“Müavinim, şair-publisist Heydər Oğuzun Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevə yazdığı açıq məktubunda Azərbaycan mətbuatının indiki vəziyyəti orijinal üslubla bu cür ifadə olunur: “Birini axtala, birini noxtala, məsələni belə nöqtələ”.
Təəssüf ki, 144 illik keşməkeşli tarixinə baxmayaraq, Azərbaycan mətbuatı həqiqiətən də o gündədir. Hakimiyyət öz şəxsi maraqları naminə ən istedadlı jurnalistləri, bədii üslubla desək, ya noxtalayaraq, ya axtalayaraq özünə tabe etdirib”.
Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.
Milli Mətbuat gününü şərh edərkən, Azərbaycanda ən fundamental insan hüquqlarından sayılan söz və ifadə azadlığının tamamilə tapdalandığını vurğulayan İ.İsmayılov hazırda ölkəmizdə öz peşəsiylə məşğul olan azad qələm əhlinin qalmadığını bildirdi:
“Bir də utanmadan özlərini “mətbuatın dostu” adlandırır, yaratdıqları tərəfkeş jurnalist təşkilatları vasitəsilə özlərini mükafatlandırırlar. Halbuki, dünyanın ən demokratik ölkələrində bu cür mükafatlar, təltiflər yoxdur. Jurnalist heç kimə minnətdar olmayanda əsl azadlığına qovuşur. Azərbaycan hakimiyyəti isə jurnalistika sahəsində azad rəqabətə imkan vermədən, yalnız məddahlıq edən qələm sahiblərinin insan kimi deyil, bioloji varlıq kimi yaşamasına şərait yaradır. Bəzən məddahlıq yarışında hər kəsi qabaqlayanlar təltif olunur, evlə, maşınla, yaxşı maaşla təmin edilirlər. Bu da mətbuatı öz məhvərindən uzaqlaşdırıb hakimiyyətin ətrafında fırlanan peykə çevirir”.
Hakimiyyətin şəxsi maraqları naminə “axtaladığı” mətbuatın dünya xəbərləşmə sistemində heç bir çəkisinin qalmadığını, xarici media qurumlarıyla rəqabət apara bilmədiyini qeyd edən İlyas İsmayılovun fikrincə, bu siyasət ölkəmizin xarici arenada dosta-düşmənə uduzmasına yol açır:
“Sirr deyil ki, bu gün mətbuat, Leninin təbirləriylə desək, təkcə “təbliğat və təşviqat” orqanı deyil. Mətbuat həm də geopolitik mübarizə meydanlarında informasiya savaşının ən güclü silahıdır. İnformasiya savaşı isə günümüzün əsas həlledici mübarizə formasıdır. Dünya dövlətləri bu gün böyük ordularla ölkələri fəth etmirlər. Onlar beynəlxalq media qurumları yaradaraq, hədəfə götürdükləri ölkələrdə ictimai-siyasi vəziyyəti dəyişdirəcək, böyük təxribatlarla çalxalayacaq gücə çevrilməyə üstünlük verirlər. İndi dövlətlərin ən strateji silahları atom bombaları, kütləvi qırğın silahları deyil, başqa dövlətlərdəki “yumşaq güc” dedikləri təsir imkanlarıdır. Dövlətlərin “yumşaq gücü”nü media qurumları formalaşdırır və rəqibləri daxilən parçalayır”.
“Yumşaq güc” termininin son zamanlar ortaya çıxmasına baxmayaraq, onun ən strateji silah olduğunun tarixən bilindiyini iddia edən İlyas İsmayılov fikrini belə əsaslandırdı:
“Füzulinin məşhur bir şeiri var. Qısa adı “Padişahi-mülk” olan bu şeirdə konvensional ordu ilə qələmin gücü qarşılaşdırılır. Üstünlük isə qələmə verilir. Şair qeyd edir ki, padşahlar xeyli pullar xərcləyərək, rüşvətlər verərək ölkələri fəth etmək qüdrətində olan ordu yaradırlar. İlk başda, bu ordular vasitəsilə böyük coğrafiyalara hakim kəsilirlər. Lakin səltənətlərinin əhatə dairəsi böyüdükcə, daha çox narazı insanlar qazanırlar. Bu da öz növbəsində inqilablarla nəticələnir. İnqilablar baş verəndə isə həm özləri, həm orduları, həm də səltənətləri “fani olur”, məhvə uğrayır. Qələmin gücü isə zaman keçdikcə daha da artır. Məmləkətləri, insan könüllərini fəth edir. Bu gücü yox etmək isə mümkün olmur”.
Dahi şairin 500 il əvvəl söylədiyi bu fikirlərin indi “yumşaq güc” adlandığını deyən İlyas İsmayılov müasir çağımızda azad mətbuatın dünyanı idarə edən əsas faktora çevrildiyinə inanır:
“Təsadüfi deyil ki, ötən əsrin sonlarına qədər hakimiyyətin 3 qanadı olduğu bildirilirdi. İndisə bütün siyasətşünaslar dördüncü qanaddan da bəhs edirlər. Bu da, sözsüz ki, mediadır. Xüsusilə son zamanlar dövlət və ya hansısa qruplara bağlı olmayan azad mətbuatın hakimiyyətləri müəyyənləşdirən gücə çevrildiyi bir həqiqətdir. Dünyanın ən güclü dövləti ABŞ-da belə, Trampın hakimiyyətə gəlməsi məhz sosial media sayəsində oldu. Sosial media insanların azad şəkildə öz fikirlərini ifadə edə bildikləri geniş məkandır. Bu məkana heç bir inhisarçı qrup müdaxilə edə bilməz. Dünya tədricən sosial medianın gücünü dərk etdiyindən ona yönəlir. Bizimkilər isə hələ də ələbaxımlı jurnalistlər ordusu yaradaraq, yazarı oxucusundan çox olan mədiyyə saytlarının, köşklərdə saralan mənasiz qəzetlərin, heç kimin inanmadığı televiziyaların ümidinə bel bağlayıblar. Bu cür cəfəng təbliğatlara ildə milyonlarla pul xərcləyirlər. Amma nəinki vətəndaşları aldada bilmirlər, əksinə hər kəs rəsmi təbliğatın dediyinin əksinə inanır”.
Öz sərhədlərimizdə belə heç kimi inandıra bilməyən mətbuat siyasəti ilə ermənilərin informasiya savaşının qarşısına çıxmağı xam xəyal hesab edən partiya sədri yaxında bunun ağır nəticələriylə üzləşə biləcəyimizdən ehtiyatlanır:
“Hazırda azad media qurumları təkcə hansısa ölkələrdə ictimai rəy formalaşdırmaqla qalmır, həmçinin dünya siyasətini də müəyyənləşdirir. Bu da səbəbsiz deyil. Çünki dünyanın özü qloballaşıb, sanki nəhəng bir şəhərə çevrilib. Ənənəvi dövlətlər bu nəhəng şəhərin küçələri, dalanları kimidir. Qloballaşan dünyada bütün dövlətləri isə qlobal media qurumları idarə edir, qlobal istimai rəy yarada bilirlər. Ənənəvi dövlətlər isə bu bu qlobal ictimai rəyin əleyhinə çıxa bilmir, bəşəriyyətin tələb etdiyi istiqamətdə addımlamağa məhkum olurlar. Bəşəri ictimai rəyin orbitindən çıxmaq isə mümkün deyil. Əks halda özün-özünü təcrid edə və uduza bilərsən.
Təəssüf ki, Azərbaycan hakimiyyətinin səhv media siyasəti qlobal standartlara cavab vermədiyindən, vahid qlobal xəbərləşmə məkanında yox sayılacaq qədər zəifdir. Bəyənmədiyimiz ermənilər isə müxtəlif media qurumlarındakı peşəkar jurnalistləri ilə öz xeyirlərinə ictimai rəy yarada bilirlər. Amma biz hətta Rusiyada, Türkiyədə, Avropa və digər xarici ölkələrdəki jurnalistlərimizdən rejimi təbliğ etmələrini gözləyirik. Öz ayaqları üzərində dayanan jurnalistlərimizi ya öz əlimizlə “zərərsizləşdirir”, ya da “zərərsizləşdirilmə”lərinə laqeyd qalırıq. Halbuki, onlar bizim ideoloji savaşlarda ən güclü silahlarımızdır və onları qorumaq bizim boyun borcumuzdur. Bir müddət əvvəl Rusiyada ciddi media işi ilə məşğul olan Fuad Abbasovun, Orxan Camalın taleyi bunun ən bariz nümunəsidir”.
Bununla belə, Azərbaycan mediasının 144 il ərzində şərəfli yol keçdiyini deyən həmsöhbətmizin fikrincə, indi də fədakar qələm adamlarımız var və onların sayı yetərincədir: “Baxmayaraq ki, onların çoxu ya ölkəni tərk edib xaricə sığınıblar, ya da mətbuatdan uzaqlaşıb ölkənin demokratikləşəcəyi günü gözləyirlər. Mən bu jurnalistləri səmimi qəlbdən təbrik edir, onlara azad yaradıcılıq imkanı arzulayıram. Ümidvaram ki, yaxın gələcəkdə bu dəyərli ziyalılarımızın xəyallarında canlandırdıqları idarəetmə sistemi qurulacaq və hamımız daha yaxşı gələcək naminə əl-ələ verib dövlətimizi gücləndirəcəyik”.
Paylaş: