İran prezidenti Həsən Ruhani İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə 11 fevralda Tehranda keçirilən yürüş sonrasında etdiyi çıxışında Qaçar dövlətini ölkə torpaqlarını satmaqda və xəyanətdə günahlandıraraq demişdi:
“Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar.
172 il əvvəl İranın şimal-qərbindəki torpaqlarının daha böyük bir hissəsi əldən gedib. 163 il əvvəl İranın şərqi ərazilərinin mühüm bir hissəsini, 138 il əvvəl şimal-şərqdəki ərazilərinin böyük bir hissəsini ələ keçiriblər”.
Azərbaycanda da ciddi əks-sədalar doğuran, bir çox ictimai-siyasi xadimlər tərəfindən ölkəmizə qarşı torpaq iddiası kimi qiymətləndirilən bu çıxışdakı əsl mətləblər gün işığına çıxır. Sən demə, Həsən Ruhanini narahat edən çox ciddi səbəblər varmış. Bu səbəblər heç də 200 il əvvəl İran torpağının parçalanmasının indiyədək davam edən ağrısından yox, ölkənin bu gün iç-içə olduğu problemlərin həlli istiqamətində irəli sürülən fikir mübadilələrindən qaynaqlanır.
Məsələ burasındadır ki, hazırda İranda ölkənin siyasi xarakteri və inzibati ərazi forması hətta ən yüksək dairələrdə belə müzakirə masasına yatırılır, indiki rejimin 100 il əvvəlki Qacar sülalə hakimiyyətindən daha mühafizəkar və anti-demokratik olduğuna diqqət çəkilir. Bu fikrə görə, Qacar şahlarının həyata keçirdiyi demokratik islahatlar, xüsusilə Məşrutiyyətin elan olunmasından sonra ölkənin mütərəqqi inkişafını gözləri götürməyən qüvvələr ingilis imperializminin yardımlarıyla dövlət çevrilişi etmiş və İranın ilk konstitusiyasını ortadan qaldırmışlar. 1925-ci ildə hakimiyyəti tamamilə ələ keçirən Pəhləvilər fars şovinizminin təməlləri əsasında yeni idarəçiik sistemi qurmuşlar. Bununla da İranın demokratikləşməsinin qarşısı alınmış və Pəhləvilərdən sonra qurulan bütün dövlətlər, o cümlədən İran İslam Respublikası da eyni siyasəti yürütmüşdür.
Ruhaninin “xain” adlandırdığı Qacariyyə dövlətinin ortadan qaldırılan başlıca siyasi islahati isə ölkənin inzibati xarakterilə bağlı olmuşdur. Belə ki, Qacar hakimiyyəti dövründə İran tədricən federal sistemə keçir və bütün milli azlıqların muxtar hüquqları tanınırdı. Bu günlə müqayisədə xeyli mütərəqqi sayılan həmin yarı-federal sistem hazırda əksər iranlının ən böyük nostalgiyasına çevrilib.
Maraqlıdır ki, İranın federallaşması və milli hüquqların tanınması yalnız hansısa müxalif qrupların müdafiə etdiyi prinsiplər də deyil. Eynilə ölkənin hakim zümrəsi arasında federallaşmanı İranın qorunub saxlana bilməsinin yeganə yolu olaraq görənlər də az deyil.
Məlumata görə, "federalizm", "iqtisadi federalizm" və ya "yeni inzibati-iqtisadi quruculuq" adları altında irəli sürülən bu təkliflərin ilki İran İslam Şura Məclisinin Araşdırma Mərkəzinin illər öncə hazırladığı bir hesabatda yer alıb. Hesabatda səlahiyyətlərin bölünməsi, regional hökumətlərin qurulması və idarəetmə formasının federativ tərzə yaxınlaşdırmağın əhəmiyyəti vurğulanmış və federal sistemə keçid tövsiyə edilmişdir. Bundan sonra İran Məclisinin sədr müavini Məsud Pezeşkiyan Nesr News-a verdiyi müsahibədə ölkənin əyalətlər şəklində idarə edilməsinin lazım olduğunu bildirərək, bunun əsl İslamı idarəetmə üsulu olduğunu demişdi.
Uzun illər İnqilab Mühafizəçiləri Ordusunun baş komandanı olan, müxtəlif zamanlarda prezidentliyə namizədliyini irəli sürən və hazırda Rejim Faydaları Diaqnoz Şurasının üzvü Möhsün Rəzai də "iqtisadi federalizm" fikrini müdafiə edən şəxslərdəndir. 2013-cü ildə son dəfə qatıldığı prezident seçkisi kampaniyasında “iqtisadi federal sistemə keçid” prinsipini seçki proqramına daxil edən Rəzainin təklif etdiyi bu sistemin iqtisadiyyat, ticarət, elm və texnologiya sahələrini əhatə etdiyi xəbər verilir. “Əsri İran” qəzetində "İranın Xilas Yolu" başlığı ilə dərc olunan açıqlamasında Rəzai Pakistan, Hindistan və Rusiyada əyalət sisteminin tətbiq olunduğunu və inkişaf etmiş ölkələrdəki bütün proseslərin federal quruluş sayəsində təmin edildiyini vurğulamışdı.
İran Daxili İşlər naziri Abdülrza Rəhmani Fəzli də 2013-ci ildə verdiyi bir açıqlamada ostanlara əsaslanan idarəçilik formasından əyalət sisteminə keçilməsini məqbul hesab etmiş və bürokratik problemlərin böyük bir qisminin bu yolla aradan qalxacağını bildirmişdi. Bu açıqlamanın ardından Daxili İşlər Nazirliyi İnsan Resursları İdarəetmə İdarəsinin rəisi Cavad Nasiriyan ölkənin 5 inzibati bölgəyə ayrılması təklifiylə çıxış etmişdi.
İranın səlahiyyətli qurum və təşkilatları tərəfindən müxtəlif adlarla irəli sürülən bu kimi planların həqiqi federalizm və güc bölgüsündən daha çox, ölkənin demoqrafik quruluşunu dəyişdirməyi qarşısına məqsəd qoymasına baxmayaraq, bir çox təhlilçilər prosesin daha sonra milli muxtar hüquqları da əhatə edə biləcəyini düşünürlər.
İranın müxalif siyasi təşkilatları arasında federalizm prinsipini müdafiə edənlərin sayı daha çoxdur. Görünür, İran rəsmiləri getdikcə zərurətə çevrilən və daha çox rəğbət qazanan bu təkliflərin qarşısını almaq üçün bu cür xəyanət ssenariləri uydurur və federalizm tərəfdarlarını Qacar “xəyanəti” ilə eyniləşdirərək gözdən salmağa çalışırlar. Ruhaninin birdən-birə 200 il əvvəlki tarixi xatırlaması da, yəqin, bu “zərurət”dən irəli gəlir.
Ovqat.com
Paylaş: