Dünyanın bir çox ölkələrinə qarşı sanksiyalarla gündəmə gələn ABŞ-ın növbəti hədəfi Almaniya ola bilər.
Ovqat.com-un xarici mətbuata istinadən bildirdiyinə görə, artıq Ağ ev külislərində bu barədə açıq müzakirələr gedir.
Bildirilir ki, Avropanı “rus əsarəti”ndən xilas etmək pərdəsi altında yürüdülən bu siyasətin daha ciddi səbəbləri var. Əsas səbəb isə ABŞ-ın Avropa bazarına satmaq istədiyi donmuş qaz (LNG) ixracatını artırmaq və qlobal enerji bazarına tam nəzarəti ələ keçirməkdir. Bu sahədə ABŞ-ın qarşısında dayanan ən böyük əngəllərdən biri isə Almaniyanın rus qazını Baltik dənizi vasitəsilə öz ölkəsinə daşımaq və enerji satış mərkəzinə çevrilmək niyyətidir. Rusiya və Almaniya arasında çəkilməkdə olan Şimal axını-2 qaz kəmərinin inşasını dayandırmaq üçün ABŞ bu layihədə iştirak edən alman şirkətlərinə qarşı sanksiyalar həyata keçirməyə çalışır.
Vaşinqtonun Şimal-2 layihəsinə qarşı hücumu yeni deyil. Hələ ötən ilin iyulunda Brüsseldə keçirilən NATO sammitində çıxış edən ABŞ Prezidenti Donald Tramp Rusiya ilə neft və qaz anlaşması bağlayan Almaniyanı quru yuyub, yaş sərərək demişdi:
"Almaniya enerji üçün Rusiyaya yüksək səviyyədə ödənişlər edir. Bu səbəbdən Almaniya Rusiyanın əsirinə çevrilib".
Trampın Almaniyanın qazda Rusiyanın əsiri olduğunu iddia etməsinə baxmayaraq, mütəxəssislərin fikrincə, belə bir ehtimal yoxdur. Zira rus qazı Almaniyanın enerji ehtiyacının kiçik qismini qarşılayır. Berlin son illərdə alternativ enerji mənbələrinə ciddi sərmayələr qoyaraq, bu sahədə çeşidlilik yarada bilib.
ABŞ prezidentinin alman enerji siyasətinə bu cür kobud müdaxiləsinə məhəl qoymayan rəsmi Berlinə ikinci hücum ABŞ-ın Enerji naziri Rikk Perridən gəlmişdi. O, keçən il noyabr ayında mətbuata verdiyi açıqlamada Almaniyanın açıq-aşkar hədələmiş, Vaşinqtonun “Şimal axını-2” boru xəttində yer alan şirkətlərə sanksiya tətbiq etmək hüququnu əlində saxladığını bildirmişdi. Üzərindən bir ay keçməmiş ABŞ-ın Nümayəndələr Palatası bu istiqamətdə ilk addımını atmış, sözügedən layihədə yer alan müxtəlif şirkət, təşkilat və şəxslərə sanksiya tətbiq olunmasını nəzərdə tutan qətnamə qəbul etmişdi. ABŞ-ın Berlin səfiri Riçard Grenellin isə keçən həftə həmin şirkətlərə məktub göndərərək, "Amerika Düşmənlərinə Qarşı Sanksiyayla Mübarizə Qanunu" çərçivəsində şirkətlərin cəzalandırıldıqlarını bildirmişdi.
ABŞ-ın bu hücumlarına Almaniyadan ilk cavab ölkənin Xarici İşlər naziri Heiko Maasdan gəlmişdi. O, Vaşinqtona Avropanın enerji siyasətinə müdaxilə etməməsini məsləhət bilərək xatırlatmışdı ki, ABŞ Avropa qitəsində yerləşmir. Dolayısıyla, "Avropanın enerji problemləri ABŞ-da deyil, Avropada həll olunmalıdır”.
ABŞ-ın sanksiya qərarını şərh edən alman ekspertləri istənilən halda “Şimal axını-2” layihəsinin çəkiləcəyinə inanırlar. Enerji siyasətləri analitiki Stefan Meister də bu fikirdədir. Onun fikrincə, alman şirkətlər bu layihədə fəaliyyətlərini dayandırsalar belə, boru kəmərini Qazprom təkbaşına inşa edəcək:
“ABŞ-ın sanksiyalarına baxmayaraq, Almaniya önəmli enerji mərkəz olacaq. Nəticədə heç bir faydası olmayan bu sanksiyalar ABŞ-la münasibətləri daha da soyudacaq”.
Meister açıqlamasında ABŞ-ın sözügedən qaz layihəsini dayandırmaq istəməsinin səbəblərinə də toxunub. Onun iddiasına görə, ABŞ-ın bu addımının 3 səbəbi var:
"Birincisi, Vaşinqtonda Rusiya ilə bütün əlaqələri kəsmək istəyən dairələr var və Avropadakı tərəfdaşlarıyla münasibətlərə zərər versə belə, bu hədəfə çatmaq istəyirlər.
İkincisi, Tramp daha böyük ticarət müqaviləsi bağlamaq niyyətilə sanksiyalardan Almaniya ilə sövdələşmək üçün istifadə edir və həssas ictimai rəyə oynayaraq, Rusiyaya qarşı cəza təşəbbüslərə dəstək verdiyini göstərir.
Üçüncüsü isə ABŞ Avropaya LNG satmaq istəyir və burada Rusiyanı rəqib kimi görür”.
Qeyd edək ki, Baltik dənizindən keçərək Avropaya təbii qaz daşıması nəzərdə tutulan “Şimal axını-2” layihəsinin ümumi uzunluğunun 1220 kilometr olacağı planlaşdırılır. Bu ilin sonuna qədər bitirilməsi proqnozlaşırılan layihənin indiyədək yalnız 400 kilometrlik hissəsi çəkilib. Ukraynada baş verən böhrandan və Krımın ilhaqından sonra Avropaya nəql etdiyi təbii qazdan Ukraynanın payını daha da azaltmaq istəyən Rusiya 2015-ci ildə “Şimal axını”-2 layihəsinin çəkiləcəyini bildirmişdi. Layihənin çəkilişində Qazpromla yanaşı, Shell, OMV, Engie, Uniper və Wintershall kimi Qərb şirkətləri də iştirak edirlər. Ukrayna, ABŞ, Polşa və Baltikyanı ölkələr isə onun əleyhinə çıxırlar. 10 milyard avroya başa gələcəyi gözlənilən layihə çərçivəsində ildə 55 milyard kubmetrlik rus qazının Almaniyaya nəql olunması planlaşdırılır.
ABŞ-ın ticari maraqları
Mütəxəssislərin əksəriyyəti ABŞ-ın Rusiya düşmənçiliyinin arxasında böyük ticari maraqların dayandığını düşünürlər. Onların fikrincə, AB üzvü 28 ölkənin ümumi əhalisi 513 milyondur və bu rəqəm qaz ixrac edən ölkələr üçün dəyəri yüksək bazar mənasına gəlir. Aİ-nin 2025-ci ildə təbii qaz ehtiyacının 80%-ni idxal edəcəyi gözlənilir. Aİ-nin ümumi qaz idxalında ABŞ-ın təklif etdiyi LNG tipli donmuş qazın payı 2017-ci ildə 14% idi. Bu məbləğin 41%-ni isə Qətər təmin edirdi. ABŞ-dan idxal olunan LNG isə 4% civarında idi. Məsələyə bu aspektdən nəzər salanda ABŞ-ın Almaniyaya tətbiq etdiyi sanksiyalarla yanaşı, Qətərin də körfəz ölkələri tərəfindən gözümçıxdıya salınmasının əsl səbəbi aydınlaşır.
Qlobal konsaltinq şirkəti “CF International”a görə, ABŞ-ın LNG ixrac terminallarından əldə edilən ümumi dəyər 2050-ci ilə qədər qədər 716 milyard dollara çatacaq. Deməli, burada söhbət həm də ciddi kapital davasından gedir.
Qeyd edək ki, ABŞ-ın istehsal etdiyi LNG, boru xətləri üzərindən ötürülən Rusiya təbii qazından 30% baha başa gəlir. Ədalətli rəqabət mühitində Rusiyaya uduzan ABŞ məcburən zorakı yollara əl atmağa çalışır.
Başda Polşa olmaqla Baltiyanı ölkələrin və Ukraynanın “Şimal axını-2” layihəsinə qarşı çıxmaları da başadüşüləndir. Ukrayna və Baltikyanı ölkələr böyük fədakarlıqlar etdikləri bir zamanda Almaniyadan onların siyasətini heçə endirən addım atılmasını istəmirlər və öz mövqelərində haqlıdırlar da. Polşaya gəlincə, ABŞ-ın Avropaya satmaq istədiyi LNG qazının bu ölkədən paylaşacağı planlaşdırılır. Məlumata görə, Rusiyayla rəqabət imkanını artırmaq üçün ABŞ şirkətləri qiymət endiriminə gediblər. Endirimdən sonra 2018-ci ilin noyabrında Polşanın dövlət enerji şirkəti PGNİG ilə ABŞ firması Cheniere Enerji arasında 24 illik müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən, ABŞ-dan Polşaya böyük həcmdə LNG qazı ixrac olunacaq.
Paylaş: