Xəbər lenti
27-11-2024, 19:25

  

ABŞ-ın Türkiyənin iki nazirinə qarşı sanksiya qərarının əslində heç bir iqtisadi mənasının yoxdur. Buna baxmayaraq, həmin qərardan dərhal sonra lirə sürətlə ucuzlaşdı. Daha genişmiqyaslı sanksiyaların tətbiqi nəticəsində isə Türkiyə defoltla üzləşə bilər.

Ovqat.com xəbər verir ki, bu ehtimalı Almaniyanın “Die Welt” qəzeti irəli sürüb.

Qəzetin analizinə görə, ABŞ-ın məlum qərarından sonra Türkiyənin milli valyutası ucuzlaşaraq, bir dollar 5.1 lirəyə olmuşdur: “Bu isə böyük bir fəlakətin yaxınlaşmaqda olduğunun siqnalını verir. ABŞ, bəllidir ki, NATO tərəfdaşı ilə aralarındakı münaqişəni artırmağa - bir sıra yeni sanksiyalara hazırlaşır. Prezident Ərdoğan güzəştə getməz və nəticədə əlavə sanksiyalar qüvvəyə minərsə, nəticələri daha dəhşətli olar; proses dövlətin iflasına qədər irəliyə bilər”.

 Ərdoğan hakimiyyətinin “ver xocanı, al keşişi” davranışı sərgilədiyi və Türkiyədə 2 il həbsdə qaldıqdan sonra ev həbsinə çıxaran keşiş Endryu Brunsonun ABŞ tərəfindən girov olaraq görüldüyünü bildirən “Die Welt” analitiklərinin fikrincə, ilk sanksiya qərarı öz gözlənilən təsirini göstərib; ilin əvvəlindən bəri dörddə bir faiz dəyər itirən lirə ucuzlaşmağa davam edir.

DZ Bankın valyuta mütəxəssisi Sören Hettler də bu əndişəni bölüşür. Onun fikrincə, investorlar yeni sanksiyaların tətbiqindən qorxur, çünki hər iki tərəf güzəştə getməyə hazır kimi dayanmır.

Alman nəşri ABŞ Senatına Türkiyənin beynəlxalq maliyyə qurumlardan borc almasını əngəlləyən qətnamə layihəsinin təqdim olunduğunu xatırladaraq, sənədin qəbul edilməsi durumunda ölkəyə ağır zərbə dəyəcəyindən ehtiyatlanır: “Türkiyə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) ən çox borc alan ölkədir. Ötən il təkcə EBRD-dan 1.8 milyard dollarlıq kredit alıb”.

 Türkiyəyə beynəlxalq kreditlərin ayrılmasının qarşısının alınması üçün qətnamə layihəsinin əvvəl Senat tərəfindən qəbul edilməsinin, sonra isə Tramp tərəfindən imzalanmasının lazım olduğunu, amma bu ehtimalın belə, onsuz da iki ildir sürətlə dəyər itirən lirənin tamamən süqutuna yol aça biləcəyini iddia edən məqalə müəllifi 2016-cı ilin ortalarından bəri devalivasiyanın 40%-i keçdiyini bildirib:

 “Bunun səbəbi uğursuz çevriliş cəhdindən sonra, hökumət və Mərkəzi Bankının durğunluğun qarşısını almaq üçün iqtisadiyyata intensiv şəkildə pul transferidir. Bunun sayəsində böhranın qarşısı alındı, amma hökumət  təşviq tədbirlərindən geri çəkilmədi. İqtisadi böyümə nisbəti 7%-i keçdi, fəqət eyni zamanda kredit şarı yarandı və inflyasiya başladı. Hazırda rəsmi qurumlar da belə bir problemin mövcudluğunu qəbul edir".

İyul ayında Türkiyədə inflyasiyanın 16%-i keçməsinə rəğmən, indiyədək bu nisbətin 17.75%-də qaldığını və Ərdoğanın faizin yüksəlməsinə var gücü ilə mane olduğunu bildirən “Die Welt”-in fikrincə, məhz bu səbəbdən qiymətli kağızlardan minimum gəlir əldə edən xarici sərmayədarlar kapitallarını Türkiyədən çəkirlər.

 Dünyada Türkiyə qədər xarici sərmayədən asılı başqa ölkə olmadığı düşünən müəllifin fikrincə, xüsusilə Ərdoğanın hakimiyyəti dövründə bu asılılıq getdikcə böyüyüb: “Ölkə davamlı olaraq ixracdan çox idxal edir. Bu üzdən daim artan cari kəsirin GSYİHY-ə (Milli Gəlir) görə nisbəti 2016-cı ildə 3.8% ikən, 2017-ci ildə bu rəqəm 5.5%-ə yüksəlib. Bu cari əməliyyatlar kəsiri yalnız o halda  kompensasiya edilə bilər ki, ölkəyə daim xarici kapital axsın və onun miqdarı gündə 200 milyon dollar civarında olsun.

ABŞ rəhbərliyi Türkiyənin bu ən zəif və müdafiəsiz nöqtəsindən qəsdən istifadə edir. Senatdakı sanksiyalar qəbul edilsə, ilk növbədə ölkə iqtisadiyyatının böyüməsinə səbəb olan xarici sərmayə axınını hədəf alacaq. Bu axın dayanarsa, Sören Hettlerin proqnozuna görə, lirənin devalivasiyası daha da artacaq, ödəmə tarazlığı böhranı riski böyüyəcək”.

İqtisadçının fikrincə isə, nəticədə defolt qaçılmaz olacaq.

Sual ortaya çıxır:  ABŞ həqiqətən də öz əli ilə NATO müttəfiqini bu cür ağır böhrana sürükləyərmi?

Bu sual ətrafında fikir yürüdən “Die Welt”-in Avropa Xarici Əlaqələr Şurasının üzvü Əsli Aydıntaşbaşın proqnozları da nikbin deyil:

“Tam da bu təhlükəyə görə ABŞ-dan çəkinmək lazımdır”.

Nəşrin fikrincə, təhlükəni artıran əsas səbəb isə ABŞ-ın indiki prezidenti Donald Trampın nə edəcəyinin proqnozlaşırıla bilinməməsidir:

“İki ölkə arasındakı münasibətlərdə həmişə belə olub. İndiyədək ABŞ gərginliyin sonunda öz tərəfdaşını yox etmək istəməyib. Amma indi böyük bir sual işarəsi ilə üz-üzəyik: Bu ənənə ABŞ prezidentinin adının Tramp olduğu vaxtlarda da etibarlıdırmı?”.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 744          Tarix: 4-08-2018, 11:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma