Hər şey Türkiyənin Şimali İraqda Fərat çayının şərq sahilinə hərbi əməliyyat keçirəcəyini elan etməsiylə başladı. NATO-dakı müttəfiqinin bu planının qarşısını almaq üçün ABŞ prezidenti Donald Tramp dövriyyəyə girdi. Türkiyəli həmkarıyla telefon danışığı aparan Tramp hətta öz komandasının da gözləmədiyi qərarı verdi: ABŞ ordusu Suriyanı tərk edəcək.
Trampın bu qərarı ilk növbədə Ağ evdə böyük şok yaratdı. Məlumatlara görə, Ağ ev yetkililəri toplanaraq, Trampdan ətəyindəki daşı yerə tökməyi tələb etsələr də, onun qərarlı tutumuyla qarşılaşdılar. Nəticədə ABŞ rəsmilərinin ard-arda istefaları gəldi. İlk istefa bəyanatı verən Pentaqon rəhbəri oldu. Onu ABŞ Dövlət Departamentinin İŞİD-lə mübarizə məsələri üzrə xüsusi nümayəndəsi izlədi. Bir çox senator və konqresmendən tutmuş nüfuzlu media orqanlarına ABŞ-ın xarici siyasətini şəkilləndirən xeyli sayda narazılar ordusu da Trampın bu qərarına üsyan bayrağı qaldırdılar. Tramp isə qətiyyətindən geri dönmədi: ABŞ ordusu Suriyanı tərk edəcək.
Bəs görəsən, Vaşinqtonun lərzəyə gətirən bu qərarın həsr olunduğu məkanın geopolitik əhəmiyyəti nədən ibarətdir?
Suriyalı analitik Mahmud Osmanın bölgə ilə bağlı qələmə aldığı “Fəratın şərqindəki hərbi əməliyyatların strateji əhəmiyyəti” sərlövhəli məqaləsindən önəmli bir parçanı Ovqat.com oxucularına təqdim edirik:
Fəratın şərqinin strateji əhəmiyyəti
Fəratın şərqi təbii qaz və neft ehtiyatları yanaşı, kənd təsərrüfatı və su mənbələri əks etdirməsi baxımından da "bərəkətli Suriya" kimi tanınır. Bu durum ABŞ-ın bölgəni ələ keçirməsinə səbəb olmuşdu. Bölgə, həmçinin, ABŞ-ın Türkiyə, İraq, İran və Körfəzə yaxın ərazidə Yaxın Şərqin ortasında yerləşməsinə və İsrailə əlavə himayə təqdim etməsinə imkan verən strateji bir mövqedədir.
Vaşinqton tərəfindən sözdə terrora qarşı müharibədə strateji tərəfdaş kimi seçilməsinin ardından, SDG (Suriya Demokratik Gücləri) ABŞ-ın bölgədəki piyada qüvvəsi oldu. Bu da SDG-nin muxtar bölgə/dövlətçik qurmaq xəyalının arxasınca getməsinin yolunu açdı. SDG bu xəyalına qovuşmaq üçün ərəb, türkmən, süryani və digər etnik qruplar ilə separatçı/öcalancı ideologiyanı rədd edən kürdlər üzərində təzyiqləri artırmaq və demoqrafik quruluşu dəyişdirməyə çalışmaq kimi bir sıra etnik təmizləmə hərəkətlərinə yönəldi.
Daha əvvəl verilən sözlər tutulmadı
ABŞ-ın məlum olan oylama taktikası, sözlərini yerinə yetirməmə və müqavilələri gözardı etmə mövqeyi Ankarada rahatsızlıq yaradırdı. ABŞ-ın sabiq prezident köməkçisi Suriyada təhlükəsiz zona yaradılması haqqında Türkiyə ilə bərabər işləməyi vəd edib və bu barədə müqaviləyə imza atdı. Şəxsən özü və onunla bərabər dövrün Müdafiə naziri SDG-nin Fərat çayının qərbinə keçməyəcəyi öhdəliyi götürdülər. Ancaq Türkiyənin xəbərdarlıqlarına baxmayaraq, SDG Fəratın qərbinə keçib Münbiç ilə Tel-Rüfəti işğal etdi. Sonra Vaşinqton ABŞ-Türkiyə müştərək güclərinin himayəsi altında bu güclərin Münbiçdən çıxaracağını vəd etdi. Ancaq onların çıxarılması və müqavilənin icrası əvəzinə, həmin qüvvələr bölgədə məhkəmlənmək üçün istehkam tunelləri qazmağa başladılar.
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Ankaradakı son görüşlərdə Türkiyənin sərhəd müşahidə məntəqələrini azadetmə istiqamətindəki tələbini rədd etdi. Lakin səbri daşıran son damla Ceyms Ceffrinin ABŞ-ın regiondakı hərbi varlığının davam edəcəyi və Vaşinqtonun Fəratın şərqində daha öncə İraqın şimalında apardığı təcrübələri tətbiq edə biləcəyi istiqamətindəki açıqlamaları oldu. Cefri bu açıqlamaları hərbi və təhlükəsizlik tədbirlərini, uçuşa qadağan zona elan edilməsini, lazım olanda müttəfiqlərini müdafiə etmək üçün birbaşa hərbi müdaxilə edilməsini nəzərdə tuturdu.
Trampdan yaşıl işıq
Ərdoğan ilə telefon danışığında Tramp Türkiyənin strateji təhlükəsizliyini qorumaq səylərini başa düşdüyünü göstərdi. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri NATO qarşısındakı çıxışında, SDG-nin ABŞ və beynəlxalq koalisiyanın terror təşkilatı İŞİD-lə mübarizədə tərəfdaşı olduğunu bildirdi. Yəni iki tərəf arasında tərəfdaşlıq bununla məhdudlaşırdı; ABŞ qüvvələri Fəratın şərqində Türk gücləri tərəfindən həyata keçiriləcək bir əməliyyata müdaxilə etməyəcəkdi.
Moskva Türkiyənin hərbi əməliyyatlarını məmnuniyyətlə qarşılayacaq
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Suriyadakı nüfuzunu zəiflətmək və Türkiyə ilə ABŞ arasındakı münaqişələrin şiddətini artırmaq üçün Ankaranın Münbiç və Fəratın şərqində əməliyyat aparmasını dəstəkləmək məsələsində heç bir tərəddüd etməyəcək. Bu status-kvo Rusiyanın Suriya və Yaxın Şərq strategiyasının xeyrinədir və Türkiyənin Moskvaya daha çox yaxınlaşması üçün bir fürsət yaradacaq.
Fəratın şərqinə qarşı əməliyyat Türkiyə üçün strateji bir zərurət
Türkiyənin Fəratın şərqinə qarşı hərbi əməliyyatının strateji yönünü ələ almadan öncə bu suala cavab verilməlidir: "Fərat qalxanı və Zeytun budağı əməliyyatları olmasaydı, (parçalanmamış) birləşmiş bir Suriyadan bəhs etmək mümkün idimi?
Fərz edək ki, Türk ordusu sərhədin digər tərəfində baş verənlərə laqeyd qalıb, millətçilik hissləri qabaran dairələrin istədiyi kimi, heç bir şey etmədən PKK yaraqlılarının şimali Suriyanın demoqrafiyasını dəyişdirməsinə mane olmayıb, hazırda Suriyada vəziyyət necə olardı?
Böyük ehtimalla, ABŞ və onun müttəfiqləri PKK/PYD-çilərin varlığının və əməliyyatlarının legitimlik qazanması üçün Əl-Bab şəhəri və ətrafı terror təşkilatı İŞİD-in əlində qalacaq, buna qarşılıq olaraq da Suriyanın şimalının hamısı Aralıq dənizinə qədər Suriya Demokratik Qüvvələrinin nəzarətinə keçəcəkdi. Beləcə, terror dəstəbaşısı Abdullah Öcalanın dövlətçiyi Suriyada tezbazar qurulmuş olacaqdı.
Bu gün Fəratın şərq bölgəsində eyni ssenari təkrarlanır. Sincar dağı ikinci bir Qəndil dağına çevrilib; separatçı qüvvələr üçün bir sığınacaq halına gəlib. PKK/PYD terrorçuları bu gün "ikinci İsrail" mənasına gələn "Öcalan dövlətçiyi” yaratmaq mərhələsindədirlər. Ya bu haqsız vəziyyətə son qoyulacaq, ya da sadəcə Suriyanın birliyini deyil, istisnasız regiondakı ölkələrin hamısını təhdid edən bir vəziyyət yaranacaqdır.
Maraqlı olan və heyrət doğuran məsələ isə bəzi ərəb ölkələrinin dağıdıcı və təhlükəli olan bu separatçı layihəni dəstəklədiklərini gizlətməməsidir. Bu dövlətlər üçün – qardaş bir ölkənin parçalanması müqabilində olsa belə, Ərdoğanın qarşısında olmaq yetərli əsasdır.
Fəratın şərqindəki hərbi əməliyyatın Türkiyə üçün strateji zərurət olduğu doğrudur. Ancaq bu, eyni zamanda gələcəkdə Suriyanın birliyi üçün də bir təhlükəsizlik qalxanıdır.
Paylaş: