Xəbər lenti

 

Hər şey əslində, ilk baxışdan xırda görünən bir məsələdən başlayıb. Hörmətli Kamal Abdullanın rektorluq etdiyi Azərbaycan Dillər Universitetinin (ADU) bir neçə əməkdaşının məsələni sırf Kamal Abdullanın vurdumduymazlığı və belə demək mümkündürsə, təhriki nəticəsində ictimailəşdirməsi ilə başlayıb. Universitetdə geniş mətbuat konfransı keçirən Kamal Abdulla universitetdaxili problemlərini, bəzi universitet əməkdaşları ilə yaranmış mübahisəli məsələləri geniş mediaya açıqlayaraq gündəmə gətirib. Hətta bəzilərini məhkəməyə-duelə səsləyib (O, ayrı məsələdir ki, Universitetdə sakitlik və sabitlik yaratmaqdansa müəllimləri məhkəməyə çağırmaq da nə demək – yəqin bunun da izahınə verəcək nə zamansa).

Gərginlik o həddə çatıb ki, bir gənc müəllim başqa çıxış yolu tapmayıb və üzünü özünün inam, ümid yeri bildiyi prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya tutub.

Gənc müəllimin məktubunda olayları xarakterizə edən maraqlı bir cümlə var: “Kamal müəllim vəzifəsindən sui-istifadə edərək deyir ki, mənim hər hansı bir sözümə etiraz Prezidentə etiraz deməkdir.” Buradan hər şey bəlli olur. Deməli, ölkənin böyük bir universitetinin rektoru, özünü ziyalı kimi təqdim edən və elə tanınan, akademik bir adam narahatlığı ortadan qaldırmaq, məsələnin ictimailəşməsinin qarşısını almaq, etirazları yoluna qoymaq əvəzinə, “mənim hər hansı bir sözümə etiraz Prezidentə etiraz deməkdir” deyə Universitetdə möhtəşəm bir diktatura təsis edib. Bunu günlərin bir günündə prezident İlham Əliyev bilərsə, Kamalın aqibəti necə olar, onu mən bilmirəm, amma bildiklərim odur ki, Kamal Abdulla bu perspektivsiz savaşa məni və rəhbərlik etdiyim qəzeti də müdaxil buyurub. O, hadisələri yatışdırmaq, Universitetinin adını ictimai sferalarda hallandırmamaq xəttini tutmalı ikən, olduq-olmadıq yerdə işin içinə kənar faktorlar da daxil edib.

Kamal Abdullanın ədəbi gəncliyin arasında müəyyən qədər hörməti var. O gənclər üçün əli açıqdır, adamların xeyir-şərində iştirak edir, bəzilərinin kitablarını çap edir, bəzilərinin borcunu bağlayır. Bunlar hamısı başadüşüləndir, amma o gənclər söz killerləri deyil axı, olmamalıdır. Kamal Abdulla bəzi çevrələrin nüfuzundan istifadə etməməli, xüsusilə, yaradıcı insanları bir qadının üzərinə səlib yürüşünə göndərməməli, hələ bu istiqamətdə deputat dostlarından istifadə etməməlidir axı, edə bilməz. Universitet əhlinin ümid yeri odur, onun özü olmalıdır. Onu tənqid edənə “mənim hər hansı bir sözümə etiraz Prezidentə etiraz deməkdir” demək də nə? Bu, harada görünüb?!

Məlahət İbrahimqızı kimi oyununda oynayır, niyə?!

Təbii ki, bunlar bəlkə də məni maraqlandırmaya bilərdi. Heç məsələdən xəbərim də yox idi. Həm də açığı, mən bu tip məsələlərə çalışıram xüsusi bir ehtiyac olmadıqca müdaxilə etməyim. Bu xəbərlərin intensivləşdiyi sıralarda Bakıda da deyildim. Mənə dostlar zəng edib Məlahət İbrahimqızı adlı bir deputatın bizim haqqımızda nəsə dediyini dedilər. Sonra zənglər artdı və Kamal Abdullanın da adını bura əlavə olunan gördüm. Lənət şeytana, axı mənim bu adamlarla heç bir zaman heç bir problemim olmayıb. Əksinə, ortaq dostlarımız var, Kamal müəllimin bəzi gənclərə nə kimi yardımlar etdiyini bilirəm, yanımda bir çox hallarda onun haqqında xoş sözlər danışıblar, zamanında “Xural” qəzeti ilə əməkdaşlığı olub. Nə olub ki, indi? Eləcə də Məlahət İbrahimqızı. Ya vəlvələdən, ya zəlzələdən onunla heç bir zaman yollarımız kəsişməyib. Heç onun haqqında da elə bir şey yazmamışıq. Ona nə olub elə?!

Boş verdim və telefonda eşitdiklərimlə kifayətləndim.

Bu arada aydın oldu ki, haqqında danışılan, prezidentə və birinci vitse-prezidentə məktub yazan xanıma, nə zamansa “Xural”da işlədiyini indi kompromat kimi istifadə edirlərmiş. Olayı xatırlamadım. Güman etdim ki, bu, kiminsə təxribatıdır. Müəllimin adını soruşdumsa da, açığı, yenə xatırlamadım. Sonra məlum oldu, dəqiqləşdirib ortaya çıxardım ki, həqiqətən bir çox gənclər kimi, Vüsalə xanım da bizim qəzetdə 2002-2005-ci illərdə tələbəlik dövründə mədəniyyət şöbəsində tərcüməçi redaktor kimi işləyib. Yalnız mədəniyyət və incəsənət xəbərlərinin tərcüməsi ilə məşğul olan həmin xanımla elə o illərdən də heç bir ünsiyyətimiz olmayıb.

Rektorla deputatın “Xural” xofu…

Kamal Abdullanın haqqında etiraz və sonra da ölkə rəhbərliyinə şikayət edən gənc müəllimin məktubundan sonra rektor bütün arsenalını işə salır – öndə deputat Məlahət İbrahımqızı olmaqla. Məlahət xanım açıqlamasında beləcə də deyir:

“Vüsalə Ağabəylinin çalışdığı universitetdə qarşılaşdığı əmək mübahisəsində partiyanın adının hallandırmağa çalışması görünür, onun vaxtilə “Xural” qəzetində qazandığı qərəzli təcrübədən və zərərli peşə vərdişlərindən qaynaqlanır.

Xanım deputatın sözləri mənə çatmadı ki çatmadı. Bax bu məsələnin, bu uğursuz cümlənin mənasını anlaya bimədim. “…vaxtilə “Xural” qəzetində qazandığı qərəzli təcrübə və zərərli peşə vərdişləri” nə deməkdir və bunun mətləbə nə dəxli var?

Bu fikir hörmətli Kamal Abdulla tərəfindən də Məlahət İbrahimqızına istinadən səsləndirilib. İdeyanı çox güman ki, cənab rektorun özü verib, Məlahət xanımın da çox xoşuna gəlib. Yoxsa Allah qoymasa, deputatlıq və rektorluq kresloları daşıyan bu möhtərəm zatlar bilməmiş olmazlar ki, 17 il (!!!) bundan əvvəl hansısa bir qəzetdə işləməyi 17 il (!!!) sonra – bu gün ona kompromat hesab etmək nadanlıq və cahillik əlamətidir. Nə qədər totalitar düşüncə tərzinə hakim olmalısan ki, keçmişini unudaraq ağlına nə gəldi danışasan. Stalinin dövründə də belə şey yox idi. Təsəvvür edə bilirsinizmi, 1937-ci ildə Məlahət İbrahimqızının məntiqi ilə hətta 17 il əvvəl Üzeyir Hacıbəyli Demokratik Cümhuriyyət dövrünün əsas qəzetinin baş redaktoru işləmişdi – “Azərbaycan” qəzetinin! Mən ADR-in himninin də müəllifi olan Üzeyir bəyin bu tərəfini heç demirəm, Məlahət İbrahimqızının məntiqi ilə 17 il əvvəl Üzeyir bəy Hacıbəyov Cümhuriyyət dövründə “Azərbaycan” qəzetinin baş redaktoru olduğu üçün 1937-ci ildən salamat çıxmamalıydı. O zaman Stalinin ölənlərinə və özünə Allah rəhmət eləsin, o zaman bu mübarək Məlahət İbrahimqızı Stalinin deputatından-zaddan biri olsaydı, Üzeyir bəyin kəlləsi getmişdi. Məlahət İbrahimqızı Vüsalə Ağabəylini tam o arqumentlə suçlayır: “Niyə 17 il əvvəl “Xural” qəzetində işləyibsən?!” Allah Allah, bu hökumət, onun təyinatlı deputatları, natamamlıq içində çırpınan, üzdə özünü ziyalı göstərib qəlbinin dərinliklərində totalitar düşüncə daşıyan rektorları nə gündədir? Bunlardır bu hökumətin ziyalıları?! Bir gəncin arqumentlərinin qarşısında darmadağın, çilik-çilik olublar, sökülüb gediblər, buz kimi əriyib yerlə-yeksan olublar, ürəkləri soyumayıb, başqa bir şey tapa bilməyiblər, 17 il əvvəl işlədiyi qəzet bunların köməyinə gəlib?! Heç köməyiniz olmasın Allah! Heç olmayacaq da!

17 il əvvəl Məlahət İbrahimqızı harada, kimin yanında idi?!

Məlahət İbrahimqızının məntiqinə qayıtmaq və bir neçə məsələni aydınlaşdırmaq istəyirəm. Madam 2002-ci ildə bir gənc xanım “Xural”da işlədiyi üçün qınağa gətirilir, madam 17 il əvvəl “Xural”da işləmək suçdur, ictimai qınaq səbəbidir, o zaman görək 17 il bundan əvvəl, indiki cəsur dekan “Xural”da mədəniyyət redaksiyasında çalışanda Məlahət İbrahimqızı nə ilə məşğul olub? Bəli, bəli, düpədüz məntiqidir. Bilirəm, indi Məlahət İbrahimqızı bu hissəyə və 17 il əvvəli ona xatırlatdığıma görə xoşhal olmayacaq, amma məntiq onun özünün məntiqidir.

O zaman Məlahət İbrahimqızı sabiq Səhiyyə naziri Əli İnsanovun yanında idi. O Əli İnsanov ki, bu Qərbi Azərbaycanlı balasının əlindən tutub onu böyük siyasətə gətirmişdi. Ona arxa-dayaq olmuş, himayədarlıq etmişdi. Məlahət İbrahimqızı onun sayəsində Milli Məclisə təyin olunmuş, Əli İnsanovun kadrı kimi YAP-ın sıralarında yüksələ-yüksələ getmişdi. Amma Əli İnsanov həbs olunandan sonra digər bəzi həmyerliləri kimi onu meydanda tək qoymuş, nəinki arxa-dayaq olmuş, hətta onun əleyhinə danışmış, fəaliyyət göstərmiş, nəhayət, bu fəallığına görə də elə Əli İnsanovun sədri olduğu YAP Nəsimi rayon təşkilatının sədri təyin olunmuşdu. Eyni məntiqlə Məlahət İbrahimqızı 17 il bundan əvvəl Əli İnsanovun yanında olduğu üçün indi də onun yanında olmalıdır. Deyilmi? Madam ki, sən kimisə 17 il əvvəl haradasa işlədiyinə görə qınayırsan, o zaman zəhmət olmasa özün də Ağır Cinayətlər Məhkəməsində mühakimə olunmalısan, içəri – cinayət edən ustadının yanına getməlisən. Əks təqdirdə, sənin bütün iddia və ittihamların sabun köpüyü kimi partlayar. Məlum olar ki, o boyda YAP Nəsimi rayon təşkilatının sədri, o boyda guya deputat Kamal Abdullanın sifarişini icra edir. Bu da xanıma və deputata yaraşmaz. Yaraşarsa cavabını da alar. Niyə yerində oturub öz işlərinlə məşğul olmursan bə, qadın?! Sənə kimin neçənci ildə “Xural”da işləməsi lazımdır? Başqa işin-gücün yoxdur? Sən kimisə “…vaxtilə “Xural” qəzetində qazandığı qərəzli təcrübə və zərərli peşə vərdişləri” ilə ittiham edərsənsə, o zaman sənə xəyanət edib əməyini yerlə bir etdiyin Əli İnsanovu xatırladarlar. “Xural”da işləmək cinayət sayılırsa, Əli İnsanova işləməyin cəzası 17 illik həbsdir.

Kamal Abdullanın “Xural”la əməkdaşlığı

Bu məsələdə çibanın başı Kamal Abdulladır. Ondan prezidentə və birinci vitse-prezidentə şikayət olunub. Bu şikayətdən sonra Kamal bütün arsenalını işə salıb ki, şikayətçi xanımı susdursun. Ona töhmət verib, özbaşına onun yerinə kimisə təyin edib. Bəzi deputatlara danışan və etirazını dilə gətirən gənc müəllimə səlib yürüşü etmək tapşırığı verib. Bununla kifayətlənməyib, inadkar bir müqavimətlə qarşılaşdığı üçün müxtəlif zamanlarda yardım edib köməyinə qaçdığı jurnalist dostlarından istifadə edərək bir xanıma qarşı kampaniya aparıb. İşi lap çətinə düşəndə isə o da Məlahət İbrahimqızının arqumentinə sarılıb. Onun birbaşa təhriki ilə guya mətbuat xidmətinin hazırladığı (Kamal Abdullanın adından mətbuat üçün hazırlanan yazının müəllifləri də kənar adamlar deyil) və mətbuata ötürdüyü məlumatda belə bir məqam da var: “Öz tərcümeyi-halını da məktuba əlavə edən V.Ağabəyli nədənsə 2002-2005-ci illərdə çalışdığı “Xural” qəzetindəki fəaliyyətini yazmağı “unutsa da”, yazı üslubunda və hərəkətlərində YAP Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızının dediyi kimi “Xural”ı unutmamışdır.” Açığı, eynilə Məlahət İbrahimqızının çıxışındakı kimi burada da bir məqamı anlaya bilmədim, “…yazı üslubunda və hərəkətlərində” nə deməkdir, Kamal Abdulla?! Mən Vüsalə xanımın prezidentə və birinci vitse-prezidentə etdiyi müraciəti diqqətlə oxudum. Nə deməkdir “…yazı üslubunda və hərəkətlərində”?! Bu, nə şantaj üsuludur belə? Nəyi nəzərdə tutmusunuz? Axı biz eynilə Məlahət İbrahimqızı misalında olduğu kimi, Sizinlə də yollarımız toqquşmayıb. Eynilə Məlahət İbrahimqızı misalında olduğu kimi, Sizin haqqınızda yazı yazmamışıq, Sizi tənqid etməmişik, Sizinlə toqquşmamız, məhkəmə çəkişməmiz olmayıb, bəs Sizi ağrıdan, narahat edən nədir? Niyə durub-dururkən bir gənc mütəxəssisin işığını “Xural”dan istifadə edərək, 17 il əvvəl orada işlədiyini əsas gətirərək söndürmək istəyir, məni, rəhbərlik etdiyim qəzeti bu məsələdə alət edirsiniz? Kim Sizə deyib ki, mən bu kif qoxuyan iddianıza cavab verməyəcəm? Kim Sizi inandırıb ki, istədiyiniz hər şeyi edəcəksiniz?

Tabeliyində çalışan bir əməkdaşının karyerasını 17 il əvvəl çalışdığı “Xural” qəzetini əsas gətirərək bitirmək istəyən Kamal Abdullanın özü cəmi 8 il bundan əvvəl – 2011-ci ildə “Xural”la əməkdaşlıq edirdi. Unutmaq pis xəstəlikdir. Bəlkə də bu haqda açıqlama verməzdim. Amma Kamal Abdullanın başladığı bu kampaniyaya “Xural”ı daxil etməsi mənə çox toxundu. Heç onun kitablarının “promosyonu” yadıma düşmürdü…

Sən hansı haqla və məntiqlə bir gəncin 17 il əvvəl “Xural”da işləməsini ona qınaq kimi irəli sürə bilərsən? O zaman özünün azı 4 kitabın 2011-ci ildə “Xural”da reklamda – “promosyon”da olub, Oxuculara dağıdılıb, bu kitabları rəhbərlik etdiyin Slavyan Universitetindən şəxsən Sənin adamların göndərib axı. Bu ittiham ciddidirsə, 17 il bundan əvvəl “Xural”da işlədiyinə görə, bir xanıma qarşı başlanan səlib yürüşünün təşkilatçılığını üstlənirsənsə, o zaman 8 il bundan əvvəl kitablarının “promosyon” formasında reklamına və bunu istədiyinə görə, ən azından Sən də sifariş verdiyin Məlahət İbrahimqızı kimi həbsdə olmalısan. Bu, nə ziyalı (yoxsa ziyanlı?!), nə akademik məntiqidir elə? Bir dekan xanım Sənin universiteti dağıtdığını dilə gətirirsə, elm ocağını tiraniyaya çevirdiyini ölkə başçısına çatdırırsa, buna görə adama şər atmalısan? 17 il əvvəl haradasa işlədiyinə görə bir insana hansı ürəklə şər atmaq olar, a kişi?! Axı onun 17 əvvəl işlədiyi “Xural”da sənin cild-cild kitabların reklam olunaraq Oxuculara pulsuz paylanıb. Sənin haqqında dəfələrlə normal yazılar verilib bu qəzetdə.

Facebookda 2 anons xarakterli statusa görə neçə adam salıbsan araya. İstəmirsən o şəkillərin, qəzetdəki reklamların fotolarının getməyini? Hətta buna görə mənə əsir aldığın bəziləri kimi pul göndərməyə də hazır olduğunu dedilər. Qalsın! Sənə hədiyyə edirəm onları!

Yazıya haşiyə:

Sözügedən müəllimlə, Vüsalə Ağabəyli ilə əlaqə saxlaya bilməsəm də,  Kamal Abdullanın və onun sifarişi ilə “Xural”a hücum edən Məlahət İbrahimqızının bu hərəkətlərinin səbəblərini öyrənmək üçün bəzi araşdırmalar apardım. Məlum oldu ki, Kamal Abdullanın hədəf götürən dəstəsinin əsas və önəmli fiqurlarının bəziləri “Xural”ın şinelindən çıxıb. Çox üzüldüm. Bu yazıda onların adlarını çəkməyəcəm, Kamal onlara da zərər yetirər. Amma buradan xəbərdarlıq edirəm, Kamal Abdullanın və onun bir qadına şər atan çoxsaylı dəstəsinin içində “Xural”ın bulağından su içən kimsə olmamalıdır. Çəkilin bu oyundan. “Xural” hər zaman haqqı, həqiqəti car çəkib, “Xural” kimsəsizə dayaq olub, yamaq olmayıb. Kamal Abdulla və Məlahət İbrahimqızı, onların simasında şərə xidmət edənlər bax bunun üçün “Xural”dan qorxublar – hələ də qorxurlar! Yaşadıqları müddətcə bu qorxu onları tərk etməyəcək!

Son söz yerinə onu demək istəyirəm ki, hər kəs ağlını başına cəm eləsin. Heç bir zaman problem yaşamadığımız adamların “Xural”ı yenidən gündəmə gətirməsi çox manidardır. Görünür, həm Kamal Abdulla ilə, həm də Məlahət İbrahimqızı ilə problemimiz olmalı imiş. Olsun, biz səhvimizi düzəldərik. Biz sizlərin adını eşidəndə gecələr yuxu yata bilmədiyiniz adamların tabularını sındırdıq biləsiniz və sizlər bu mənada çox xəfif gəlirsiniz.

Ədalətsizliklərinizə əngəl olmağa davam edəcəyik.

Görəcəksiniz!

“Xural”ın tarixindən fotolar:

Xural.com




Ana səhifəyə qayıt        Baxış: 1 081          Tarix: 24-01-2019, 20:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma