Suriyanın şimalında qurulan Təhlükəsizlik bölgələrinin sadəcə adı qalıb. Hər gün cənubdan bu bölgəyə təhdid və təcavüzlərin ardı-arası kəsilmir.
Ovqat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çexiyanın Baş naziri Andrej Babis ilə birgə keçirdiyi mətbuat konfransında belə deyib.
Suriyanın taleyi ilə əlaqədar dünya dövlətləri ilə apardığı danışıqların heç bir işə yaramadığını etiraf edən prezident xüsusilə ABŞ və Avropa ölkələrinin laqeydliyindən gileylənib:
“Az əvvəl cənab Baş Nazirin də ifadə etdiyi bir təhlükəsiz bölgə təklifimiz var. Bu təklif cənab Obama dövründə də masa yatırıldı. Cənab Tramp dövründə də bu təkliflə çıxış etdim. Avropanın aparıcı ölkələri Almaniya, Fransaya ilə görüşdüm. Səudiyyə Ərəbistanla görüşdüm. Hamısı da “çox gözəl təklifdir” – dedilər”
Amma praktikaya gəlincə, heç bir ölkədən dəstək ala bilmədiyindən təəssüflənən Ərdoğan İdlibi də Hələbin taleyi gözlədiyini gizlətməyib:
Son 2 gün içərisində təəssüf ki, ABŞ-ın da bombalama əməliyyatlarına başlayıb. Bu əməliyyatlar nəticəsində 700-ə yaxın mülki insan öldürülüb. Artıq İdlib də yavaş-yavaş yox olur. Hələb necə yox oldusa, eyni şəkildə İdlib də belə durumla qarşı-qarşıyadır”.
Baş verənlərə səssiz qalmayacaqlarını açıqlayan R.T.Ərdoğan bu məqsədlə Rusiya və İran ilə görüşdüyünü bildirib:
“Bunların nəticəsini, inşallah, görəcəyik. Hədəfimiz Cenevrədən əvvəl bəzi addımlar atmaqdır".
Qeyd edək ki, neçə ildir Suriyanın şimalında təhlükəsizlik bölgələri yaratmaq təklifi ilə çıxış edən Türkiyə prezidenti, son zamanlar istədiyinə nail olmuş kimi görünürdü. Rusiya və İran liderləri ilə apardığı danışıqlar nəticəsində tərəflər İdlib hücumlarına ara verərək atəşkə elan etmişdilər. Türkiyə isə ABŞ-la anlaşaraq Fərat çayının şərq sahillərinin 450 km. uzunluğunda, 30 km. dərinliyində yeni təhlükəsizlik bölgəsi yaratmaq üçün hərbi əməliyyata hazırlaşırdı. İki NATO müttəfiqi bu məqsədlə birgə əməliyyat mərkəzi belə qurmuşdu.
Əməliyyat üçün şəraitin tam uyğun olduğu bir zamanda ABŞ əl-Qaidəni vurmaq bəhanəsilə İdlibə hava əməliyyatına başladı. Olduqca şiddətli bombalamalar nəticəsində, R.T.Ərdoğanın iddiasına görə, hava hücumunda 700-dən çox mülki vətəndaş qətlə yetirildi. Bu da atəşkəsin yenidən pozulması anlamına gəlirdi və Türkiyənin yeni əməliyyat planlarını alt-üst edirdi. R.T.Ərdoğanı narahat edən əsas məsələ də budur.
İdlibin Hələblə müqayisə edilməsinin qısa tarixçəsinə gəlincə,2017-ci ildə Astanada aparılan danışıqlarda Suriyanın şimalı 4 təhlükəsiz bölgəyə bölünmüşdü. Hər bir bölgəyə Astana sammitində iştirak edən dövlətlərdən biri nəzarət edəcəkdi. İdlib təhlükəsizlik bölgəsi isə Türkiyənin nəzarətinə verilmişdi.
Həmin vaxt qələmə aldığımız bir yazıda bu şübhələrimizi açıq şəkildə dilə gətirərək qeyd etmişdik ki, İdlibin tamamilə Türkiyənin ixtiyarına verilməsi isə təsadüfi deyil: “Bir zamanlar ABŞ-ın istəyiylə Səudiyyə Ərəbistanı, Qətər və digər körfəz ölkələri tərəfindən maliyyələşdirilən “mülayim müxalif” qüvvələrə lojistik dəstəyi Türkiyə verirdi. Faktiki olaraq qardaş ölkənin ərazisində formalaşdırılan Azad Suriya Ordusu Rusiyanın hərbi müdaxiləsindən sonra digər müttəfiqlər tərəfindən tərk edildi. Bir növ, atəş topu Türkiyənin qucağına atıldı. Xüsusilə Hələbdə tam dəstəksiz buraxılan “mülayim müxaliflər” Rusiya, Suriya, İran qüvvələri qarşısında duruş gətirə bilmədi. Hələbdə mühasirəyə düşən bu qüvvə Türkiyənin beynəlxalq girişimləriylə Hələbdən İdlibə köçürüldü. Faktiki olaraq Suriyanın bütün bölgələrindən süpürülə-süpürülə Türkiyənin qapısına yığılan “mülayim müxaliflərin” indi İdlibdən çıxarılması əməliyyatı başlayır. Suriyada terror rüzgarları əsdirən bu tör-töküntünün atılacağı yer isə Türkiyədir.
Belə çıxır ki, Rusiya-Suriya-İran ittifaqı ABŞ və körfəz ölkələrinin Suriyada buraxdığı tör-töküntüləri vaxtilə onlarla eyni süfrədə oturmuş Türkiyəyə təmizlətmək istəyirlər. Türk ordusunun indiki müttəfiqlərindən əvvəl İdlibə girməsinin əsas səbəbi də bununla bağlı ola bilər. Qardaş ölkə əvvəldən həmin əraziyə girib 3 tərəfdən süpürülən son tör-töküntüləri öz xəkəndazına toplamalı və daha sonrakı mərhələdə onları da yanına alıb öz evinə qayıtmalıdır”.
Görünən budur ki, yuxarıdakı iddiaları irəli sürüldüyümüz vaxtdan 2 il keçdikdən sonra bizi narahat edən şübhələrimiz reallaşmağa başlayıb və Türkiyə prezidenti də artıq bunu etiraf etmək məcburiyyətində qalıb.
Ovqat.com
Paylaş: