Dünya bazarında neftin qiyməti durmadan artır.
Ovqat.com xəbər verir ki, dünən Brent markalı neftin qiymətində 4%-ə yaxın bahalaşma qeydə alınmışdı. Bu gün də yüksəliş trendi davam edir. London birjasının bugünkü açılışına 80.53 dollarla başlayan Brent 80.77 dollara qədər yüksəlib. Ekspertlər bu qiymətin 2014-cü ilin noyabrından bəri qeydə alınan ən yüksək səviyyə olduğunu bildirirlər.
Bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır. Nədən ki, ABŞ-ın ciddi israrlarına rəğmən, sentyabrın 23-də Əlcəzairdə toplanan OPEK üzvləri hasilatı artırmamaq barədə qərar qəbul ediblər. Neftin dünya bazarında bahalaşmasında bu qərarın mühüm təsiri olduğu vurğulanır.
OPEK-in bu qərarı hər kəsdən daha çox İranın işinə yarayır. Çünki ABŞ noyabrda İrana qarşı start verəcəyi sanksiyaların ikinci mərhələsində dünya bazarında yarana biləcək qıtlığı aradan qaldırmaq üçün OPEK ölkələrindən və Rusiyadan istehsalı artırmağı tələb edirdi. Vaşinqton hətta öz istəyini zorla qəbul etdirmək üçün körfəz ölkələrinə üstüörtülü təhdidlər yağdırmışdı. Prezident Tramp öz məşhur “Twitter” hesabında ərəb dövlətlərinə təhlükəsizliklərini ABŞ-ın qoruduğunu xatırlatmış və dolayısıyla sözlərinə əməl edilməyəcəyi təqdirdə, həmin ölkələrin arxasından çəkiləcəyinə ehyam vurmuşdu. Bütün bu təhdidlərə baxmayaraq, OPEK-in hasilatı artırmaq istəməməsində Rusiyanın təzyiqlərinin də başlıca rol oynadığı güman edilir.
Çinin ABŞ-ın tələblərinə əməl etmədən İranla münasibətlərini kəsməməsi də bu qərarı şərtləndirən digər amillərdəndir. Bildiyimiz kimi, Trampın israrlı tələbindən sonra Fransanın “Total” şirkəti Pars neft sahəsindəki 50.1 faizlik haqqını Çinə sataraq İrandan çəkilmişdi. Beləcə, Pars neft sahəsindəki 30%-lik payını 80.1%-ə yüksəldən Çin İrana qarşı embarqolarda yer almayacağını əməli şəkildə ortaya qoymuşdu. Çinin hazırda ən çox neft idxal edən ölkə olduğunu nəzərə alsaq, bu addımla ABŞ-ın sanksiya qərarının indidən puça uğradıldığı ortadadır.
Həyata keçirmək istədiyi sanksiyaların işə yaramadığını görən ABŞ-ın hazırda “B” variantı üzərində çalışdığı hiss olunur. “B” variantında istehlakçı dövlətləri İran neftindən vaz keçdirmək yox, rəqibin qlobal neft bazarındakı payını ələ keçirmək məqsədi dayanır. ABŞ-ın Enerji İnformasiya Agentliyinin ötən gün açıqladığı hesabat da bu versiyanı qüvvətləndirir. Hesabata nəzər salsaq, son 8 ayda super dövlətin ən çox neft ixrac etdiyi ölkənin Çin olduğunu görə bilərik.
Sənədə görə, ABŞ bu ilin ilk yarısında neft ixracını ötən ilin eyni dövrüylə müqayisədə gündəlik 787 min barrel artırmış və 2.2 milyon barellə rekord həddə yüksəltmişdi. Hazırda gündə 1.8 milyon barrel neft ixrac edən ABŞ-ın əsas alıcısı isə Çindir. Bildirilir ki, Çinə ABŞ-dan gündəlik 334 min barrel neft satılmışdır, bu da ümumi ixracatın 21%-i deməkdir.
Bəzi mütəxəssislər ABŞ-ın İrana qarşı sanksiyalarının əsas səbəbini elə Vaşinqtonun iqtisadi maraqları ilə əlaqələndirirlər. Onların fikrincə, ABŞ-ın əsas dərdi heç də İranı vurmaq deyil. Məqsəd İranın neft bazarındakı payını ələ keçirməkdir ki, ABŞ bu məqsədlə istehlakçı dövlətləri sıxışdırıb özündən asılı vəziyyətə salmaq istəyir. İranın ən böyük müştərisi Çinə ABŞ-ın böyük həcmdə neft ixrac etməsi də bundan qaynaqlanır.
Qeyd edək ki, siyasi bəhanələrdən istifadə edərək öz rəqibini bazardan sıxışdırıb çıxarmaq ABŞ-ın təkcə İran üzərində sınadığı metod deyil. Eyni taktikadan Rusiyaya qarşı siyasətində də istifadə edən Vaşinqtonun məhz bu məqsədlə Avropada rus qazına embarqo qoymaq istədiyi vurğulanır. İddiaya görə, Avropaya öz dondurulmuş qazını satmaq istəyən ABŞ bu niyyətini iqtisadi əsası olmayan yollarla reallaşdırmağa çalışır. Nədən ki, ABŞ-ın dondurulmuş qazının maya dəyəri Rusiyanın təbii qazından 30% baha başa gəlir. Bu bahalılıq istər-istəməz satış qiymətlərinə də yansıyır. Bazarı iqtisadi rəqabətlə ələ keçirə bilməyəcəyini anlayan Vaşinqton çarəni Ukrayna, Gürcüstan kimi ölkələrdəki rus aqressiyasını qabadaraq, Avropa hökumətlərini fakt qarşısında qoymaqda görür: Avropa ya öz şərq sərhədlərindəki rus aqressiyasına göz yumaraq, Moskva ilə iqtisadi əməkdaşlığını davam etdirəcək, bununla da hökumətlər öz tərəfdarlarını itirəcəklər, ya da seçici təzyiqlərindən çəkinib, 30% bahalı ABŞ qazına meyl edəcəklər.
Bilindiyi kimi, bu məkrli “demokratik” taktikanın əsl mahiyyətini anlayan Qərbi Avropa ölkələri bütün risklərə baxmayaraq, Rusiya ilə qaz alverinə davam etməyə qərar verdilər. Xüsusilə Almaniya ilə Rusiya arasında bağlanan müqaviləyə əsasən, “Şimali axını” layihəsi çərçivəsində rus qazı ABŞ-ın təsir dairəsində qalan heç bir Şərqi Avropa ölkəsindən keçmədən Baltik dənizinin altından Qərbi Avrapaya axacaq.
Görünür, İrana qarşı sanksiyaların da əsl mahiyyəti körfəz ölkələrinə aydın olduğundan OPEK üzvləri də buna bənzər qərar qəbul ediblər. Yəqin ki, bu qərarın qəbulunda bütün dünya dövlətlərinə qarşı siyasətilə gündəmə gələn Tramp hakimiyyətinə qarşı formalaşan qlobal iradə də öz sözünü deyib.
Əgər belədirsə, ümidvarıq ki, getdikcə yalnızlığa sürüklənən ABŞ öz təkqütblü dünya hegemoniyasını başqalarıyla paylaşmağın artıq qaçınılmaz olduğunu anlayacaq və “yeni dünya düzəni” proyektlərindən geri çəkiləcək. Əks halda, onu da cahangirlik sevdasına düşən digərlərinin aqibəti gözləyəcək.
Heydər Oğuz
Ovqat.com
P.S. Yazı bitənə qədər Brent markalı neft 81 dollara yüksəlmişdi.
Paylaş: