Xəbər lenti

  

Son dövrlər ölkədə ciddi proseslər gedir. Bir tərəfdən hakimiyyət güc strukturlarının rəhbərliyində kadr dəyişikliyi aparır, digər tərəfdən isə xaricdəki bəzi müxalif qruplar əhalini inqilaba çağırır. Hətta planlaşdırılan inqilabın dəqiq tarixi belə göstərilir. Görünən budur ki, hər iki tərəf yaxın aylarda üz-üzə gəlməyə hazırlaşır.

Bəs getdikcə yaxınlaşan bu qarşıdurmaların Azərbaycana nə kimi təsiri ola bilər? Doğrudanmı, cəmiyyətimizdə siyasi dəyişikliklərin daha sivil yolu yoxdur?

Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovla budəfəki söhbətimiz bu suallar ətrafında oldu. İlyas İsmayılovun Ovqat.com-a müsahibəsini təqdim edirik.

-İstərdim ki, söhbətimizə Prezident İlham Əliyevin son kadr dəyişikliyindən başlayaq. Necə hesab edirsiniz, bu dəyişiklikləri bir müddət əvvəl elan olan kadr islahatı kimi qiymətləndirmək olarmı?

-Açığını desəm, ölkə başçısının son kadr dəyişikliklərində hansısa qüsur görmədim. İstər Daxili İşlər Nazirliyində, istərsə də DTX-da aparılan dəyişikliklər qanunun tələblərinə və formalaşmış ənənələrə uyğun idi. Yeni təyin olunan Daxili İşlər naziri uzun illər eyni strukturda ikinci şəxs qismində təmsil olunurdu. Dolayısıyla indiyədək yürüdülən siyasətləri bilir, nazir müavini kimi ciddi təcrübələr qazanıb. Onun nazir təyin olunması tamamilə normaldır.

DTX-nın yeni sədri barədə də bənzər fikirlər söyləmək olar. Düzdür, o, bir müddət öz doğma kollektivindən uzaqlaşdırılmış, korrupsiya ilə mübarizə aparan bir qurumda yüksək vəzifəyə təyin olunmuşdur. Buna baxmayaraq, Əli Nağıyevin ondan əvvəl yenə keçmiş MTN-də I müavin işləməsi də bəllidir. Keçmiş MTN rəhbərləri, bu strukturda yüksək vəzifələrdə çalışmış şəxslər yeni nazirin iş qabiliyyəti, savadı, təcrübəsi barədə xoş sözlər dedilər. Təyinata münasibət bildirən hər kəs DTX-nin indi professional və daha əmin əllərdə olduğunu dilə gətirdilər. Sözsüz ki, peşəkarların bu fikirlərini təkzib etmək üçün bizim əlimizdə hər hansı əsas yoxdur. Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun və kimlərəsə yox, rejimə deyil, ancaq və ancaq qanunun tələblərinə qulluq etsin.

-Sözünüzə qüvvət, bu təyinata fərqli aspektdən yanaşanlar da var. Bəzi mülahizələrə görə, təyinatların əsas səbəbi hökumətin öz təhülkəsizlik kəmərini bərkitmək ehtiyacından doğub. Yeni kadrların əvvəlkilərlə müqayisədə daha sərt üsullarla cəmiyyəti susduracaqlarından ehtiyat edilir.

-İstənilən qərar barədə müxatəlif fikirlər səsləndirmək olar. Yaşanmamış hadisənin necə olacağını isə zaman göstərəcək. Düşünürəm ki, yeni kadrların fəaliyyətinə yalnız icraatlarından sonra dəqiq qiymət verilə bilər. Ona görə də proqnoz verməyə tələsməyək. Hər şey bir müddət sonra bəlli olacaq və mən onda bu barədə öz fikirlərimi deyəcəyəm.

Uzun illərin təcrübəsi məndə fakta əsaslanmadan danışmamağı öyrədib. Yeni nazirlərin əməli fəaliyyətini şübhə altına almaq üçün isə hazırda hər hansı fakt yoxdur. Amma onu da gizlətməyim ki, sizin təbirinizlə desək, hakimiyyətin şəxsi mənfəətləri və təhülkəsizlik kəmərini bərkitməsi üçün köhnə kadrları yeniləri ilə əvəz etməsinə inanmıram.  Çünki bu işi köhnələr də pis bacarmırdılar. Xüsusilə sabiq Daxili İşlər naziri Ramil Usubovun bu sahədə uzun illərə söykənən təcrübəsi var idi. DTX-nın sabiq sədri də ondan geri qalmırdı. Hətta bu bacarığına görə milli qəhrəman adına layiq görülmüşdü.

Məncə, bu kadr dəyişikliyinin iki səbəbi var. Biri, yaşlanmış bir kadrı daha dinamik şəxslə əvəz etmək idi ki, bunu DİN-dəki dəyişikliyə şamil etmək olar. Digəri dövlətin təhlükəsizliyini daha peşəkar insanlara tapşırmaq idi. Xüsusilə indiki kritik zamanda DTX-da bu cür dəyişikliyə ehtiyac yaranmışdı.

Bilirsiniz ki, Rusiya və ABŞ arasındakı geopolitik mübarizə artıq Cənubi Qafqaza qədər yaxınlaşıb. Cənubda isə ABŞ-İran gərginliyi getdikcə artır və rəsmi Tehran onu gözləyən hər hansı zərbəyə ABŞ-ın maraq dairəsində olan dövlətlərdə cavab verəcəyini gizlətmir. Azərbaycan da ABŞ-ın qlobal neft-qaz strategiyalarının marşrutu üzərində yerləşir. TANAP, TAP, Cənubi Qaz Dəhlizi və Bakı-Ceyhan boru xətlərinin başladığı bu məkanın təhlükəsizliyi daha peşəkar adamlara tapşırılmalı idi. Məncə, DTX-dakı dəyişikliyin əsas sirri bu həqiqətdə axtarılmalıdır. Amma yenə deyirəm, yeni nazirlər öz iş fəaliyyətlərini hansısa şəxslərə yox, qanuna qulluq əsasında qurmalıdırlar.

-Aydındır. Bəs bu dəyişiklikləri Prezidentin bir müddət əvvəl vəd etdiyi kadr islahatı kimi alqılamaq olarmı?

-Doğrusu, kadr islahatları deyəndə nəyin nəzərdə tutulduğunu bilmirəm. Bəzən Saatlının isra başçısını 11 km aralıda yerləşən Sabirabada, Sabirabadın icra başçısını isə Saatlıya göndərməyi belə, az qala kadr islahatı kimi təqdim edirlər. Halbuki, hər dəyişikliyi islahat adlandırmaq mümkün deyil. İslahat, bildiyiniz kimi, islah sözündən əmələ gəlib. Məntiqlə, istənilən dəyişiklik o zaman islahat adlandırıla bilər ki, nəticə etibarilə cəmiyyətin hansısa neqativ halını islah etsin, düzəltsin. Eyni sözlər kadr islahatlarına da aiddir. Bilirsiniz ki, bu gün ölkədə kadrların seçiminində qohumbazlıq, yerliçilik, simsarlıq və sairə kimi amillər ön plana çıxarılır. Kadr islahatı aparılacaqsa, ilk öncə bu zərərli tendensiyadan uzaqlaşılmalıdır. Dövlət idarəçiliyi bu işi bacaran insanlara həvalə edilməlidir. Sadəcə nazirlərin yerini dəyişməklə kadr islahatı aparmaq olmaz.

Mənim fikrimcə, islahatlar kompleks şəkildə həyata keçirilməlidir. Çünki bir çox neqativ halları digər bir neqativ hal yaradır. Məsələn, yerliçilik, qohumbazlıq kimi amillər idarəçi kadrların psixologiyasında qanunlardan və milli maraqlardan daha çox klana bağlılıq şüuru yaradır. Bu da öz növbəsində onların xalq, dövlət və qanun qarşısında məsuliyyət hissini öldürür. Öz milli dəyərlərinə yad ünsür kimi formalaşmasına yol açır. Beləcə bu zəncirvarı neqativliklər korrupsiyanın çiçəklənməsilə nəticələnir. Siyasi iradə əgər islahatlara başlayacaqsa, bütün bu neqativlikləri eyni anda aradan qaldırmağa çalışmalıdır. Yoxsa kadrların bir vəzifədən başqa vəzifəyə keçirmək, sözün həqiqi mənasında kadr dəyişikliyi sayılmır. Bu, olsa-olsa adi bir vəzifə dəyişikliyidir.

Əsl islahatlara necə başlamaq barədə partiyamızın və mənim mövqeyimi isə dəfələrlə dövrü mətbuatda bəyan etmişəm. Yenidən bu məsələyə qayıdıb təkrarçılıq etmək istəmirəm. Sadəcə onu deməklə kifayətlənirəm ki, Azərbaycan hakimiyyəti hələ də real islahat aparmaq niyyətindən çox-çox uzaqdır və bəzi deklorativ tədbirlərlə manipulyasiya edir.

-Dərd burasındadır ki, islahatın alternativi sosial partlayışdır. Son zamanlar xaricdəki müxalif qüvvələr də insanları inqilaba çağırırlar. Sanki hakimiyyət öz qapısına qol vurmaq üçün münbit şərait yaradır, bəzi müxaliflər isə məmnuniyyətlə zərbə vuruşuna hazırlaşır. Sizcə, şüurlu və ya şüursuz, ölkədə inqilabi şəraitin yaradılması nəyə xidmət edir və Ədalət partiyası gözlənilən bu gərginlikdə harda dayanacaq?

-Maraqlı sualdır. Doğrudan da, hakimiyyətin islahata getmək əvəzinə, bu adla manipuliyasiya etməsi qorxunc ssenarilərin doğmasına şərait yaradır. Halbuki, islahat ən çox onların özünə lazımdır. Dəyişim prosesinin qarşısına çıxan heç bir hakimiyyət uzun müddət kreslosunda otura bilməyib. Qəddafi də, Hüsnü Mübarək də, indiyədək minlərlə, bəlkə onminllərlə diktator da məhz bu yanlışlarının qurbanına çevriliblər. Ölkənin ən kritik anlarında islahat adıyla manipulyasiya edənlər xalqı aldatdıqlarını sanırlar. Xalq isə diktatorların şirin yalanlarına yox, acından quruldayan qarınlarının səsinə qulaq asır. Nəticədə xalqı yox, özlərini aldadırlar. Məhz bu özünüaldatmanın sonucunda dövrün fironları dövrün musalarının ayaqları altında qalıb məhv oldular. Azərbaycan hakimiyyəti də öz tarixi sələflərinin başına gələn müsibətlərdən dərs çıxarmalı, islahat qapısını aralamalıdır. İslahatlar yalnız acından qılınca çarpan aşağıların qida nəfəsliyi deyil, həm də xalqın qanına, malına susamış yuxarıların can güvənliyi, qaçınılmaz sonun qansız həyata keçirilmə yoludur. Çünki dünya yaranandan bəri mütərəqqi düşüncələrə, dəyişikliklərə hamilədir və bu doğuşun qarşısını almaq heç kimə müyəssər olmayıb. Müasir Azərbaycan rejimi də bunu bacarmayacaq.

Bəzən bizim siyasilər hadisələri düzgün təhlil eləmirlər. Ətraf ölkələrdə və dünyada yaşanan inqilabi proseslərin bizdə baş verməməsi hakim zümrələri sevindirir, müxalifləri isə qəm dəryasına batırır. Bir çoxları hətta bunu xalqımızın əfəlliyi, mağmunluğu, məzlumluğu ilə izah edirlər. Əslində isə bütün dünya indiyədək yaşanan mütərəqqi dəyişikliklərin səbəbi nə hansısa xalqın qəhrəmanlığından, nə də hakim zümrənin yumşaqlığından qaynaqlanır. Əksinə, sirkə nə qədər sərt olsa, öz qabını tez çatlatdığı kimi, daha əzazil diktatorlar da daha tez və amansızcasına ayaq altında qalıb əzilirlər. Bütün sosial dəyişikliklərin səbəbi dövrün tələbləri, iqtisadi münasibətlərin dəyişilməsi, zaman keçdikcə hakim zümrənin harınlamasıdır. Bu neqativ halların qarşısını almağın yeganə yolu isə sosial inkişafın önündə əngələ çevrilən baryerləri aradan qaldırmaqdır. Özünü və idarəçilik üsulunu islah etməkdir. Məhz bu addımlara islahat deyilir. Demokratik ölkələrdə hakimiyyətlər tez-tez dəyişildiyindən inqilabi şəraitlər ortaya çıxmır və xalqın səsini qazanaraq hakimiyyətə gələn qüvvələr dövrün tələblərini həyata keçirdiklərindən dəyişikliklər də vaxtında baş verir. Beləcə, dövrün tələblərinə ayaq uyduran toplumlar inkişaf edirlər. Bizdə isə bunun tam tərsi müşahidə olunur. İdarəçilər istismar edə-edə məzlum gününə gətirdikləri toplumdan özlərini fərqləndirir, sosial uçurumları böyüdürlər. Ən dəhşətlisi isə odur ki, öz vətənindən oğurladıqları sərvətlərin təhlükəsizliyini qorumaq üçün bütün varidatlarını xarici dövlətlərə yatırırlar. Nəticədə özləri də bilmədən vətənlərinə düşmən kimi davranırlar. Çünki yalnız düşmənlər işğal etdikləri əraziləri sovurub qənimətlərini öz ölkələrinə apararlar. Bizim iri məmurlar isə tam əksinə yol tuturlar. Elə bil, onlar bu ölkənin yox, xarici dövlətlərin övladlarıdırlar. Türklərin gözəl bir ifadəsi var: “düşmən uşağı”. Bilirsiniz ki, türkiyəli qardaşlarımız nökərə “uşaq” deyirlər. Azərbaycan reallığına nəzərə salanda “uşaq” sözü həqiqətən də bizim iri məmurlara yaman yaraşır. Onlar sözün hər iki mənasında xaricə uşaqlıq edirlər.

O ki qaldı inqilabi dəyişiklik prosesi yaşanarsa, Ədalət partiyasının tutacağı mövqeyinə, biz hər zaman Konstitusiya və qanunlar çərçivəsində mübarizə aparmağa çalışmışıq, bundan sonra belə olacaq. Amma hakimiyyət bizim fəaliyyətimizi boğmaqla radikal qüvvələrin qeyri-demokratik üsullarla mübarizəsini tətikləyir. Gözlənilən xaotik vəziyyətdə kimin necə mövqe tutacağını onun xəyal və düşüncələri yox, üz-üzə qaldığı şərtlər müəyyənləşdirir.

Söhbətləşdi: Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 622          Tarix: 13-07-2019, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma