ABŞ Prezidenti Donald Tramp 2019-ci il müdafiə xərcləri layihəsini imzalayıb. Sənəddə Türkiyənin almaq istədiyi F-35 təyyarələrinin təhvilinin müvəqqəti olaraq dayandırılması da öz əksini tapıb.
Ovqat.com xəbər verir ki, layihə bundan əvvəl ABŞ Konqresi tərəfindən qəbul edilmişdi.
Konqresin alt qanadı Nümayəndələr Palatası və üst qanadı Senat iki fərqli layihə hazırlamış, sonra müştərək mətn üzərində razılığa gəlmişdilər. Layihə imzalanmaq üçün bu ayın 3-də Ağ evə göndərilmişdi.
Sənəddə F-35 təyyarələrinin Türkiyəyə təhvilinin əngəllənməsinə əsas kimi keşiş Endryu Brunson da olmaqla, bəzi Amerika vətəndaşlarının həbsə atılması və Rusiyadan S-400 hava müdafiə sisteminin alınması göstərilir. Vaşinqtonun fikrincə, S-400-lər NATO sisteminə uyğun deyil və F-35 təyyarələri Türkiyəyə satılarsa, onun texniki özəllikləri rusların əlinə keçə bilər. NATO Müttəfiq Qüvvələr Hava Komandanı Tod Volters bununla bağlı açıqlama verərək, demişdir: "Türkiyəyə satılan F-35-lər sayəsində Rusiyanın radardan yayınan bu təyyarələrin necə işlədiyini öyrənmək ehtimalı var".
Türkiyə isə bu iddialara qarşı çıxır, xüsusilə də Rusiyadan S-400 havadan müdafiə sistemlərinin alınmasının ABŞ və ya NATO maraqlarına zidd olmadığını irəli sürür.
ABŞ rəsmilərinin F-35-lərin Türkiyəyə satışı ilə bağlı mövqeləri birmənalı deyil. Bu qərara ən çox qarşı çıxan isə Pentaqondir. Məlumatlara görə, müdafiə Naziri Ceyms Mattis birgə mətn qəbul edilməmişdən əvvəl Konqresə məktub yazaraq, layihəyə səs verilməməsini istəmişdi. Onun fikrincə, Türkiyənin layihədən tamamilə çıxarılması tədarük zəncirində qırılma yarada bilər: “Bu isə F-35-lərin maya dəyərinin yenidən artmasına və bahalaşmasına yol açar”.
Pentaqon rəhbərinin qələmə aldığı məktubunda əsasən təyyarələrin qiyməti üzərində dayanması təsadüfi deyil. İndiki prezident Donald Tramp hakimiyyətə gəldiyi ilk dövrlərdə F-35-lərin baha olmasından gileylənmiş və istehsalçı şirkətə - “Lockheed Martin”-ə qiymətləri aşağı salmağı məsləhət görmüşdü. Əks halda müdafiə büdcəsində ixtisara gediləcəyini bildirmişdi.
ABŞ prezidentinin bu göstərişindən sonra “Lockheed Martin” qiymətləri 10%-ə qədər ucuzlaşdırdığını bəyan etmişdi. Ötən il 102 milyon dollara başa gəldiyi bildirilən F-35-lərin kütləvi istehsalı və satışı nəticəsində maya dəyərinin 94.4 milyon dollara endirilə biləcəyi açıqlanmışdı. İstehsalçı şirkətin bununla bağlı rəsmi bəyanatında deyilirdi:
"Prezident Trampın F-35 proqramı ilə şəxsən məşğul olması sövdələşmələri sürətləndirdi və qiymətləri aşağı salmağımıza kömək etdi".
Məhz bundan sonra Pentaqonla “Lockheed Martin” arasında təyyarə satışı ilə bağlı müqavilə imzalanmışdı. Müqaviləyə əsasən, 90 ədəd F-35 təyyarəsi Pentaqona 8.5 milyard dollara satılacaq.
F-35-lərin əsas sifarişçilərindən biri isə Türkiyədir. 100-dən artıq F-35 almaq istəyən Türkiyəni həm də təyyarələrin rəsmi sponsorlarından hesab etmək olar. Belə ki, hava döyüşləri sahəsində yeni cığır açacağı düşünülən F-35 proqramında bütövlükdə 12 ölkə iştirak edir - ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Cənubi Koreya, İtaliya, Danimarka, Niderland, Yaponiya, Norveç, İsrail və Türkiyə. Türkiyənin də aralarında olduğu 9 ölkə isə F-35 döyüş təyyarələrinin birgə konsorsiumunun təsisçilərindəndir. Konsorsium tərəfindən istehsal olunan təyyarələrin 2018-ci ilə qədər tərəfdaşlara təslim ediləcəyi bildirilirdi. Ankarann sifariş verdiyi 107 ədəd F-35 döyüş təyyarələrindən ilk ikisini 2017-ci ildə təhvil alacağı gözlənilirdi.
ABŞ Müdafiə nazirinin Konqresə yazdığı məktubda üzərində dayandığı digər narahatçılığı isə ABŞ-ın hərbi-strateji tərəfdaşı və NATO müttəfiqi Türkiyəylə münasibətlərin geri dönülməz bir nöqtəyə getməsi ehtimalı ilə bağlı idi.
Bütün bunlara baxmayaraq, Tramp hakimiyyətinin F-35-lərin Türkiyəyə təhvil verilməsinə qoyduğu sanksiyaların Ankaranı daha çox Moskvaya yaxınlaşdıracağı təxmin olunur. Türkiyə öz hərbi hava qüvvələrini rus döyüş təyyarələri ilə möhkəmləndirə bilər.
Paylaş: