Zəruri Ovqat.com əlavəsi
Ovqat.com-un KTN-dəki problemlərlə bağlı qaldırdığı bir məsələ ictimai müzakirələrə səbəb olub. Dünən saytımızda dərc olunan və ölkənin xeyli mətbu orqanları tərəfindən paylaşılan “KTN-də ciddi korrupsiya şübhəsi: “Aqrar Tədarük və Təchizat” ASC necə qaz vurub qazan doldurur? ” sərlövhəli yazımıza ən maraqlı reaksiya isə gözləmədiyimiz ünvandan gəlib. Biz açıq şəkildə korrupsiya qoxusu gələn məlumatın Baş Prokurorluq tərəfindən yoxlanılacağını və KTN-nin isə iddialarla bağlı təkzib verəcəyini gözlədiyimiz halda, nədənsə, cavabı iş adamı Mürvət Həsənlidən aldıq. Hörmətli iş adamı KTN-ni müdafiə etməklə kifayətlənməyib haqqımızda bir neçə “xoş” fikirlər də səsləndirib.
Sözsüz ki, yazıda irəli sürülən bütün arqumentlərlə bağlı bizim də öz mövqeyimizi bildirmək hüququmuz doğur və yaxın günlərdə bu hüququmuzdan istifadə edəcəyik. Hələlik isə onu deməklə yetinirik ki, işgüzarlığına və yaradıcılığına böyük sayğı ilə yanaşdığımız Mürvət Həsənlidən ən gözləmədiyimiz şey Eynulla Fətullayevin arqumenti ilə danışması oldu. Bizim fikrimizcə isə, Mürvət Həsənliyə daha obyektiv olmaq yaraşardı. Ən azı ona görə ki, bizi oxunmayan sayt adlandıraraq aşağılaması ilə yazıda irəli sürdüyü digər fikirlər arasında ciddi ziddiyyətlər mövcuddur. Zira istənilən saytın gücü onun tirajı ilə yox, ictimai rəyə təsir imkanları ilə ölçülür. Əgər Mürvət bəyin dediyi kimi, saytımızda yaynlanan bir məqalə polemikalara səbəb olubsa və iş adamı da məhz bu səbəbdən arqumentlərimizə cavab vermək ehtiyacı hiss edibsə, deməli, Ovqat.com mövcuddur və media qurumu kimi öz missiyasını yerinə yetirməyi bacarır. Oxucumuzun az olub-olmamasının isə mətləbə az dəxli var.
Müəllifin KTN-ni təmizə çıxarma cəhdlərinə gələcək yazılarımızda daha ətraflı cavab verəcəyimizdən hələlik susur, məqaləni İnam Kərimli komandasının qeyri-rəsmi mövqeyi kimi qəbul edirək biz də yayınlayırıq. Çünki istənilən ittiham olunan tərəfin iddialara cavab vermək haqqı var və bir mətbu orqan olaraq biz də qarşı tərəfin bu hüququna sayğıyla yanaşırıq.
Onu da nəzərə çatdırırıq ki, KİV-də irəli sürülən ittihamlara sükutla cavab verən KTN-nin rəsmi mövqeyini də dərc etməyə hazırıq. Bu hüquqlarından yararlanıb-yararlanmamaq haqqı isə onlara aiddir. Amma unutmasınlar ki, Azərbaycan xalqının dünyagörüşündə “susursansa, deməli razılaşırsan” anlayışı var və ictimaiyyətimiz KTN-nin bu sükutunu yanlış anlaya bilər.
İndisə Mürvət Həsənlinin bizi quru yuyub yaş sərən mövqeyi ilə tanış olun:
Son zamanlar Kənd Təsərrüfatı Nazirliyinə qarşı qara piar kampaniyasının gücləndiyi hiss olunur. Xüsusilə AXCP sədri Əli Kərimlinin müavini Vahid Məhərrəmlinin bu sahədə canfəşanlığı diqqətdən yayınmır.
Peşəcə kənd təsərrüfatı mütəxəssisi olan bu adam sanki özünü nazir İnam Kərimov barədə kompromat axtarışısına həsr edib. Gözünə harda sübuta ehtiyacı olan iddia sataşırsa, Vahid Məhərrəmli qaşıqda fırtına yaratmağa cəhd göstərir. Onun son statusunda qələmə aldığı iddialar da uğursuz fırtına yaradıcılığından başqa bir şey deyil.
Vahid Məhərrəmli bazar günü istirahətinə haram qataraq yazır: “Asan xidmətdir. Və həm də çox gəlirli xidmətdir. Dövlət hesabına 5-ə al, 35-ə sat. Milyonlar qazan. Hələ keçən ilin dekabr ayında İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradanda bu qurumun nə işlə məşğul olacağını demişdik. Sistem, hakimiyyət dəyişməsə heç nə dəyişən deyil”.
V.Məhərrəmlini bu canfəşanlığa sövq edən nə olsa, yaxşıdır – İmişli rayonunun hansısa kəndində bir uşaq bağçasının dövlət dilimizdə belə düz-əməlli danışa bilməyən müdirəsinin müxalif internet-TV-lərindən birinə verdiyi müsahibədə irəli sürdüyü iddialar (Videonun 5.30 dəqiqəsindən sonraya baxın – Ovqat.com).
Mariya Lauşova adlı müdirənin iddiasına görə, idarə etdiyi bağçaya 1 kisə soğanı 35 manatdan sırıyırlar. Halbuki, bazarda 1 kisə soğan 5 manatdan satılır. Şair-publisist Heydər Oğuz da bu iddianı əsas götürüb dünən özünün oxunmayan Ovqat.com saytında guya bir analiz yazısı dərc edib. Öz aləmində sanki KTN-də böyük bir korrupsiya faktının üstünü açıb. Cızmaqarasının adını rəsmən elə qoyub: “KTN-də ciddi korrupsiya şübhəsi: “Aqrar Tədarük və Təchizat” ASC necə qaz vurub qazan doldurur?”
Keçən yazılarımızda da qeyd etdiyimiz kimi siyasi, iqtisadi, sosial məsələlərə baxışında belə şair təxəyyülündən ayrıla bilməyən Heydər Oğuzun “kəşf”i isə çox gülməlidir. Nəymiş – Prezident İlham Əliyev bu ilin ortalarında “Ərzaq Tədarük və Təchizat” ASC-nin adını dəyişdirib “Aqrar Tədarük və Təchizat” ASC qoyub. Səbəb yerli fermer təsərrüfatlarının inkişaf etdirilməsi və dövlət orqanlarının yerli ərzaq məhsulları ilə təminatını gücləndirməkdir. Köhnə “Ərzaq Tədarük”çüləri bu işin öhdəsindən gələ bilmədiklərindən idarə ləğv olunaraq, KTN-nə həvalə edilib. Di gəl ki, indiki komanda bu vəziyyətdən faydalanaraq, soğanın 1 kisəsini dövlət idarələrinə 7 dəfə bahaya satırmışlar.
Əli Kərimlinin müavini Vahid Məhərrəmli isə birdən-birə siyasi mənsubiyyətini unudub, şair-publisistin sözçüsünə çevrilib. Hətta onun fikirlərini bir az da inkişaf etdirərək, indiki hakimiyyət dəyişilməsə, bu kimi problemlərin qarşısının alınmayacağını bildirib. Sual olunur: Cənab Vahid Məhərrəmli, siz Cənab İlham Əliyevin sözünü etdiyiniz islahatının nəyini bəyənmirsiniz? Sizcə, dövlət orqanları idxal ərzaq məhsulları ilə təchiz edilməliydi? Yerli ərzaq malları bazar yoxluğundan yenə əvvəllər olduğu kimi xarab olmalıydı? Azərbaycan aqrar ölkə ola-ola, maliyyə imkanlarını qida məhsullarının idxalı məqsədilə xaricə səpələməliydi?
Prezident bunun qarşısını almağa səy göstərirsə, niyə onun bu strategiyasına qarşı çıxırsınız? Yox, əgər sizin iradınız İmişli rayonunun hansısa kənd bağçasında yaşandığı iddia olunan konkret hadisəyədirsə, bura hakimiyyəti niyə qatırsınız? Axı, istənilən dövlətdə və hakimiyyətlərdə bu cür fərdi hadisələr baş verə bilər. Heç bir komanda bu cür hallardan uzaq deyil və bunun ümumi işə dəxli yoxdur. Hər dövlətdə olduğu kimi Azərbaycanda da ortaya korrupsiya faktları çıxırsa, dövlət qurumları və hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb, müvafiq ölçülər götürülür. İndiyədək nə qədər korrupsiya faktına görə məmurların ciddi şəkildə cəzalandırıldığını gərək unutmayaq. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin illik hesabatlarına baxsanız, hər il nə qədər korrupsionerin cəzalandırıldığını görə bilərsiniz. Heç uzağa getməyək, təkcə ötən il sözügedən Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə baxılmış, 310 cinayət xarakterli material araşdırılmışdır. Həmin materialların 222-si (71,7%) üzrə cinayət işi başlanmış, 88 (28,3%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 61 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilmişdir.
Bu sözləri yazmaqla heç də kənd bağçası müdirəsinin iddialarına haqq qazandırmaq fikrində deyiləm. Ümumiyyətlə, bu cür iddialara hüquqi qiymət verilmədən kimisə korrupsiyaya bulaşmaqda ittiham etmək olmaz. Bunu yalnız hüquq-mühafizə orqanlarının araşdırmalarından və problemin əsl mahiyyəti üzə çıxarıldıqdan sonra məhkəmə verə bilər. İlk növbədə isə bağça müdirəsinin məqsədini, o müsahibəni hansı psixoloji vəziyyətdə verməsini və iddiaların sənədlərlə nə dərəcədə təsdiqləndiyini müəyyənləşdirmək lazımdır. Mümkündür ki, həmin müdirə hansısa qrup maraqlarından çıxış edərək məsuliyyətsiz fikirlər səsləndirsin. Yaxud hər hansı səbəbdən öz günahını başqasının üstünə atsın. Hər halda Azərbaycan dilini bilməməsinə baxmayaraq, uşaq bağçasına rəhbərlik edən bir müdirənin işdən uşaqlaşdırılmaq ehtimalı da var. Kim bilir, bəlkə o, gedərayaqda kimdənsə qisas almağa çalışır. Bütün bu suallara cavab tapmadan onun iddiasını Quran ayəsi kimi qəbul etmək mümkün deyil.
Üstəlik, Kənd Təsərrüfatı yanında “Aqrar Tədarük və Təchizat” ASC-nın qurulmasının da üstündən çox keçməyib. 2018-ci ilin 14 dekabr tarixində Prezident sərənacamı ilə yaradılan qurumun Nizamnaməsi bu ilin 4 iyulunda təsdiqlənib. ASC-nin İdarə Heyətinin formalaşdırılmasının üzərindən isə 1 aydan bir qədər çox keçib. Kənd təsərrüfatı naziri İnam Kərimovun 23 iyulda imzaladığı əmrlə quruma sədr təyin olunan Leyla Məmmədovadan bu qısa müddət ərzində illərlə yığılıb qalan problemlərin həllini gözləmək ədalətsizlik deyilmi?
Cənab Vahid Məhərrəmli, sədrinizin ünvanını səhv salıb sözçülüyünü etdiyiniz Heydər Oğuz şairdir, bilməz, amma siz ki, kənd təsərrüfarı mütəxəssisisiniz, insafla düşünün; bir aya heç vəzəri də yetişmir. Siz isə Leyla xanımdan böyük bir idarənin bütün problemlərini bir ay ərzində həll etməsini istəyirsiniz.
Paylaş: