq əyalətlərinə nəql edən kəmərdir. İldə Türkiyəyə 10 milyard kub metr qaz satan İranın xüsusilə qış aylarında enerji nəqlini dayandırdığı bilinir. Bu isə onu göstərir ki, İranın Türkiyəyə ayrıca qaz kəməri çəkməsi rentabelli olmayacaq. Rentabelliyi artırmaq üçün Türkmənistan qazı da İran qazının gözünə qatmalıdır. Türkmənistan isə əlavə qazını TANAP layihəsi ilə daşımaqda maraqlıdır.

 

Üstəlik, Çinlə bağladığı daha avantajlı müqavilələr onun ümumiyyətlə Avropa bazarından vaz keçməyə həvəsləndirir. Belə vəziyyətdə İran qazının TANAP-la Avropaya nəqli iqtisadi cəhətdən daha səmərəli görünür. Deməli, Rusiya öz qaz strategiyasına qarşı yönələ biləcək bu perspektivin qarşısını almaq üçün İranla Azərbaycan arasında onsuz da mövcud olan narazılığı körükləməlidir. Zənnimcə, Gəncə hadisələrinə İran süsü verilməsinin başlıca səbəbi də elə budur. Mümkündür ki, Rusiya Elmar Vəliyev sui-qəsdçisini məhz bu məqsədlə 8 ay Qum şəhərinə və Suriyada Hizbullah düşərgəsində təlim almağa göndərsin. O da mümkündür ki, Gəncə əməliyyatı hər iki dövlətin birgə layihəsi olsun. Nədən ki, İran TANAP kimi layihəni mümkünsüz hala gətirməklə, Orta Asiya qazını öz üzərindən nəqli eşqinə düşə bilər və bu da onun  milli maraqlarına uyğun olduğu kimi,  həm də əzəli rəqibi Azərbaycanı oyundan kənar vəziyyətə salmaq deməkdir.

Hansının doğruluğundan asılı olmayaraq, hər iki ehtimalda hadisələrin arxasında rus barmağı bariz şəkildə nəzərə çarpır. Yunis Səfərovun Rusiya vətəndaşı olması, anasının isə Moskvadakı hərbi məktəblərdən birində Azəbaycan dilində dərs keçməsi də bu ehtimalı qüvvətləndirir. Elmar Vəliyev sui-qəsdindən sonra Gəncənin iki polis məmurunun qətlə yetirilməsində adları hallanan canilərdən birinin Rusiya vətəndaşlığına keçən həmyerlimiz olması, digərinin İran meyli təbliğatlarıyla gündəmə gəlməsi  bu mənada təsadüfi görünmür.

 

Gərginlik mərkəzi kimi məhz Gəncənin seçilməsinin bir başqa səbəbi də ola bilər.  Fikrimizcə, ABŞ-ın “Foreign Policy” dərgisində dərc olunan (28 may, 2018) “Azərbaycan Qərbə niyə lazımdır?” sərlövhəli bir məqalə bu səbəbə kifayət qədər aydınlıq gətirir. Məqalədə qeyd olunur ki, Asiya və Avropa arasında enerji və ticarət üçün üç yol var: “İran, Rusiya və Azərbaycan. Moskva və Tehranla tikanlı əlaqələrə görə yüz milyard dollarlıq ticarətdən ötrü Qərbə yalnız bir həyat qabiliyyətli marşrut qalır - Xəzər dənizi sahilindəki kiçik Azərbaycan dövləti.

Ermənistanın Azərbaycan ərazisinin, demək olar ki, beşdə birini işğal etməsi faktını nəzərə aldıqda, ticarət cəmi 60 mil uzunluğunda bir zolağa möhtac qalır. Biz bu ticarət zolağını “Ganja Gap” (“Gəncə Keçidi”) adlandırırıq – Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncəyə uzanan dar keçid”.

(http://strateq.az/manshet/256344/az%C9%99rbaycan-q%C9%99rb%C9%99-niy%C9%99-lazimdir.html )

Məqalədə daha sonra Gəncənin ABŞ üçün digər əhəmiyyətlərindən danışan müəllif yazır:

“Hazırda regionda Rusiya və İrandan yan keçən və “Ganja Gap”dan uzanan (60 mil) üç böyük neft və qaz boru kəməri var:

– Bakıdan Gürcüstana və Türkiyəyə, Aralıq dənizi vasitəsilə xarici dünyaya çıxışı olan Bakı-Tbilisi-Ceyhan boru kəməri;

– Xəzər dənizindən Qara dənizə, sonra isə xarici dünyaya neft çatdıran Bakı-Supsa boru kəməri;

– Cənubi Qafqaz boru kəməri – Azərbaycandan Türkiyəyə keçən və yaxın zamanda təklif olunan Cənub Qaz Dəhlizi ilə İtaliya, sonra isə Avropaya qaz tədarük edəcək nəql marşrutu.

 

Cənub Qaz Dəhlizi Xəzər regionundan “Ganja Gap” vasitəsilə həyati enerji resurslarını nəql edəcək. Bu təchizat Rusiya boru kəmərlərindən, demək olar ki, yüz faiz asılı olan Cənub-Şərqi Avropa üçün bir nemətdir”.

“Ganja Gap” vasitəsilə Gürcüstan və Azərbaycandan keçən tranzit marşrutun genişləndirilməsi Vaşinqtonun Moskvadan asılılığını azaldacağını qeyd edən müəllif bu gün yaşananları bir ay əvvəldən proqnozlaşdırırmış kimi yazır:

“Bütün bunlar o deməkdir ki, Rusiya Qərbin “Ganja Gap”dan istifadəsini çətinləşdirə biləcək hər şeyi edə bilər”.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 3 383          Tarix: 11-07-2018, 21:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma