ABŞ prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarı okeanın o tayında ciddi çalxantılar yaradıb.
Ovqat.com xəbər verir ki, bir neçə gün əvvəl bu qərara etiraz əlaməti olaraq istefa verən ABŞ Müdafiə naziri Jim Mattisdən sonra ikinci bənzər addım ölkənin İŞİD-lə mübarizə rəsmisi Brett Mak Gurkdan gəlib.
Dünən istefa ərizəsini Dövlət Departamentinə təqdim edən Mak Gurkun bu addımı və ölkə mətbuatının Donald Trampı ciddi tənqid atəşinə tutması ABŞ prezidentini lap hövsələdən çıxardıb.
O, özünün məşhur Twitter səhifəsində əleyhdarlarını quru yuyub yaş sərib. Mak Gurkun 2018-ci ildə Obama tərəfindən həmin vəzifəyə təyin olunduğunu xatırladan Tramp bu istefa qərarının əslində hadisə belə olmadığını vurğulayıb:
"Eks-prezident Obama tərəfindən 2015-ci ildə təyin olunmuş Brett Mak Gurku tanımıram. Fevral ayında onsuz da vəzifəsindən ayrılırdı. Amma indi istefa etdi. Media şovmenidirmi? Yalan media heç bir mənası olmayan hadisəni böyüdür".
Tramp Suriyadan gələn tənqidlərə də cavab verib:
"Əgər prezident Donald Tramp yerinə başqa bir prezident Suriyada İŞİD-in böyük bir qisminin yox edilməsindən sonra qoşunlarımızı sağlam və xoşbəxt şəkildə evə gətirəcəyini açıqlasaydı, Amerikanın ən məşhur qəhrəmanı olardı. Amma yalan media mənə gəlincə sərt davranır. Çılğınlıqdır bunun adı."
Trampın ilk istefa addımını atan müdafiə naziri Cim Mattisə cavabı isə daha aşağılayıcı olub: "Obama Jim Mattisi utancverici şəkildə qovanda ona ikinci şansı mən verdim. Bəziləri bunu etməməyimi söyləmişdi, amma etmək lazım olduğuna inanmışdım. Mən ona heç bir sələfinin sahib olmayan mənbələri verdim”.
Paylaşımında Suriyadakı “dost”larına da mesaj ünvanlayan Tramp müttəfiqliyin əhəmiyyətli olduğunu, amma ABŞ-ın bu “xeyirxahlığ”ından sui-istifadə edilməməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Trampın bu qərarı bir çox siyasiləri və media orqanlarını təəccübləndirmişdi. Onlar ABŞ-ın Suriyadan çəkilmə qərarını İranın, Suriyanın və Rusiyann işinə yarayacağını bildirirlər. Qərara ən çox etiraz edən isə Suriyadakı kürd separatçıları olmuşdu. Separatçılar ABŞ-ı onları ən həlledici anda satmaqda günahlandırmışdılar.
Tramp isə son 7 ildə Suriyada minlərlə əsgər itirdiklərini və əməliyyatlara trilyonlarla dollar pul xərclədiklərini dilə gətirərək, bundan sonra İŞİD-lə mübarizəni regional dövlətlərə, özəlliklə də Türkiyəyə həvalə etmişdi:
“Biz Suriyaya ilk dəfə 3 ay qalmaq üçün girmişdik. 7 il keçir, Suriyanı tərk etmədik. Prezidentliyə gəldiyim zaman İŞİD vəhşiləşmişdi. İndi isə böyük ölçüdə məğlub oldu. Türkiyə kimi digər ölkələr İŞİD-dən geri qalan nə varsa, onun çarəsinə baxsınlar. Biz evə qayıdırıq”.
Paylaş: