Xəbər lenti

 

Bakıda yolların çökməsi adi hala çevrilib. Mütəxəssislərin fikrincə, tez-tez baş verən bu hadisələrin əsas günahı tikinti şirkətlərinin işə səhlənkar yanaşması, çəkdikləri yolun fundamentini təşkil edən beton konstruksiya və bərkitmə işlərinin düzgün aparılmamasıdır.

Sözsüz ki, bu subyektiv amillə yanaşı, yollarımızda tez-tez qarşımıza çıxan çökmə hadisələrində Bakı ərazisinin kifayət qədər möhkəm təməllərə sahib olmaması kimi obyektiv səbəblər də var. Yəqin ki, bir bıçaq ucu kimi Xəzər dənizinin bağrına “sancılan” Abşeron yarımadasının təməllərinin zəifləməsində qrunt sularının da xidmətləri az deyil. Kim bilir, bəlkə də dənizdən torpaq qatına sızan su kütləsi onu yumşaldır və bu cür çöküşlərə şərait yaradır. 

Görünür, buna görə də sovet hakimiyyəti illərində Bakıda göydələnlərin inşasına xoş baxılmayıb və nadir hallarda 9-mərtəbədən uca binalar tikilib. Əlbəttə, paytaxtımızın seysmik zonada yerləşməsi də bu cür ehtiyat tədbirlərinin alınmasında önəmli rol oynayıb.

Buna baxmayaraq, paytaxtımızda göydələnlərin sayı yağışdan sonra göbələklər kimi artır. Bir çox hallarda böyük maxinasiyaların baş verdiyi bu inşaatlarda ən adi təhlükəsizlik tədbirləri isə görülmür.

 

Mətbu orqanlardan tez-tez yer alan xəbərlərdə bəzi binaların artıq çökməyə başladığına dair xəbərlər dolaşmaqdadır. Bir neçə il əvvəl Masazır qəsəbəsindəki “Yeni Bakı” yaşayış kompleksində ev alan vətəndaşlarımızın KİV-lərdə ictimailəşdirdikləri şikayətlərində binalarının çökdüyü iddia olunur və bu iddia foto-şəkillərlə, video-görüntülərlə təsdiqlənirdi. Rəsmi qurumların iddialara cavabları isə heyrət doğururdu: “Zəhmət çəkib həmin binadan mənzil almayaydınız”.

Halbuki, tikilən binaların təhlükəsizlik tədbirlərinə nə qədər uyduqlarını, standartlara uyğun inşa edilib edilmədiyini müəyyənləşdirmək mənzil alıcılarının bacara biləcəkləri iş deyil. Bununla xüsusi dövlət orqanları məşğul olmalı, alıcı qarşısındakı öhdəliklərin yerinə yetirilib yetirilmədiyini müəyyənləşdirməlidir. Bakı şəhər meriyasının və ona bağlı müvafiq qurumların, həmçinin FHN-nin bir nömrəli vəzifəsi budur. Bizdə isə hər şey vətəndaşın üzərinə yüklənir və təhlükəsizliyinin təminatı, hüquqlarının qorunması onun özünə həvalə edilir. O halda sual yaranır: Bəs dövlət qurumları nə etməlidirlər? Onların təyinatı sadəcə kimlərdənsə rüşvət toplamaqdan və qanunsuzluqlara göz yummaqdan ibarətdir?

Ən dəhşətlisi isə budur ki, inşaat qaydalarını kobud formada pozan, əhalimizin sağlamlığını və həyatını təhlükə altına qoyan tikinti şirkətlərinin yarıtmaz fəaliyyəti ən yüksək dövlət qurumları tərəfindən müəyyənləşdirilməsə də, onlara “gözün üstə qaşın var” deyən yoxdur. Əksinə, ən çox dövlət sifarişləri alan da elə həmin şirkətlərdir.

 

Belə şirkətlərdən biri də “İnşaat Konstruksiyaları” MMC-dir. Müxtəlif zamanlarda şirkətin heç bir qayda-qanun tanımadığı, müştərilərini aldatdığı barədə rəsmi məlumatlar verilib. Hətta Prezident Administrasiyasının rəsmi bəyanatında imici mənfi olan tikinti şirkətlərinin siyahısında “Tikinti Konstruksiyaları” MMC-nin də adı hallanır. Şirkət isə hələ də Bakının bir çox rayonlarında hündür binalar tikməkdədir. Yasamaldan Nizami rayonuna qədər Bakının ən müxtəlif küçələrində rast gəldiyimiz yeni tikililəri bu şirkət aparsa da, o, bəzən inşa etdiyi binaların işıq və su sistemini qurmağı belə yaddan çıxarır. Hər halda bunu Yasamal rayonun İsfəndiyar Zülalov küçəsi 19 ünvanında yaşayan sakinlər iddia edirlər. Moderator.az saytının 20 fevral 2019-cu il buraxılışında dərc olunan “İnşaat konstruksiyaları” MMC öz öhdəliklərini yerinə yetirmir: Yasamal İcra Hakimiyyəti isə... sərlövhəli məqaləsində deyilir:

“Bakının bir çox yerlərində göydələnlər inşa etməkdədir. Onun inşa etdiyi binalardan biri də Yasamal rayon İsfəndiyar Zülalov 19 ünvanında  yerləşir. Şirkət burada pilot layihə kimi 18 mərtəbəli bir bina inşa edib. İnşa edib deyəndə, ötən il təhvil verilməli olan binada işlərin nə zaman başa çatacağı hələ heç guman etmək də mümkün deyil. 

Ən acınacaqlısı isə, MMC-nin binanın elektrik enerjisi ilə təmin etməməsir. “İcraçı”ya bununla bağlı müraciət edəndə çiyinlərini çəkir”. 

Adı qara siyahıya düşən tikinti şirkətlərinin inşa etdikləri binalarda ən çox qarşılaşılan hadisələrdən biri də tikilinin tədricən çökməsi halıdır. Yaşanan bu çökmələr nəticəsində binaların divarlarında çatlar əmələ gəlir və sakinlər ciddi təhlükə qarşısında qalırlar.  Sizə təqdim etdiyimiz bu video da məhz həmin çökmə hadisəsi ilə əlaqədardır:

https://www.youtube.com/watch?v=0Lb9peion7A

[media=https://www.youtube.com/watch?v=0Lb9peion7A]

Yasamalı “bay edən”, indi də Nizami rayonunda peyda olan “Tikinti Konstruksiyaları” MMC-in hələ tamamlamadığı bir inşaatda bu halların yaşanması barədə redaksiyamıza məlumat daxil olub. Hadisəni yerində incələmək üçün bizə söylənilən ünvana getdik. Həqiqətən də bu məlumatı təsdiqləyən halla qarşılaşdıq. Özü də heç inşaat sahəsinə girməyə də ehtiyac yoxdu. Tikilməkdə olan binanın bir neçə metrliyindəki yolda çökmə halları açıq şəkildə görünürdü. Söhbət Nizami rayonundakı M.Abbasov küçəsi 2538-ci məhəllə adlı ünvandan gedir. İnşaat obyektinin hasarına asılmış lövhədən anlaşılırdı ki, Haqqında xeyli şikayətlər olan bu şirkətə qəzalı vəziyyətdə olan binaları söküb yerində yeni göydələnlər tikməsi layihəsi həvalə edilib.

 

Həmin layihə çərçivəsində inşa edilən yeni binanın qarşısındakı yolda az qala 1 metr dərinliyində uzun çuxurun açılması doğrudan da insanı narahat edən hallardandır. Görəsən, inşaatın özü də aşağıya çökür və onun bir neçə mertliyində meydana gələn bu çuxur da həmin çöküşün əlamətidirmi?

  Eyni ərazidə bundan əvvəlki binaların qəzalı olması da, nə yazıq ki, bu ehtimalı gücləndirir. Məhəllənin bu yumşaq zəmininin davam gətirməyib qəzalı vəziyyətə saldığı 3-4 mərtəbəli binanın yerinə qat-qat ondan böyük tikilinin inşa edilməsi nə dərəcədə doğrudur?

 İnşaat mühəndisi olmadığımızdan bizi narahat edən bu suallara cavab vermək iqtidarında deyilik. Ümidvarıq ki, binanın gələcək sakinlərini potensial təhlükələrdən qorumaq üçün əlaqədar qurumlar bu məsələni araşdıracaq və lazımi tədbirlər görəcək.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 617          Tarix: 29-08-2019, 18:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma