Azərbaycan müxalifətinin son zamanlar fəallaşması, 19 yanvarda keçirilən mitinq cəmiyyətdə müzakirə mövzusu olaraq qalır. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bu mövzuda “Yeni Müsavat” qəzetinə müsahibə verib. Müsahibəni təqdim edirik:
- Pənah bəy, keçən ilin sonlarından müxalifətin yer aldığı siyasi meydanda müşahidə olunan canlanma, hərəkətlilik yeni ilin ilk ayında bir qədər də yüksəlib. Nə baş verir?
– Cəmiyyətin və müxalifətin fəallaşmasının dərin kökləri var. Onu yalnız siyasi müxalifətin mövcudluğu ilə bağlamaq doğru deyil. Hətta sistem xarakterli sosial-iqtisadi, siyasi böhran anlayış-modeli də hər şeyi izah etmir. Müstəqillikdən əvvəlki kommunist dövrü ilə, sonrakı hadisələrlə bağlı olmayan, fərqli qavrayış və təsəvvürlərə malik olan tamamilə yeni nəsil böyüyüb. Əslində yeni dövrün periodik siyasi-sosial böhranlar tsiklinin 12-15 ildən ibarət olduğunu nəzərə alsaq Azərbaycanda bu fəallıq xeyli gecikmişdir. Yəni bu fəallaşmada sosial psixoloji faktor ciddi, hətta ola bilər ki, həlledici faktora çevrilib. Kütləvi aksiyalarda gəncliyin hələ kifayət qədər görünməməsindən yanlış nəticələr çıxarmaq da lazım deyil. Ən mühümü isə bu yeni nəslin, bura 80-ci illərdə doğulmuşları da əlavə etsək, işləyən təbəqədə çoxluq təşkil etmələridir. Hətta oliqarxların da övladları ataları kimi düşünmür və onlar kimi deyillər, dəyişim istəyirlər. Konkret versiyalara, daha doğrusu subyektlər üstündən qurulan versiyalara gəldikdə isə Qarabağ Komitəsinin yaranmasının, fəaliyyətinin, aksiyalarının, daha sonra onun bir növ siyasi uzantısı kimi qavranılan müxalifətdaxili paralel yapılanma cəhdlərinin ənənəvi siyasi müxalifətin fəallığını tətiklədiyini görməzdən gəlmək mümkün deyil. Regionda baş verənləri, xüsusən Ermənistandakı Paşinyan inqilabının Azərbaycan qarşısında qoyduğu çağırışların təsirini də kənara qoymaq olmaz.
Bu fəallaşmanın süni olması, iqtidardaxili siyasi oyunlardan qaynaqlandığı iddiası da var. Mən şəxsən fəallaşmanın süni olmadığı qənaətindəyəm və hesab edirəm ki, bu, ölkədə labüd siyasi dəyişikliklər prosesinin əlamətidir.
- Hakimiyyət Qarabağ Komitəsinin mitinqlərinə-özü də sırf Qarabağa azadlıq şüarı ilə keçirilən mitinqlərə icazə vermədi. Müsavatın siyasi məhbuslarla bağlı mitinqinə də razılıq olmadı. Lakin Milli Şuranın mitinq üçün müraciətinə qısa zamanda müsbət cavab verildi. Sizcə, nədən bu taktika seçilib?
– Birincisi, mən bu məsələni baş verən proseslərlə bağlı əhəmiyyətli hesab etmirəm. Açığı, bir qədər də diqqəti əsas məsələlərdən, hədəflərdən, prosesin mahiyyətindən yayındıran və ya belə məqsəd daşıyan məsələ hesab edirəm. Ancaq bir halda ki, sual verilib, gərək cavab da olsun. Nə üçün Qarabağ Komitəsinə, Müsavat Partiyasının mitinq müraciətlərinə icazə verilmədi, Milli Şura-AXCP adına edilənə verildi? Əslində bundan daha maraqlı və intriqa yüklü sual da verə bilərdiniz – necə oldu ki, 19 yanvara, yəni 20 yanvardan bir gün əvvələ mitinqə icazə verildi? Mənim də iştirakçısı olduğum müzakirələrdə ən çox üzərində dayanılan bu nüans idi. Bəziləri belə nəticə çıxarırdılar ki, hakimiyyət iri bir provokasiya hazırlayıb hadisə törədəcək və bunun geniş şəkildə davamı olaraq repressiyalar başlayacaq. Ancaq hakimiyyət niyə onun üçün açıq-aşkar xatalı olan belə bir addıma getsin?
Deyilirdi ki, məsələn, Qarabağa dair təslimçi sülh müqaviləsi hazırlanır və buna qarşı ola biləcək etirazları profilaktika məqsədilə bu akt aparıla bilər. Və ya hakimiyyət fəal müxalif, siyasi kəsimi müvəqqəti sıradan çıxarıb növbədənkənar parlament seçkiləri keçirmək istəyir və s. Digər bir qrup mülahizələr ondan ibarət idi ki, hakimiyyət daxilində hazırda qrup ziddiyyətləri kəskin olduğuna görə bir qrup aranın qarışmasında maraqlı ola bilər və bu səbəbdən nail olublar k, müvafiq qurumlar bu icazəni versin ki, təxribat törədilsin, baş qarışsın. Lakin 19 yanvar oldu, iddia edilənlər olmadı. Sizin sualınıza qayıtsaq, ona ən dəqiq cavabı müvafiq iqtidar vəzifəliləri verə bilər. Mən iqtidar vəzifəlisi deyiləm və sualda ifadə etdiyiniz məsələ barədə də konkret informasiyam yoxdur. Odur ki, mənim cavabıma yalnız mülahizə, ehtimal, təhlil, dəyərləndirmə, ümumiləşdirmə, nəticə çıxarma kimi baxmaq lazımdır. İstisna deyil ki, təhlil nəticəsində irəli sürülən versiyalardan biri doğru cavab olsun. Mən 19 yanvar mitinqinin təşkilatçılarının izahı ilə qane olmaq tərəfdarıyam. Yəni 19 yanvar mitinqinə müraciət Avropa Parlamentinin rəsmi saytında Mehman Hüseynovla, siyasi məhbuslarla bağlı müzakirələrin keçirilməsi barədə məlumat dərc olunduqdan sonra edilmişdi.
Və sonra da Avropa Şurasında da bənzər müzakirələrin gedəcəyi barədə informasiya yayıldı. Birdən-birə məlum oldu ki, Mehman Hüseynova ikinci cinayət işi açmaqla iqtidar, ya bu addımı kim təklif edibsə “səhv” edib. Sonra bu “səhv”lərin düzəldilməsinə başlanır və məlum olur ki, bu da növbəti bir səhvdir. Prezidentin Mehman Hüseynova qaldırılmış cinayət işini nəzarət götürməsi və prokurorluğa tövsiyələri, ardınca da cinayət işinin icraatına xitam verilməsi əlbəttə ki, bir tərəfdən vəziyyətdən çıxış kimi uğurlu gediş sayıla bilər. Bəlkə də yeganə, yaxud ən optimal uğurlu gediş belədir. Lakin bu həm də iqtidarın opponentlərini və onların tərəfdarlarını ruhlandıracaq, yəni həm də müxalifətin uğurudur. Mən 19 yanvara icazəni də bu qəbildən olan “səhv”lərdən biri hesab edirəm. Hər halda, iqtidarda kimsə bu “səhv”i edib. Lakin iki gün sonra Milli Şuraya “kütlələri idarə edə biləcəyini sübut edənə qədər” mitinq keçirməyə qadağa tövsiyələri səsləndi. Bu da növbəti bir “səhv”dir. Əgər 26 yanvara mitinq müraciətinə icazə verilsə də, verilməsə də hər iki variantda məlum olacaq ki “səhv edilib”. Vəziyyət belədir.
- AŞ PA-nın qış sessiyasından iki gün öncə müxalifətin Bakıda mitinq keçirməsinin əslində hakimiyyətə də sərf etdiyi və buna görə aksiyaya razılıq verildiyi barədə iddialar irəli sürülür. Bu iddialarda həqiqət payı varmı?
– Yuxarıda dedim ki, bu amil heç şübhəsiz hakimiyyət daxilində bu məsələ müzakirə edilərkən nəzərə alınıb. Yəni həqiqət payı var. Lakin nə olur-olsun 19 yanvar mitinqindən müxalifətin çox ciddi güclənməsi də faktdır. Cəmiyyət elə bir həddə gəlib ki, həbslər nəinki fəallığı dayandırır, səngidir, tamamilə əks təsirə, daha doğrusu, bu fəallığı artıran amilə çevrilə bilər. Mən “gəlin həbsxanaları dolduraq” şüarının son günlərdə hər yerdə səslənməyə başladığını eşidirəm. Bu proses başladığı andan iqtidardakılar ən ciddi təzyiq vasitəsindən – həbs, təqib, işgəncə və xofdan məhrum olacaq.
- 19 yanvar mitinqində kütləviliyin o cür olacağı əvvəldən gözlənilən idimi? Burada əsasən Mehman Hüseynov faktorunun və Avropa Parlamentinin cəmi iki gün öncə Azərbaycanda insan haqları ilə bağlı keçirdiyi müzakirə və qəbul etdiyi sənədin rol oynadığı iddiaları çox yayılıb. Sizcə, bu amillərin təsiri oldumu?
– 19 yanvar mitinqi “Məhsul” stadionunda keçirilən mitinqlərin ən böyüyü oldu. Məncə, mitinqə o qədər adam gələcəyi iqtidar və 19 yanvar mitinqinə icazə tərəfdarları üçün gözlənilməz olub. Və iqtidar texnoloqları ən az zərəri onda görürlər ki, bunu təşkilatçıların, konkret halda Milli Şuranın və Əli Kərimlinin nüfuzu, yaxud kütlələrin hakimiyyətdən narazılığı ilə, siyasi tələblərin müdafiə olunması ilə yox, Mehman Hüseynovun şəxsi ilə əlaqələndirsinlər. Mehman Hüseynovun gənc, populyar bir blogger olması, gənclərin əksəriyyət təşkil etdiyi 200 minlik bir sosial şəbəkə səhifəsinə malik olduğu, aclıq aksiyası keçirməsi əlbəttə ki, 19 yanvar mitinqinə müstəqil təsir amilləri idi. Ancaq əsas səbəbin cəmiyyətdə siyasi dəyişim istəyinin təzahürü olduğu heç kimdə şübhə doğurmamalıdır. Mən “Kim Mehman Hüseynovla bağlı mitinq keçirsəydi o qədər adam gələrdi” mülahizəsi ilə qətiyyən razı deyiləm. Əlbəttə ki, 19 yanvar mitinqinin o şəkildə alınmasında son 6 ayda həm də müxalifət daxilində hətta Əli Kərimliyə opponentlik edənlərin də apardığı işin təsiri olmamış deyil. Lakin bilirsiniz, siyasi proseslərdə də bir şans deyilən amil var. Lakin məncə, şansın kimə düşməsində də bir qanunauyğunluq görməyə dəyər.
- İştirak etdiyiniz mitinqlərdə adətən çıxış edirsiniz. 19 yanvar mitinqində nədən çıxış etmədiniz?
– Mən heç də bütün mitinqlərdə çıxış etməmişəm. Bu mitinqdə də çıxış etmək istəyim və niyyətim olmayıb və təşkilatçılardan da belə təklif almamışam.
- Qarabağ Komitəsinin planında mitinq varmı?
– Qarabağ Komitəsinin hələ keçən ilin dekabr ayında 26 yanvarda mitinq keçirmək qərarı vardı. Sonra Qarabağ Komitəsi üzvlərinin də bir qrupunun qoşulduğu “Xalq hərəkatı” prosesi bu müraciətin edilməsini təxirə saldı. Bu həftənin 3-cü günü bu məsələnin müzakirəsi olacaq. Aydındır ki, müraciət olacaqsa, məlum səbəbdən 26 yanvara olmayacaq.
- Qarabağ məsələsinin həlli üçün hansısa prosesin getdiyi söylənir. Siz bu barədə hansı qənaətdəsiniz?
– Mən 1993-cü ilin iyunundan sonra Qarabağın azad olunması və silahlı münaqişənin bitirilməsi üçün ikinci əlverişli şəraitin yarandığı qənaətindəyəm. Bunun üçün Azərbaycan cəmiyyətinin bütünlüklə Qarabağın azadlığı məsələsinə səfərbər edilməsinə ehtiyac var. Qarabağ Komitəsinin bu məsələ ilə bağlı tədbirlər planı mövcuddur. Problem təkcə hərbi, geopolitik deyil, həm də siyasidir.
- Yaxın aylarda növbədənkənar parlament seçkilərinin olacağı barədə xəbərlər yayılır. Sizcə, hakimiyyətin növbədənkənar seçki qərarı verməsi gözləniləndirmi? Bu, olacaqsa, müxalifət olaraq qatılacaqsınızmı? Ümumiyyətlə, müxalifət növbədənkənar seçkiyə hazırdırmı?
– Hətta indiki qeyri-bərabər, antidemokratik seçki vəziyyətində də müxalifət seçicilərin əhəmiyyətli bir hissəsinin səsini ala bilər və həmişə də alıb. Mən nəzəri olaraq seçkilərdə iştirak tərəfdarıyam. Ancaq doğrusu, 80-ci illərdən sonra ilk dəfədir ki, “seçki olsa, iştirak edəcəyəm” mövqeyində deyiləm. Vəziyyəti dəyərləndirərək qərar qəbul edilməsinin tərəfdarıyam. Bir neçə il qabaq söylədiyim tezisin indi də aktual olduğu qənaətindəyəm. Məsuliyyəti və hakimiyyəti bölüşmək lazımdır. Lakin bu tezis bəzilərinin güman etdiyi və ya qələmə verdiyi kimi, yalnız iqtidara ünvanlanmamışdır, separat sövdələşməni nəzərdə tutmur, demokratik, bərabər rəqabətli seçkini və şübhəsiz, əlbəttə ki, siyasi razılaşmaları ehtiva edir.
Paylaş: