"Türkiyənin Qətərə verdiyi dəstək NATO-nu axmaq bir regional savaşa sürükləyə bilər".
Ovqat.com xəbər verir ki, bu iddianı dünyanın məşhur mətbu orqanlarından “Times” qəzeti irəli sürüb.
Səudiyyə Ərəbistanı və Qətər arasındakı böhranda Türkiyənin mövqeyini analiz edən qəzet Ərdoğanın Qərb ölkələri üçün ikitirəlik yaratdığını bildirib:
"Ərdoğan yalnış səbəblərlə doğru bir iş görüb, bir ölkənin zorbalığa qarşı öz suverenliyini müdafiəsinə kömək göstərir".
Türkiyə prezidentinin Səudiyyə Ərəbistanının tələblərini "hörmətsizlik" kimi qiymətləndirdiyini bildirən qəzet, Qətərin isə Riyad rəhbərliyinin tələblərini rədd etdiyini, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin də öz növbəsində rəsmi Dohaya qarşı ittihamlarını sürdürdüyünü, embarqonu davam etdirməkdən və "əlavə tədbirlər"dən bəhs etdiyini xatırladıb. "Təhlükəli və tamamilə gərəksiz bir hesablaşma üçün səhnə hazırdır" - yazan “Times”in baş məqaləsində daha sonra deyilir:
"Türkiyənin müdaxiləsi vəziyyəti tündləşdirir. Türklər indi də Qətəri xarici müdaxilədən qorumaq üçün əsgərlərindən istifadə etməyə hazır olduqlarından bəhs edirlər və bu səbəbdən silahlı döyüş ehtimalları artır. Ərdoğan bu addımı ataraq, İŞİD-ə qarşı koalisiyaya qatılmaq üçün könülsüz davranmasına rəğmən, islamçı iddialara verdiyi dəstəkdən vaz geçmədiyini göstərir. Ankaranın qeyri-legitim “Müsəlman qardaşları” təşkilatına verdiyi dəstək üzündən hələ də qəzəbi soyumayan Misir prezidenti Sisi ilə baltaları yerə qoymaq niyyəti də yoxdur. Üstəlik, o, Səudiyyə Ərəbistanı ilə Suriya mövzusundakı fikir ayrılığını dərinləşdirib İranla yaxınlaşmaqdan da qorxmur. "
Məqalə bu cumlələrlə tamamlanır:
"Ərdoğanın hədəfləri - bölgədə İslamçı cərəyanları dəstəkləmək, Suriyalı kürdlərin məğlubiyyətə uğraması və köhnə Osmanlı hegemoniyasının mərhələ-mərhələ yenidən yaradılmasıdır. Bunlar isə Qərbin məqsədlərinə aid məsələlər deyil. Və NATO üzvü olduğundan Türkiyənin girdiyi hər hansı hərbi macəra ittifaqı da döyüşün mərkəzinə çəkə bilər. Qürurlarına və hegemoniyalarına qarşı meydan oxunduğu zaman ərəb şahzadələrinin ona həyasızcasına cavab vermək ehtimalı istisna edilməməlidir. Yaxın Şərqin yeni böyük yanğına ehtiyacı yoxdur".
Paylaş: