2006-ci ildən bu yana dünya ölkələrində gender bərabərliyini araşdıran Dünya İqtisadi Forumu (World Economic Forum-DİF) növbəti hesabatını yayıb.
Ovqat.com-un məlumatına görə, "Qlobal Gender Bərabərliyi -2018" hesabatında araşdırmalar 4 əsas başlıq altında aparılıb: İqtisadiyyatda iştirak və fürsət bərabərliyi, Təhsil, Səhiyyə və həyatda qalma, siyasi fəaliyyət.
Hesabatda bildirilir ki, bütün dünyada kişilərlə qadınlar arasında ən mühüm bərabərsizlik siyasi fəaliyyət sahəsində yaşanır. 77,1% nisbəti ilə kişilər qadınlardan xeyli irəlidədir. Bu sahəni 58.1% - 41,9% nisbətilə iqtisadi həyatda İştirak və fürsət bərabərliyi izləyir. Gender bərabərliyinin ən çox təmin olunduğu sahələr isə təhsil və səhiyyədir. Təhsil sahəsində qadınlar kişilərdən 4.4% geri qalırkən, sağlamlıq və həyatda qalma sahəsində bu fərq 4.6%-dir.
Qlobal gender bərabərliyi hesabatına görə, 149 ölkədən yalnız 17-si “zərif iradə”nin idarəsi altındadır. Yəni sadəcə 17 ölkə qadınlar tərəfindən idarə olunur. Bu isə ölkə başçılarının 11.4%-i deməkdir. Hökumətdə təmsilçilik sahəsində isə qadınlar bir qədər irəlidədir-18%. Parlamentar qadınların nisbəti 24%-dir. Digər idarəetmə mövqelərində qadınlar 34% nisbətində yer alırlar.
Qadınların kişilərdən ən çox geri qaldıqları yerlər isə müsəlman ölkələridir: Misir, S. Ərəbistanı, Yəmən və Pakistan. Bu ölkələrdə lider qadınların sayı ümumi rəhbər kadrların 7%-nin belə altındadır.
Qadınların idarəetmə orqanlarında təmsilçiliyində ən yaxşı göstəricisi Bahamalar, Kolumbiya, Jameika, Laos və Filippinə aiddir. Bu ölkələrdə idarəetmə mövqelərində yer alan qadınların oranı 40%-in üzərindədir.
Təhsildə gender bərabərsizliyində mühüm irəliləyişlər olsa da, 44 ölkədə hələ də oxuma yazma bilməyən qadınların nisbəti 20%-dən çoxdur. Ümumilikdə isə qadınların 65, kişilərin isə 66 faizi orta məktəb və ya kollecdən məzun olurlar. Ali məktəbə girişdə isə qadınlar kişiləri üstələyir: qadınların 39, kişilərin 34 faizi tələbə ola bilirlər.
Gender bərabərliyinin ən çox təmin olduğu ölkələr isə bu cür sıralanır: İzlanda, Norveç, İsveç, Finlandiya, Nikaraqua, Ruanda, Yeni Zelanda, Filipinlər, İrlanda ve Nambiya.
Hesabata görə, Azərbaycan gender bərabərliyi sıralamasında, YAP ideoloqlarının sözü olmasın, Cənubi Qafqazın lideridir. 97-ci sırada yer alan ölkəmizi Ermənistan (98) və Gürcüstan (99) izləyir. Qardaş Türkiyə isə 149-dən sadəcə 19-nu keçərək 130-cu sırada özünə yer tuta bilib. İran isə qadın azadlığı sahəsində 142-ci ölkədir. Qonşularımızdan yalnız Rusiya bizi xeyli geridə qoyub sıralamada 72-ci yeri tutur.
Bu videolar isə Cənubi Qafqazın ən azad xanımlarının Beynəlxalq Qadınlar Günündə keçirmək istədikləri aksiyada çəkilib.
Paylaş: