Xəbər lenti
Dünən, 19:25

  

Azərbaycanın iqtisadi gücünün formalaşmasında tarix boyu iki amil mühüm rol oynayıb. Onlardan biri təbii sərvətləri, digəri isə aqrar təsərrüfat potensialıdır. Xüsusilə ötən əsrdən başlayaraq, ölkəmizin iqtisadiyyatının formalaşmasında mühüm yer tutan bu iki sahə müstəqillik illərindən sonra daha çox inkişaf etməyə başlamışdır. İstər ümummilli lider Heydər Əliyev cənablarının, istərsə də onun davamçısı olan Prezident İlham Əliyevin 15 illik hakimiyyəti dövründə neft hasilatı ilə yanaşı aqrar sahəyə də xüsusi diqqət ayrıldığını görürük. Hər iki siyasi liderin siyasi irsinə nəzər salanda onların neft strategiyasına əslində qeyri-neft sektorunun təməli, maliyyə qaynağı kimi baxdığı ortaya çıxır. Bu da səbəbsiz deyil. Dünyanın bütün dövlətləri öz güclü sənaye müəssisələrini məhz xarici kapitallarn hesabına inkişaf etdirib indiki səviyyəyə çatdıra biliblər. Azərbaycanın xarici kapital gücü isə təbii sərvətlərinə bağlı olub.

Cənab Prezidentimiz İlham Əliyev hakimiyyətinin ilk illərindən aqrar iqtisadiyyatın inkişafında mühüm işlər görmüşdür. Təsadüfi deyil ki, ölkəmizin su ehtiyatlarının qıtlığını nəzərə alan ölkə başçımızın neft gəlirlərimizin artmağa başladığı 2007-ci ildə həyata keçirdiyi ilk layihə Taxtakörpü su anbarını inşası və Şəmkir su anbarını yenidən qurmaq olmuşdur. Məhz bu addımlar sayəsində 100 minlərlə hektar ərazi su ilə təchiz edilmişdir.

Ölkə rəhbərinin 2007-ci ildən etibarən hər il ardıcıl olaraq kənd təsərrüfatı məhsullarına subsidiyalar ayırması, aqrar sektoru bir sıra vergi öhdəliklərindən azad etməsi də məsələyə kompleks yanaşmasından və neft qiymətlərinin ucuzlaşması ilə qeyri-neft sektoruna keçmədiyindən, əksinə iqtisadi şaxələnməni başlıca iqtisadi-strateji hədəf kimi ortaya qoyduğundan xəbər verir.

Bununla belə, xüsusilə 2015-ci ildə dünya neft bazarından ucuzlaşma baş verdikdən sonra Azərbaycanın qeyri-neft sektorunun inkişafına daha sürətli start verdiyi də bir reallıqdır. Dünya nəhənglərinin geopolitik qovğalarının nəticəsində neft qiymətlərində baş verən tənəzzülləri vaxtında görən cənab Prezidentimiz 2015-ci ildə neft erasının bitdiyini, qeyri-neft sektorunun inkişafına təkan vediyini rəsmən elan etmişdir. Məhz o tarixdən başlayaraq, ölkədə aparılan köklü islahatlar qısa müddət ərzində qeyri-sektorundakı vəziyyəti müsbət yöndə tənzimləmişdir. Vergi, iqtisadi, gömrük islahatlarından tutmuş, sahibkarlığın inkişafı üçün qəbul edilən bir sira qanunvericilik aktları Azərbaycanın bu istiqamətdə tərəqqisinə yol açmışdır. Özəlliklə də aqrar sahədə aparılan bir sıra islahatlar ölkə əhalisinin işgüzarlığı ilə yanaşı, ərzaq təhlükəsizliyimizin də qarantına çevrilmişdir.

Geridə buraxdığımız 2018-ci ilin statistik məlumatlarına nəzər salanda ölkəmizin kənd təsərrüfatı sahəsindəki inkişafıyla yaxından tanış ola bilərik. Dövlət Statistika Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyin hesabatları da bu iddiamızı təsdiqləyir. Hesabatlar bir daha göstərir ki, ötən il Azərbaycan aqrar sektorda pambıqçılıqdan tutmuş, quşçuluğa, baramaçılığa, ətçiliyə, taxılçılığa və s. sektorlara qədər bütün sahələrdə inkişaf mərhələsinə qədəm qoymuşdur.

Taxılçılıq

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizin ərzaq təhlükəsizliyi proqramında başlıca yer tutan taxıl istehsalı 2018-ci ildə ötən mövsümlə müqayisədə 13%-dən çox artmışdır: “Noyabrın 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1,0514 milyon hektar əkin sahəsinin 1,0491 milyon hektarı biçilib və həmin sahələrdən 3,0577 milyon ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz çox məhsul götürülüb. Orta hesabla hər hektardan 29,1 sentner məhsul əldə edilib. Bundan əlavə, 31,6 min hektar dən üçün qarğıdalı sahəsindən 202 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 64 sentner qarğıdalı dəni götürülüb”.

Son 3-4 il ərzində taxılçılıq sahəsində müəyyən uğurlar əldə olunsa da, etiraf edilməlidir ki, hələ də bu sahədə görüləcək ciddi tədbirlər var. Atılması gərəkən başlıca addımlar isə ərzaq buğdası istehsalını artırmaqdır. Sirr deyil ki, Azərbaycan istehsal etdiyi buğda kiçik dənli və çox kəpəkli olduğundan çörək bişirilməsi üçün iri tədarükçülər tərəfindən çox da tərcih edilmir. Nəticədə Azərbaycan özünün un tələbatının 70%-dən çoxunu ixdal buğdadan əldə edir. Bu isə həm hər il 100 milyonlarla dollarımızın xaricə axmasına, həm ərzaq təhlükəsizliyi proqramımızın axsamasına, həm də yerli fermerlərimizin alın tərinin istənilən qazancı gətirməməsinə səbəb olur. Azərbaycan hakimiyyəti bu problemi aradan qaldırmaq üçün yerli iqlimə uyğunlaşdırılmış buğda seleksiyasına başlamalı, ölkəmizdəki bütün elmi-tədqiqat institutları fəaliyyətini bu istiqamətə yönəltməlidir. Qeyd edək ki, bu sahədə mərhum Cəlal Əliyevin ortaya qoyduğu ciddi təcrübələr var və bu iş davam etdirilməlidir.

Yeni aqro-texniki metodların öyrənilməsi üçün Azərbaycan dünyanın bir çox ölkələrinin təcrübələrindən də istifadə etməlidir. Bunun üçün 1970-ci illərdə taxılçılıq sahəsində böyük uğurlara imza atan ABŞ, qonşu Rusiya və Qazaxıstan, bu il dünya taxıl ehtiyacının 50%-dən çoxunu istehsal etmiş Çin təcrübələri dərindən öyrənməli, lazım gələrsə alim və tələbələrimiz həmin ölkələrə təcrübə toplamağa göndərilməlidir.

Tərəvəz və bostan məhsulları

2018-ci il qida bitkiçiliyi sahəsində də uğurlu il olmuşdur. Dövlət Statistika Komitəsinin hesabatına görə, bir öncəki mövsümlə müqayisədə 2018-ci ildə tərəvəz istehsalı 5.6%, meyvə və giləmeyvə məhsulları 11.7%, üzüm 7.8%, dənlik günəbaxan 19.4% artmışdır. Bununla belə, Azərbaycan bu uğurlarla da razılaşmamalı, bu sahədə məhsuldarlığın artırılmasına xüsusi diqqət ayırmalıdır. Qeyd edək ki, tərəvəz və bostan bitkiçiliyi ciddi su tələb edən sahələrdir.

Azərbaycanın su ehtiyatları Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricilərə sahib olsa da, bu potensialımızı artırmaq imkanlarımız mövcuddur. Xüsusilə Kür və Araz çaylarının keçdiyi ərazilərdəki torpaqların meliorasiya tədbirləri sayəsində həm yeni əkin ərazilərini kənd təsərrüfatına qazandırmaq, həm də məhsuldarlığı artırmaq olar. Bunun üçün xüsusilə Mil, Muğan ərazilərindəki şoranlaşmış torpaqlarda Araz və Kür çaylarından qidalanan yeni su kanalları çəkilməli və kəndlilərin istifadəsinə verilməlidir.

Pambıqçılıq

Ölkəmizin strateji məhsulları arasına girən və bu xüsusiyyətinə görə “ağ qızıl” adlanan pambıqçılıq sahəsində də 2018-ci ildə artım əldə olunmuşdur. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il pambıq qəbulu məntəqələrinə ölkə üzrə 232 min 231 ton məhsul təhvil verilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz məhsul yığımı deməkdir.
Etiraf edək ki, pambıq yığımında qeydə alınan bu göstəriciləri də qənaətbəxş hesab etmək olmaz. Cənab prezidentimizin də dəfələrlə vurğuladığı kimi, Azərbaycanın pambıqçılıq potensialı imkan verir ki, bu göstərici xeyli artırılsın. Bunun üçün məhsuldarlığın artırılmasının yeni texnologiyaları tapılmalı, bəzi aqro-texniki vasitələrin tətbiqi ilə buna nail olunmalıdır. Sovet illərinin təcrübəsi göstərir ki, Azərbaycanın bərəkətli torpaqları hər hektardan 30 sentnerdən çox “ağ qızıl” toplamağa imkan verir. KTN-nin məlumatına görə isə, bu il məhsuldarlıq orta hesabla 15 s/ha olmuşdur. Bu isə, göründüyü kimi, xeyli aşağı göstəricidir.

Amma "MKT İstehsalat Kommersiya" Məhdud Məsuliyyətli Cəmiyyətinin bu ilki nəticələrinə nəzər salanda məhsuldarlığı xeyli artırmağın mümkünlüyünü görə bilərik. Cəmiyyətin hesabatına görə, yeni texnologiyaların tətbiqi sayəsində 45 min hektar sahədən bu il 120 min tondan çox xam pambıq yığıb. Bu isə 1 hektar üçün orta hesabla 26,7 sentner məhsuldarlıq deməkdir. Elə bu faktın özü də sübut edir ki, Azərbaycan pambıqçıları eyni təcrübələrə yiyələnməklə qarşıya qoyulan hədəfi reallaşdıra bilərlər. Qeyd edək ki, cənab Prezidentimizin də KTN-dən gözləntisi bu istiqamətdədir. O, son pambıq yığımı mövsümündəki çıxışlarından birində fermerlərimizdən ən azı 20 s/ha məhsuldarlıq gözlədiyini açıq şəkildə bəyan etmişdi. 
Mümkündür ki, ümumi məhsuldarlığın aşağı olmasında bir sıra torpaq sahələrinin pambıqçılıq üçün yarasızlığı da mühüm rol oynamışdır. Amma aqrotexniklərimizin əsas vəzifəsi bu problemləri zamanında təsbit və daha əlverişli sahələrdən daha çox məhsul yığmaqdır. Pambıq üçün o qədər də münbit olmayan torpaqlarımız isə kənd təsərrüfatının digər sahələrinə, o cümlədən heyvandarlığa yönəldilməlidir.

Baramaçılıq

Azərbaycanın ən qədim aqrar sahələrindən biri də baramaçılıqdır. Sovet hakimiyyətinin tənəzzülü ilə sıradan çıxan bu sektor İlham Əliyevin hakimiyyəti illərində yenidən inkişaf mərhələsinə qədəm qoydu. Xüsusilə 2017-ci ildən sonra bu sahədə ciddi işlərin görüldüyü müşahidə olunur. Məlumata görə, 2017-ci ildə ölkədə 245 ton yaş barama istehsal olunub. Halbuki, bir əvvəlki ildə bu rəqəm 70 ton idi. Barama istehsalının bir il ərzində dəfələrlə artırılması öncədən düşünülmüş aqro-texniki tədbirlərin görülməsi nəticəsində baş vermişdir. Məlumata görə, baramaçılığın yem bazasının formalaşdırılması məqsədilə 2016-cı ildə 2,5 milyon tut tingi tədarük edilərək baramaçılıq rayonlarında Çin texnologiyası əsasında intensiv bağlar salınmış və bu da öz müsbət nəticəsini vermişdir.

Ötən il də eyni siyasətin yürüdüldüyünü görürük. Bildirildiyinə görə, 2018 il baramaçılıq mövsümü üçün Çindən müqavilə əsasında 13 000 qutu yüksək keyfiyyətli ipəkqurdu toxumları alınıb, respublikamızın iqlim şəraiti nəzərə alınaraq iki mərhələdə ölkəmizə gətirilib. 2018-ci ilin aprelin 17-də ilkin mərhələdə 7 000 qutu yüksək keyfiyyətli hibrit ipəkqurdunun toxumları Nazirliyin Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub və 99-100% yüksək keyfiyyətli baramaqurdu əldə edilərək bölgü əsasında Azərbaycanın 22 rayonunun kümçülərinə əvəzsiz olaraq paylanılıb. 2018-ci ildə respublikada 450-500 ton yaş barama istehsalı nəzərdə tutulmuşdu, bu da bir əvvəlki illə müqayisədə 2 dəfə çoxdur.

Heyvandarlıq

Azərbaycanın kənd təsərrüfatı sektorunda başlıca sahələrdən biri də heyvandarlıq və quşçuluqdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda diri çəkidə ət istehsalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq, 417,7 min ton, süd istehsalı 2,2 faiz artaraq, 1 milyon 720,1 min ton təşkil edib. Bildirilir ki, 2018-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 5,0 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 7,4 faiz artıb. Bu statistik məlumatdan da aydın olur ki, heyvandarlığın inkişafı kənd təsərrüfatının digər sahələriylə müqayisədə bir qədər geri qalmışdır.

Açığını desək, heyvandarlıq sahəsində bu qismi geriliyin əsas səbəblərindən biri bəzi örüş yerlərində strateji bitkilərin əkilməsi olmuşdur. Halbuki, həmin ərazilər pambıqçılıq, taxılçılıq üçün o qədər də verimli torpaqlar deyillər. Nəticədə bu siyasət həm sözügedən bitkilərin ölkə üzrə məhsuldarlıq göstəricilərinə mənfi təsir göstərmiş, həm də örüşsüz qalan hayvandarlıq sahəsi yetərli inkişaf yolu keçə bilməmişdir. Zənnimizcə, Azərbaycan hökuməti bu məsələyə yenidən baxmalı, taxılçılıq, pambıqçılıq üçün rentabelsiz ərazilərin yenidən heyvandarlığa qaytarmalıdır. Bizə bu yolda mərhum prezidentimiz Heydər Əliyevin hakimiyyətinin ilk dövründəki təcrübəsi əsl mayak ola bilər. Bildiyimiz kimi, 1970-ci illərə qədər Azərbaycanın 28 rayonu pambıqçılıqla məşğul idisə, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu say 18-ə düşürüldü. Yəni 10 rayon pambıq istehsalından uzaqlaşdırıldı. Çünki həmin rayonların torpaq sahələri pambıqçılıq üçün o qədər də verimli deyildi. Eyni siyasət bu gün də davam etdirilməli, hər torpaq sahəsi öz təyinatına görə istifadə olunmalıdır.

Quşçuluq

İnsafən, qeyd olunmalıdır ki, quşçuluq sektoru ölkəmizdə ciddi tərəqqi keçirən sahələrdən biridir. Bununla belə, biz bu sahədə də özümüzü tam təchiz edəcək vəziyyətə gəlməmişik. Bunu statistik məlumatlar da təsdiqləyir. 
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin yanvar-iyun aylarında ölkəyə 15. 132,0 ton quş əti idxal olunub. Kənd Təsərrüfatı Nazirliyinin “Ərzaq Balansları” statistikasına görə isə, Azərbaycanın quş ətində illik istehlak həcmi 132.675 tondur. Bu iki statistikanı birləşdirsək, ortaya belə bir nəticə çıxır: təkcə 6 ay ərzində Azərbaycanın istehlakının 10%-dən çox quş əti idxal etmişik. İllik miqyasda götürsək, bu, 20% edər. Deməli, daxili potensialımıza baxmayaraq, biz hələ də idxal asılılığından tam qurtula bilməmişik.

Halbuki, Azərbaycanda son zamanlar quşçuluq sektoruna ciddi investisiyaların qoyulduğu da bir faktdır. Ölkəmizdə bir çox yeni müəssisələr yarandığı kimi, mövcud olanlar da öz istehsal potensiallarını artırmaq üçün ciddi addımlar atırlar. Təməlləri 1982-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən atılan, dolayısıyla 35 illik təcrübəsi olan “Siyəzən Broyler”i buna nümunə göstərmək olar. 605,3 hektarlıq geniş əraziyə malik olan “Siyəzən Broyler” ASC çoxsaylı fabriklər kompleksindən ibarətdir. Hazırda fabrikin nəzdində 12 zona, 2 inkubator stansiyası, sanitar kəsim sexi, ət sümük unu bişirmə sexi, kompressor sexi, soyuducu anbarı, yem anbarı, yumurta anbarı, baytarlıq laboratoriyası, aptek və avtotraktor parkı fəaliyyət göstərir. Bu ciddi imkanları ilə müəssisə ildə 21 min tondan artıq quş əti istehsal edir. Təsərrüfatda quşların böyüdülüb saxlanılması üçün 200 civarında bina var. Müəssisə öz istehsal potensialını daha da böyütmək əzmindədir. 1500-ə qədər işçinin çalışdığı təsərrüfat illik istehsal gücünü 50 min tona qaldırmağı hədəfləyib. Bu isə Azərbaycanın illik istehlakının 35%-indən çox hissəsi deməkdir. “Siyazən Broyler” bu ilin əvvəlindən öz məqsədinə nail olmaq üçün yeni fabrik binaları, kəsim sexləri və s. infrastrukur obyektlərinin inşasına başlayıb və onları gələn ilə qədər bitirməyi planlaşdırır. 2019-cu ildə bu fabriklər kompleksində 3500- 4000-ə qədər insanın çalışacağı proqnozlaşdırılır. “İmişli Quşçuluq”, “Səba” ASC, “Abşeron” MMC, “İsmayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Səba broyler“Hacıqabul Quşçuluq”, “Mərcan” və s. broyler şirkətlərini də hesaba qatsaq, Azərbaycan yaxın günlərdə quş əti idxal edən ölkədən ixracatçı ölkəyə çevriləcək.

Damazlıq yumurta

Ölkəmizdə damazlıq yumurta istehsalı da ilbəil artır. Təkcə “Azərquşçuluq” MMC şirkətində ildə 500 min damazlıq toyuq saxlanılır. Müəssisə bu gücünü gələn ildən 600 min damazlıq toyuğa qaldırmaq niyyətindədir. “Xəmsə” MMC də gələn ildən etibarən istehsal gücünü ikiqat artırmaq istəyən şirkətlər sırasındadır. Şirkət gələn il istehsal potensialını 180 min damazlıq toyuqdan 280 minə çatdırmağı düşünür.

Ümumiyyətlə, Azərbaycanın damazlıq yumurta müəssisələrində hazırda 1 miyon 140 min toyuq mövcuddur. Gələn ildən bu rəqəmin 1 milyon 500 minə yüksələcəyi proqnozlaşdırılıb. Bu toyuq potensialı ilə ötən il 180 milyon civarında damazlıq yumurta istehsal olunub. 2019-cu ildə bu rəqəmin 220 milyona qədər yüksələcəyi gözlənilir. Azərbaycan quşçularının 2019-cu ildə qarşılarında dayanan başlıca məqsəd istehsal həcmini iki dəfə artıraraq, ölkəmizin quşçuluq sənayesində idxalatçıdan ixracatçıya çevrilməsi yolunda qollarını çırmalayan broyler müəssisələrini əsas xammalla təchiz etməkdir.

Gübrəçilik

Kənd təsərrüfatı sahəsində məhsuldarlığı artırmağın ən optimal yollarından biri də gübrəçilikdir. Azərbaycan hökuməti də bu sahədə ciddi addımlar atmışdır. Sumqayıt Kimya Sənaye Parkında qurulan bir sıra gübrə zavodları ölkəmizin ehtiyacını təmin etməklə kifayətlənmir, yaxın gələcəkdə qonşu ölkələrə də ixrac barədə düşünür. Bu sahədə əldə edilən ən ciddi uğurlardan biri də quş peyindən hazırlanan gübrələrdir ki, 2018-ci ildə bir sıra quşçuluq müəssisələri artıq bu məhsulları hazırlayan fabriklər inşa ediblər. Cari ildən həmin fabriklərin tam gücü ilə işləyəcəyi və min tonlarla təbii gübrə istehsal edəcəkləri güman olunur. Qeyd edək ki, bu sahədə də “Siyəzən Broyler”in böyük xidmətləri var. Hazırda ölkənin ən iri təbii gübrəçilik fabriki bu şirkətin nəzdində yaradılır.

Su-meliorasiya siyasəti

Kənd təsərrüfatı sahəsi deyiləndə, təbii ki, ilk ağla gələn iki amil olur – torpaq və su. Torpağı verimsiz olan sahədə nə qədər əlləşsən, heç bir nəticə əldə edə bilməyəcəyin kimi, susuz verimli torpaq da heç bir anlam ifadə etmir. Nə yazıq ki, Azərbaycan su sarıdan Cənubi Qafqaz ölkələri arasında ən kasıb olanıdır. Bəzi statistik məlumatlara görə, Cənubi Qafqazın şirin su ehtiyatın cəmi 10%-i bizim payımıza düşür. Həmin su ehtiyatının 70%-i isə ölkəmizin hüdudlarından kənarda meydana gəlir. Qalan 30%-lik suyumuz yağış və qar sularından əmələ gəlir ki, o da istifadə olunmadan Xəzərə tökülür. 
Zənnimizcə, Azərbaycan öz hüdudlarında əmələ gələn bu suyu toplamasa, sabah daha çətin vəziyyətlə qarşı-qarşıya qala bilər. İstər Ermənistanda, istərsə də Gürcüstanda inşa ediləcək böyük su anbarları Araz və Kür çaylarındakı su həcmini də azalda bilər. Həm bu gün kənd təsərrüfatı sahəsinin inkişafı, həm də sabah bu cür sürprizlərlə qarşılaşmamaq üçün ölkəmizin bir sıra yerlərində su anbarları tikilməlidir.

Qeyd edək ki, hazırda ölkəmizdə 10 su anbarı mövcuddur.

Su anbarı

Sahəsi, km²

Həcmi, km³

1.

Mingəçevir su anbarı

605

15.73

2.

Şəmkir su anbarı

116

2.68

3.

Yenikənd su anbarı

23.2

1.58

4.

Araz su anbarı

145

1.254

5.

Sərsəng su anbarı

14.2

0.565

6.

Taxtakörpü su anbarı

8.71

0.27

7.

Ceyranbatan su anbarı

13.9

0.186

8.

Ağstafa su anbarı

6.3

0.12

9.

Varvara su anbarı

22.5

0.06

10.

Xanbulançay su anbarı

24.6

0.052

11.

Xaçınçay su anbarı

1.76

0.023


Fəqət bu anbarları ölkəmizin bütün ərazilərini əhatə etmədiyindən arzulanan səmərəni əldə etmək mümkün deyil. Ölkəmizin bütün əraziləri boyunca bu cür anbarlar tikilməli və ekoloji cəhətdən daha təmiz sayılan yağış və qar suları bu anbarlara yığılmalıdır. Həmin anbarlar üzərindən 100 minlərlə hektar ərazini daha məhsuldar hala gətirmək mümkündür.
Sadalanan bütün bu faktlar Azərbaycanda kənd təsərrüfatı sektorunun getdikcə inkişaf etdiyini, bəzi ziqzaqlı təcrübələr yaşasa da, hər il məhsuldarlığı artırdığı, bununla bərabər qarşımızda hələ ciddi problemlərin dayandığını göstərir.

Mürvət Həsənli
ADAM sədri




Ana səhifəyə qayıt        Baxış: 1 069          Tarix: 9-01-2019, 12:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma