Vaşinqton və Tehran arasındakı gərginliyin artdığı bir vaxtda İsrailin xəfiyyə xidməti MOSSAD bölgədə İrana qarşı ittifaq yaratmaq üçün aktiv fəaliyyətə başlayıb.
Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, bunu MOSSAD-ın sədri Yossi Koen şəxsən etiraf edib.
Yossi Koen Tel-əvivdə keçirdiyi təhlükəsizlik konfransında çıxış edərək bildirib ki, İsrail ilə ABŞ-ın müttəfiqi olan ərəb ölkələrinin İrana qarşı ortaq narahatlıqları var və bu narahatlıqlar əsasında regional sülh sazişi imzalamaq üçün "misilsiz" imkanlar doğub.
O, həmçinin MOSSAD-ın tərkibində sülh imkanlarını araşdırmaq üçün xüsusi orqan yaradıldığını və quruma müvafiq tapşırıqlar verildiyini də gizlətməyib.
“MOSSAD Kəşfiyyat Xidməti bəlkə də Yaxın Şərq tarixində ilk dəfə əhatəli bir sülhə səbəb olacaq saziş hazırlamaq fürsəti yaxalayıb”-deyən Y.Koen bölgədəki ərəb ölkələrinə müraciət edərək həmin fürsətləri bu cür sadalayıb:
"Ortaq maraqlar, İran və cihadçı terrorizm kimi rəqiblərə qarşı mübarizə, Ağ ev ilə yaxın əlaqələr və Kreml ilə rabitə kanalları - bunların hamısı tarixdə yalnız bir dəfə ələ düşə biləcək fürsət “pəncərəsi” yaradır”.
Qeyd edək ki, bölgədə yalnız Misir və İordaniya ilə diplomatik əlaqələrə malik olan İsrailin qeyri-rəsmi şəkildə Səudiyyə Ərəbistanı ilə də arasından su keçmir.
Eskpertlər mətbuata çox nadir açıqlamalar verən Y.Koenin birdən-birə öz ənənəvi təmkinliliyindən kənara çıxaraq od püskürməsini təsadüfi saymırlar. Onların fikrincə, MOSSAD sədrinin bugünkü açıqlaması İran yetkililərinə cavab xarakteri daşıyır. Belə ki, bir neçə gün əvvəl İran parlamentinin Nüvə komitəsinin rəhbəri Müctəba Zünnur yarı-rəsmi “Mehr” xəbər agentliyinə verdiyi açıqlamada İsraili açıq-aşkar təhdid etmişdi. O, ABŞ İrana hücum edərsə, yarım saat ərzində İsraili tamamilə məhv edəcəklərini söyləmişdi.
Müctəba Zünnurun bu açıqlamasının son zamanlar İranın savaşı gözə alaraq bəzi addımlar atmasının ardından gəlməsi İsraildə ciddi narahatlıqlar yaradır. Zira ötən ay Oman körfəzində iki tanker, iki həftə əvvəl isə ABŞ-a aid bir pilotsuz təyyarə vurulmuşdu və bundan İran məsul tutulmuşdu.
İranın bu cür riskli addımlar atması isə təəccüblü deyil. ABŞ prezidenti Donald Trampın İrana qarşı embarqoları sərtləşdirməsi və digər dövlətləri də buna məcbur etməsi Tehranı çarəsiz vəziyyətdə qoyub. İqtisadi cəhətdən olduqca ağır vəziyyətə düşən İran üçün müharibə təhdidi yeganə çıxış yolu kimi görünür. O, İsraili hədəfə alaraq, Tel-əviv vasitəsilə ABŞ-a təzyiq göstərməyə çalışır.
İranın əlində bulunan orta mənzili raketlər həqiqətən də İsraili vura biləcək gücdədir. İsrailin bu hücumlardan yeganə xilas yolu isə İranın raket hücumlarına qarşı iki dövlət arasında yerləşən ərəb dövlətlərindən ibarət çətiri yaratmaqdır. Nədən ki, İranın atacağı raketlər ərəb ölkələrinin üzərindən küçərək İsrailə yaxınlaşa bilər. Həmin raketlər ərəblərin havadan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilərsə, İsrailin “Dəmir qübbə”lərinə çox yük düşməz.
Paylaş: