Xəbər lenti
27-11-2024, 19:25

   

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerikanın “Wall Street Journal” qəzetində Suriya böhranı və İdlib problem ilə bağlı məqaləsi dərc olunub.

 Məqalədə Rusiya və İrana mesaj göndərən Ərdoğan, "Yaşanacaq qətliamı dayandırma məsuliyyəti yalnız Qərbə aid deyil. Astana sammitindəki tərəfdaşlarımız Rusiya və İran da bu insani fəlakətin qarşısını almağa borcludur" ifadələrinə yer verib.

 Ərdoğanın bu məqaləsinin sətir aralarından Türkiyənin də Rusiya və İrana qarşı İdlib hərəkatına başlaya biləcəyi nəticəsi ortaya çıxır. Regiondakı gərginliyin daha da artacağı və Astana üçlüsünün qarşı-qarşıya gələcəyinin ilk xəbərçisi olan məqaləni Ovqat.com oxucularının diqqətinə çatdırırıq:

 

 Ovqat.com oxucularına təqdim edirik:

 “Əsəd rejimi, yeddi ildir ki, Türkiyənin cənub sərhədində Suriya vətəndaşlarını özbaşına həbs edir, sistematik işgəncə, kütləvi edamlar, varil bombaları və kimyəvi və konvensional silahlarla hədəfə alır. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının "İkinci Dünya Müharibəsindən bəri baş verən ən böyük insan mənşəli fəlakət" kimi xarakterizə etdiyi Suriyadakı vətəndaş müharibəsi nəticəsində milyonlarla günahsız insan qaçqın düşmüş və ya öz ölkələri daxilində didərgin salınmışlar.

 

 Suriya xalqının acısını yüngülləşdirmək üçün ciddi səy göstərən Türkiyə, bu gün təxminən 3.5 milyon qaçqına, yəni başqa ölkələrin hamısından daha çox suriyalı didərginə ev sahibliyi edir. Eyni zamanda yanımızda fəaliyyət göstərən terror təşkilatları DEAŞ və PKK-nın hədəfi olduq. Ancaq nə humanitar yardım səylərimizin yüksək maliyyəti, nə də təhlükəsizlik qayğıları qətiyyətimizi zəiflətmədi.

 

 Türkiyə bu cür çətinliklərlə üzləşdiyi bir dövrdə böhrana siyasi həll tapmaq üçün diplomatik cəhdlər göstərdi. Bu çərçivədə Suriya müxalifətini Cenevrədə bazarlıq masasına gətirdik; Rusiya və İran ilə yanaşı Astana prosesini başlatdıq. Nəticə olaraq Türkiyə, atəşkəs müqavilələri bağladı, döyüşsüz bölgələri qurub və vətəndaşları rejimin təcavüzü altındakı ərazilərdən evakuasiyasını təmin etdi.

 

 Bu gün daha kritik ərəfədəyik. Əsəd rejimi müttəfiqlərinin də köməyi, üç milyon nəfərin məskunlaşdığı və didərgin salınmış suriyalılar üçün son təhlükəsiz limanlardan biri olan İdlibə böyük bir hücuma hazırlaşır. Hökumətimiz bu təcavüzü əngəlləmək məqsədilə döyüşsüz zona yaradılmasına kömək etdi, bölgədə atəşkəs pozuntularını sənədləşdirmək və hesabatlar hazırlamaq məqsədilə 12 müşahidə nöqtəsi qurub.

 Əsəd rejimi yaxınlaşan hücumunu terrorla mübarizə zəminində qanuniləşdirməyə cəhd edir. Bunu açıq şəkildə ifadə edirəm: Terrorizmlə mübarizənin əhəmiyyətini heç bir ölkə Suriya böhranı regiona inamsızlıq ixrac etməyə başladığından bəri ciddi terror hücumlarına hədəf olan Türkiyədən daha yaxşı anlaya bilməz. Ancaq Bəşər Əsədin həll yolu saxta bir plandır. Terrorla mübarizə adına günahsız insanlar qurban edilə bilməz. Belə bir addım ancaq yeni terrorizm və ekstremizm yuvaları yaratmağa yol aça bilər. Necə ki, DEAŞ-ın ortaya çıxışı, Suriyada baş verənlərin səbəbi deyil, nəticəsi idi. Beynəlxalq ictimaiyyət terrorun kök atmasını əngəlləmək üçün bu şiddəti kontrol altında tutmaq məcburiyyətindədir.

İdlibdə də oxşar problemlərlə qarşı-qarşıyayıq. Aralarında HTŞ-nin də olduğu terror təşkilatları, bu regionda fəaliyyətlərini davam etdirir. Ancaq bu ünsürlər İdlibin ümumi əhalisinin çox kiçik bir hissəsini təşkil edir. Terrorçuları və radikal ünsürləri zərərsizləşdirmək və xarici döyüşçüləri ədalətə təslim etmək üçün genişmiqyaslı beynəlxalq terrorizmlə mübarizə əməliyyatı tələb olunur. Türkiyənin Şimali Suriyada terrorçulara qarşı apardığı mübarizədə aparıcı rol oynayan mülayim müxaliflərə verəcəyi dəstək və istiqamətləndirmə, İdlibdə də çox əhəmiyyətli olacaqdır.

 

 İdlibə gözlənilən təcavüzü əngəlləmək terrorla mübarizə addımlarını iflasa məruz qoymayacaq. Türkiyə DEAŞ və PKK kimi terror təşkilatlarıyla mübarizədə vətəndaşlara zərər vermədən müvəffəqiyyət qazanmışdır. Terrordan əziyyət çəkən bölgələrdə sabitliyi yenidən təmin etmək uğrunda çoxlu şəhid verdik. Türkiyənin Suriyanın şimalındakı nizamı mühafizə etməsi məsuliyyətli bir terrorla mübarizə metodunun yerli xalqın dəstəyini qazana biləcəyinin ən açıq dəlilidir.

 

 İdlib təcavüzü yaxınlaşanda beynəlxalq ictimaiyyətin bütün üzvləri məsuliyyətini dərk etməlidir. Lazımi addımları atmağın bədəli çox ağır olacaq. Suriya xalqını Bəşər Əsədin insafına tərk edə bilmərik. Rejimin İdlibə qarşı hücumunun məqsədi həqiqətən terrorla mübarizə etmək deyil, təsadüfi hücumlarla müxalifləri aradan qaldırmaqdır. Bu rejim təcavüzü, eyni zamanda Türkiyə, Avropanın qalanı və sonrası üçün ciddi humanitar və təhlükəsizlik riskləri yaradacaqdır.

 

 Bu günə qədər Suriyada kimyəvi hücumlara qarşı çıxan ABŞ-ın bu “gəlişigözəl” ölüm iyerarxiyasını rədd etməsi lazımdır. Çünki konvensional silahlar çox daha çox ölümə yol açmışdır. Yaşanacaq qətliamı dayandırma məsuliyyəti, yalnız Qərbə aid deyil. Astana sammitindəki tərəfdaşlarımız Rusiya və İran da bu insanı fəlakətin qarşısını almağa borcludur.

 

 İdlib, körpüdən əvvəlki son çıxışdır. Əgər Avropa və ABŞ, o cümlədən beynəlxalq ictimaiyyət bu gün lazımi addımları atmasa bunun bədəlini yalnız Suriyalı günahsızlar deyil, bütün dünya ödəyəcəkdir. Türkiyə qonşuda baş verən qətliamı əngəlləmək üçün əlindən gələn hər şeyi etmişdir. Səylərimizdə uğurlu olmağımız üçün dünyanın geri qalanının dar maraqlarını bir kənara qoyub, siyasi həllə dəstək verməsi lazımdır".




Ana səhifəyə qayıt        Baxış: 1 158          Tarix: 11-09-2018, 10:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma