Xəbər lenti

  

Uzun-uzadı şərh verməyə keçməmişdən əvvəl ondan başlayaq ki, ABŞ-ın Suriyadan çəkilmə qərarının təsirləri yalnız Yaxın Şərqlə məhdudlaşmayacaq. Azərbaycan və digər post-sovet ölkələri də bu qərardan xeyli dərəcədə təsirlənəcək. Çünki Trampın bu qərarı bütün cəhətlərilə ABŞ-ın 5-ci prezidenti Ceyms Monro tərəfindən 1823-cü ildə ortaya atılan və II Dünya müharibəsinə qədər ölkənin xarici siyasət doktrinasına çevrilən prinsiplərə qayıdışa bənzəyir.

Zira Monro  doktrinası “Amerika amerikaları məxsusdur” prinsipini əldə rəhbər tutur, Qərb ölkələrinin öz işinə qarışmaması qarşılığında dünyadan təcrid olunma siyasətinə üstünlük verirdi. Daha sonra I və II Dünya müharibələri ilə Qərb ölkələri bu imtahanlardan zəifləyərək çıxması və ABŞ iqtisadi, hərbi cəhətdən gücləndi. Xüsusilə II Dünya müharibəsində Yaponiyanın ABŞ-a hücumu bu ölkəni qlobal proseslərdən kənarda qalmamasını tətiklədi.

Üstəlik, qısa zaman ərzində ard-arda yaşanan iki böyük müharibə ərəfəsində Avropanın beyin mərkəzləri ABŞ-a köçmüş və yeni silahların kəşfi nəticəsində onu dünyanın ən böyük nəhənginə çevirmişdi. Beləcə, əslində özü də istəmədən dünyanın super güclərində birinə çevrilən ABŞ birdən-birə müttəfiqlərini başqa bir şeytandan – SSRİ təhlükəsindən qoruyan sipər rolunu oynamağa başladı. Uzun illər iki nəhəng qütbün arasında gedən soyuq müharibələr ABŞ-ı xeyli gücləndirdi, Sovet İttifaqının çökməsi ilə o, özünü dünyanın yeganə super güçü olaraq görməyə başladı və bu durum yeni qənimətlərin ələ keçirilməsinə şərait yaratdı. Beləcə “ərəb baharları” ilə Yaxın və Uzaq Şərqdəki rus qalalarının devirməsi yarışı başlandı.

ABŞ-ın Əfqanıstan, İraq, Misir, Liviya kimi ölkələrdə əldə etdiyi uğurlar 2011-ci ildə Suriyada daşa dəydi. Bu səfər o, qarşısında özünün isti dənizlərə açılan yeganə qapısını itirmək istəməyən Rusiyanı, Suriyanın işğalını ərazi bütövlüyünə təhlükə kimi görən Türkiyəni və “şiə hilalı” doktrinası ilə regional gücə çevrilmək istəyən İranı gördü, regional müttəfiqlərlə girdiyi hamilik savaşlarında dalana dirəndi. Vaşınqton 3 ay ərzində bitirəcəyini zənn etdiyi bu savaşın 7 il uzanması və müttəfiqlərinin başarısızlıqları nəticəsində yüz milyardlarla dollar, minlərlə əsgərini itirdi. ABŞ Konqresinin ötən il hazırladığı hesabata görə, ölkə 2001-ci ilin 11 sentyabrdan keçən 16 il ərzində yalnız iki ölkədə terrorla mübarizəyə 1,4 trilyon dollar xərcləmişdi. Bunun 687 milyard 600 milyon dolları Əfqanıstandakı, 748 milyard 100 milyon dolları isə İraqdakı hərbi əməliyyatlara sərf olunmuşdu. Müharibənin daha uzun və şiddətli getdiyi Suriyada nə qədər pulun xərcləndiyi isə bilinmir. Digər əraziləri də hesaba qatsaq, görərik ki, ABŞ-ın indiyədək heç nə əldə edə bilmədiyi bu savaşlara çəkdiyi xərclərin miqdarı daha çoxdur. Qazandığı isə nifrətdən başqa bir şey deyil. Bu isə nə qədər güclü iqtisadiyyata sahib olmasına baxmayaraq, ABŞ-ı çöküşə doğru sürükləyir.

Üstəlik, onun nüfuzunu itirdiyi bölgələrin rəğbətini Çin və digər sənaye ölkələri qazanır, nəticədə ABŞ-ın iqtisadi inkişafı üçün vaz keçilməz amilə çevrilən bazarlar da rəqiblərinin əlinə keçir. Son illər Çinin istehsal sahəsində ABŞ-a çatması və sürəkli böyümə prosesi sayəsində onu yaxın zamanlarda geridə buraxmaq ehtimalı da Vaşinqtonu xeyli narahat edir. Yaxın Şərqdə isə savaşlar bitmək bilmir. Bu isə iqtisadi inkişafa yatırılacaq pulların hərbi büdcənin artırılmasına sərf olunması deməkdir. Yeni bölgələrə yayıldıqca böyüyən hərbi xərclər, təbii ki,  ölkənin içindən çıxa bilməyəcəyi böhranı daha da dərinləşdirir. Bu mənada Trampın israrla Yaxın Şərqdən çıxmaq istəməsini anlamaq çətin deyil.

Ən maraqlısı isə budur ki, ABŞ təkcə Yaxın Şərqdə öz militarist siyasətindən əl çəkməklə də kifayətlənmək istəmir. Donald Tramp Suriya ilə yanaşı Əfqanıstandakı 7 min əsgərini də geri çəkmək niyyətindədir. Verilən məlumatlara görə, “evə dönüş” proqramını işə salacağı təqdirdə bunun Əfqanıstanda böyük yıxımlara səbəb olmaması üçün rəsmi Vaşinqton Talibanla danışıqlar aparır. Artıq tərəflər arasında iki mühüm danışığın körfəz ölkələrində keçirildiyi xəbər verilir. Trampın eyni zamanda Şimali Koreya və Çin rəsmilərilə aralarındakı ixtilafları sona çatdırmağa çalışdığı da sirr deyil. Bir sözlə, Tramp “öz evi”ndə rahat oturmaq üçün bütün sahələrdə keçmiş düşmənlərilə “0 problem” mühiti yaratmağa səy göstərir.

Digər tərəfdən, rəsmi Vaşinqtonun Yaxın və Uzaq Şərqdə yürütdüyü bu militarist siyasətinə digər müttəfiqlərinin də dəstək verməyə çağırışı da heç bir nəticə vermədi. Donald Trampın bütün çağırışlarına rəğmən, NATO-dakı müttəfiqləri hərbi xərclərini ÜDM-nın 2%-nə qədər yüksəltmək öhdəliklərinə əməl etmək istəmirlər. Hətta Almaniya və Fransa kimi ölkələrin Rusiya ilə iqtisadi münasibətlərini yaxşılaşdırmağa çalışması, Merkel hökumətinin təşəbbüsü ilə Ukraynanın fədakarlığının əleyhinə gedilərək “Şimal axını” qaz layihəsinin çəkilməsi, Şərqi Avropa ölkələrinin bir çoxunda artıq “rus qafalı” hakimiyyətlərin qurulması da Tramp komandasını öz siyasətini dəyişdirməyə vadar edir.

Bu da azmış kimi, öz aləmində Avropa müttəfiqlərini “rus təhlükəsindən” xilas etmək üçün qurulan NATO-nun bütün xərcləri də ABŞ-ın üzərində qalır. Bu isə kiçik məbləğ deyil. ABŞ-ın 2018-ci il hərbi büdcəsi 700 milyard dolları keçərək, dünyanın digər ölkələrinin ümumi büdcəsinə yaxınlaşdı. Gələn il bu rəqəmin daha 25 milyard artacağı gözlənilir. Bu da onu göstərir ki, ABŞ NATO-nun ən böyük yükünü öz üzərinə götürüb. Trampın təbirilə desək, “dünyanın heç bir ölkəsindən hərbi təhdid almadığı halda özünü düşünməyən müttəfiqləri üçün bu qədər ağır yükün altına girmək” həqiqətən də məntiqli görünmür.

Məsələyə bu baxımdan yanaşanda Trampın hakimiyyətə gəldiyi gündən bəri irəli sürdüyü “öncə Amerika” prinsipi mahiyyət etibarilə Ceyms Monronun “Amerika amerikalılarındır” doktrinasına bənzəyir və hər iki prinsip öz qınına çəkilməyi ehtiva edir.

ABŞ-ın öz qınına çəkilməsi isə bu günə qədər mövcud olan dünya düzəninin alt-üst olması deməkdir. Bu siyasət baş tutarsa, ilk zərbəni, sözsüz ki, ABŞ-ın himayəsinə sığınaraq Yaxın Şərqdə və post-sovet məkanlarında at oynatmağa həvəslənən körfəz ölkələri alacaqlar. Başda Səudiyyə Ərəbistanı olmaqla, digər cırtdan neft zənginləri ən ciddi müttəfiq dəstəyindən məhrum olacaqlar.

İkinci böyük zərbəni Yaxın Şərqdə İrandan Aralıq dənizinə qədər uzanan “kürd zolağı”nda Kürdüstan dövləti qurmağa və “ikinci İsrai”l olmağa çalışan PYD/PKK terroristləri dadacaqlar.

Sözsüz ki, post-sovet məkanı da bu ağır zərbələrdən yayına bilməyəcək. Başda Gürcüstan, Moldava və Ukrayna olmaqla Qərb  cazibəsinə qapılan ölkələr də öz tələskənliklərinin bədəllərini ödəyəcəklər. Çünki ABŞ qınına çəkiləcəksə, bu bölgədəki dövlətləri regional güclərə buraxacaq. Yaxın Şərqdən tutmuş Şərqi Avropaya qədər ərazilərə isə tarixən Rusiya nəzarət edib. Xüsusilə post-sovet məkanına özünün tarixi imperiya əraziləri kimi baxıb və ən zəif zamanlarında belə, həmin coğrafiyalarda başqa atların çapılmasına laqeyd yanaşmayıb. İndisə ABŞ-ın geri çəkilməsilə ortaya çıxan avtoritar boşluqlar yaranacaq ki, onları Rusiyadan başqa hansısa dövlətlərin doldurması çətin olduğu qədər də risklidir.

Bir post-sovet məkanı kimi Azərbaycan da dünya düzənində yaranan növbəti çalxantının ortasında qala bilər. Baxmayaraq ki, bizdə ənənəvi siyasi oryantasiya özünü indiyədək qoruya bilmiş, Qərbyönümlülərin hakimiyyətə gəlməsi xeyli dərəcədə əngəllənmişdir. Bununla belə, Azərbaycan hakimiyyətində biri Rusiyaya, digəri Qərbə bağlı iki komandanın ortaya çıxması və son zamanlar bir-biriylə sürtüşməsi də sirr deyil. ABŞ-ın geri çəkilməsiylə formalaşacaq yeni regional sistem Rusiyanın nəzarətinə keçəcəksə, bundan ən çox təsirlənən hakimiyyətdəki Qərbyönümlü qüvvələr olacaqlar.

Fəqət Rusiyanın uzun müddət özünün dayaqları kimi baxdığı “köhnə qvardiya”nın üzərində dayanacağını da güman etməyə dəyməz. Bu zamana qədər ona etibarlı qüvvələr lazım idisə, artıq regionun şəriksiz liderinə çevriləcəyi gözlənilən Rusiya daha rahat hərəkət etmək imkanlarına malik olacaq və öz nüfuzlarını xərcləyərək etibarlarını nümayiş etdirən qüvvələrə ehtiyacı azalacaq. İndi yeni qüvvələrin hakimiyyətə gətirilib ümumxalq narazılığını minimuma endirmək ona daha rasional görünə bilər.

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 920          Tarix: 24-12-2018, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma