Xəbər lenti
27-11-2024, 19:25

  

Deputat Eldar İbrahimov da Naxçıvan polemikalara qarışdı. Özü də siyasi səhvlərə yol verərək.

Ovqat.com xəbər verir ki, o, “Yeni Azərbaycan" qəzetinə verdiyi müsahibədə Naxçıvan Muxtar Respublikasının son 8 il ərzində inkişafını Azərbaycanla müqayisə edərək bildirib:

 

“Muxtar respublikada 2010-cu ilə nisbətən 2018-ci ildə sənaye məhsulu istehsalı 3,1 dəfə artmaqla qeyri-dövlət sektorunun xüsusi çəkisi 94,7 faiz təşkil etmişdir. Azərbaycan Respublikasında bu artım 1,7 dəfə olmaqla qeyri-dövlət sektorunun xüsusi çəkisi 82,6 faiz təşkil etmişdir”.

 

Eldar İbrahimovun bu sözlərindən belə çıxır ki, muxtar respublika rəhbərliyi Azərbaycan rəhbərliyindən daha yaxşı işləyir. Bu birinci səhv.

 

Deputat müsahibəsində Naxçıvanın statusu ilə bağlı da mövqeyini açıqlayıb. Maraqlıdır ki, onun bu məsələdə mövqeyi fikirlərinə qarşı çıxdığı deputat həmkarı Qüdrət Həsənquliyevin dedikləriylə nəinki ziddiyyət təşkil etmir, əksinə, opponentini düşüncələrini tamamilə dəstəkləyir. Muxtar statusun tarixi zərurəti barədə uzun-uzadı danışan Eldar İbrahimov daha sonra deyib:

 

“Hesab edirəm ki, Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması təmin edilməyincə, bütün qonşularla, o cümlədən Ermənistanla normal qonşuluq münasibətləri bərpa olunmayanadək bu məsələni müzakirə etmək tamamilə yersizdir. Çünki belə məsələlər dövrün tələbinə uyğun əsaslı surətdə götür-qoy edildikdən sonra ümumxalq səsverməsi yolu ilə həll olunur”.

 

Maraqlıdır ki, Qüdrət Həsənquliyev də “Hürriyyət”ə verdiy müsahibədə eyni iddialarla çıxış etmişdi.

 

Sitat:

 

“Mənə elə gəlir ki, nə vaxtadək Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyib, Naxçıvanın muxtar statusunu müzakirəyə çıxarmaq olmaz. Amma gələcəkdə hansısa tarixi şərait yaranarsa, Naxçıvanla Azərbaycanın digər bölgələri arasında ərazi bütövlüyü təmin olunarsa, əlbəttə, muxtariyyət statusu da ləğv edilməlidir”.

 

Göründüyü kimi, hər iki deputat Naxçıvanın muxtar statusunun indiki şəraitdə ləğvini mümkünsüz sayır, amma gələcəkdə bunun müzakirəyə çıxarılmasını da istisna etmirlər. Hər ikisinin irəli sürdüyü şərtlər də eynidir - Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması (Eldar İbrahimov) və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi (Qüdrət Həsənquliyev). Elədirsə, Eldar İbrahimov kimə qarşı çıxır – Cənab Sədrə, yoxsa, deputat həmkarına? Bu ikinci səhv.

 

Eldar İbrahimov olduqca mühüm bir məqamda da öz deputat həmkarının iddialarını çürütməyə çalışır. Bu da Naxçıvan əhalisinin bu diyarı tərk etməsi ilə bağlı iddiadır. Deputatın fikrincə, ötən əsrin 90-ci illərində bu proses yaşanırdısa, son 15-20 ildə hər şey tərsinə cərəyan etməyə başlayıb:

 

“...keçən əsrin 90-cı illərinin əvvəlində bütün SSRİ məkanında olduğu kimi Naxçıvanda da insanlar sakit həyat yaşamaq və öz güzəranını bir qədər yaxşılaşdırmaq üçün başqa ölkələrə üz tuturdusa, son 15-20 ildə bu proses dayanıb. Hazırda Muxtar Respublikada əhalinin həyat səviyyəsi xeyli yüksəlmiş və artıq heç kim çörək dalınca digər ölkələrə getmir”.

 

Görünür, Naxçıvanın vəziyyətindən tam hali olmayan Eldar müəllimin nəzərinə İstanbulun qul bazarına pənah aparmış seçicilərinin sözlərini əyani sürətdə çatdırmağa ehtiyac var. Belə bir zərurət varsa, biz bunu böyük məmnuniyyətlə həyata keçirə bilərik. Cənab deputat, buyurun, bu da Sizə Əlahəzrət Fakt:

 

 

 

 

 

Yenidən bu videoların yayımına nail olduğu üçün bu da üçüncü ciddi səhv kimi deputatın xanasına yazıla bilər.

Deputat öz həmkarının Azərbaycan Konstitusiyasından çıxış edərək, Naxçıvan Muxar Respublikasının ali vəzifəli şəxsinin həm qanunvericilik, həm də icra orqanlarına rəhbərlik etməsinin hüquqa zidd olması fikrinə də sətiraltı münasibət bildirib:

 

“Belə ki, Vasif Talıbovun Azərbaycan Respublikası Konstitusiyasının təsbit etdiyi Naxçıvan Muxtar Respublikasının ali vəzifəsi olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilməsi və onun bu vəzifədə həm qanunverici və həm də icra orqanlarına 24 ilə yaxın bir müddətdə uğurlu rəhbərliyi Ermənistanın blokadasında olmasına baxmayaraq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında möhtəşəm nailiyyətlər əldə olunmasını təmin etmişdir”.

 

Xatırladaq ki, Qüdrət Həsənquliyev ciddi müzakirələrə səbəb olan məlum müsahibəsində Konstitusiyanın 7-ci maddəsini əsas gətirərək, Naxçıvanın ali vəzifəli şəxsinin Ali Məclisin sədri ola bilməyəcəyini demişdi.

Sitat:

“Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədri ola bilməz. Yəni orda hakimiyyət bölgüsü prinsipinə əməl olunmalıdır. Bunu ölkənin Konstitusiyası tələb edir. Konstitusiyada yazılır ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Bu, imperativ bir normadır. Bu normaya əməl olunmalıdır”.

 

Bəs, görəsən, deputatlardan hansı haqlıdır? Biz bu suala cavab vermədən, sadəcə, Konstitusiyanın 7-ci maddəsinin III bəndini oxucuların diqqətinə çatdırır, kimin haqlı, kimin haqsız olduğuna qərar verməyi hər kəsin öz ixtiyarına buraxırıq:

 

“III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

 

- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;

 

- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;

 

- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir”.

Əziz oxucu, bilmirəm, Siz nə qərar verdiniz? Bizcə isə, bu da Eldar müəllimin 4-cü səhvi sayıla bilər. Amma sonuncusu - siyasi deyil, sadəcə hüquqi səhvdir.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 635          Tarix: 7-03-2019, 22:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma