Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb:
- Tofiq müəllim, Rusiya xarici işlər naziri Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllinə dair son açıqlamasını necə qiymətləndirirsiniz?
- Açığı, mən Lavorvun son bəyanatının bizim bəzi mütəxəssislər tərəfindən şərh edilməsinə nəzər yetirdim və təəccüb etdim. Fikrimcə, bizdə bu bəyanatı diqqətlə oxumayıblar. Bu səbəbdən də elə şərhlər veriblər ki, sanki Lavrov Paşinyanı tənqid edib. Əslində mən Lavrovun bəyanatında tənqidi məqamlar görmürəm. Sadəcə olaraq, Paşinyanın bəyanatlarının vəziyyəti kəskinləşdirdiyi qeyd edilir. Lavrovun bəyanatından belə çıxır ki, Paşinyanın məlum açıqlamasından sonra danışıqlar mümkün deyil. Və müharibə də mümkün deyil. Lavrov bu cür bəyanatların vaxtilə verildiyini qeyd edib. Buna misal olaraq Albaniyanın baş nazirinin “Kosova Albaniyadır” bəyanatını göstərib. Lavrovun bəyanatında mənim diqqətimi daha çox bir məsələ cəlb etdi. Sanki Lavrov Paşinyanla “Dağlıq Qarabağ danışıqlarda tərəf kimi mövcud deyil” məsələsində razılaşmır. Ancaq reallıq budur ki, Dağlıq Qarabağdakı separatçılar həm Paşinyan, həm də Azərbaycan tərəfindən tərəf kimi qəbul edilmir. Biz başa düşürük ki, Paşinyanın bəyanatı mənfidir, amma bu bəyanatla eyni zamanda Qarabağ ermənilərinin hansısa dövlət icad etməsi iddiaları yalanlanır. Paşinyan açıq ifadə edir ki, separatçı qurumun arxasında Ermənistan dayanır. Yəni işğalın arxasında, baş verən proseslərin, etnik təmizləmənin arxasında birbaşa Ermənistan var. Məhz bu səbəbdən Paşinyanın bəyanatı müəyyən qədər həqiqəti əks etdirir. Amma Lavrov bunu qəbul etmir. Lavrovun bəyanatında bir həqiqət var ki, Paşinyanın məlum bəyanatdan sonra danışıqlar mümkün deyil. Əgər Ermənistanın məqsədi bundan ibarətdirsə, Azərbaycanın danışıqlar prosesində iştirakı mənasızdır.
- Lavrov bəyanatında müharibənin bərpasının mümkün olmadığını, buna imkan verilməyəcəyini qeyd edir. Burada məqsəd nədir?
- Bəli, Lavrov qeyd edir ki, Rusiya müharibənin baş verməməsi üçün əlindən gələni edəcək. Burada nəticə ondan ibarətdir ki, Paşinyanla Lavrovun rəyi sanki üst-üstə düşür. Başqa sözlə, danışıqlar yoxdur, amma müharibə də yoxdur. Bu halda ortada Paşinyanın bəyan etdiyi siyasət qalır. Yəni Dağlıq Qarabağın Ermənistanın olması və ya ona birləşdirilməsi siyasəti. Bu səbəbdən də mən bəyanatı çox mənfi qiymətləndirirəm. Hesab edirəm ki, bu bəyanat vəziyyəti bir qədər də gərginləşdirir. Çünki bəyanatda çıxış yolları göstərilmir, müharibə çıxış yolu kimi qəbul olunmur. Paşinyanın Ermənistanın siyasətini əks etdirən bəyanatı da qəbul edilmir. Burada məqsəd odur ki, imitasiya xarakterli danışıqlar yenidən bərpa edilsin və bundan sonra daha 30 il müharibə olmadan danışıqlar prosesi davam etsin.
- Sizcə, bu, mümkündürmü?
- Mən bir məqamı qeyd etmək istərdim. Fikrimcə, görünür ki, Qarabağ münaqişəsinə Rusiyada iki baxış var. Biri Sergey Lavrovun təmsil etdiyi qruplaşmanın baxışıdır. Onların fikrincə, hər şey olduğu kimi qalır, müharibə başlamır, Ermənistana təzyiq olmur, Rusiyanın Ermənistana təhlükəsizlik qarantiyası qalır. Əslində bu, Ermənistanın istədiyi və arzuladığı siyasətdir. Lavrov verdiyi bəyanatla göstərir ki, bu siyasətin başında dayanır.
Digər qruplaşma da var. Bu qruplaşmaya görə, Ermənistan Rusiyaya lazım deyil, Moskvaya ermənilərin heç bir xeyri yoxdur. Onlar onsuz da gec və tez Qərbə doğru gedəcək və biz Ermənistan yükündən azad olmalıyıq. Fikrimcə, bu iki yanaşma Rusiyada özünü göstərir. Mənin fikrimcə, Lavrovun bəyanatı göstərir ki, bu yanaşma Rusiyanın Cənubi Qafqazda heç bir nəticə əldə etməyəcək bir siyasətidir. Əslində qalsa, bu, Rusiyanın maraqlarına zidd siyasətdir. Buna qarşı digər bir mövqe formalaşıb və bu mövqe getdikcə güclənir. Zənnimcə, Valdey Klubu çərçivəsində baş tutan görüş və müzakirələrdən sonra ikinci baxış özünü göstərməyə başlayacaq. Qeyd etdiyim ikinci tendensiyanın elementləri Putinin bu günlərdə Yerevan səfərində özünü göstərib.
- Siz, Yerevan hava limanında Putin-Paşinyan görüşünə işarə edirsiniz?
- Mən ikinci tendensiyanı deyəndə bunu nəzərdə tuturam. Putin bu tendensiyanı həyata keçirir, göstərmək istəyir ki, Ermənistanın başında duran və erməni seçicilərinin səsini qazanan Paşinyanla Rusiyanın əlaqələri yoxdur. Əlbəttə, mimka elementləri əsasında məlumatları əldə etmək çətindir. Amma ümumiyyətlə, protokol nüansları, tərəflərin mimikası, Putinin səfərinin strukturu göstərir ki, Rusiyanın Qarabağa dair ikinci baxış bucağı güclənməkdədir. İstina etmirəm ki, bu ikinci tendensiya zamanla Rusiyada hakim mövqeyə çevrilə və real dəyişikliklərə gətirib çıxara bilər. Çünki belə dəyişiklik nəticəsiz ola bilməz. Üstəlik Lavrov səviyyəsində Qarabağ münaqişəsinə dair birinci yanaşmanın iflasının etiraf olunmasını nəzərə alsaq, görərik ki, hansısa hadisələrin baş verməsi ərəfəsindəyik.
- Ancaq siz əvvəllər Paşinyanın müharibənin başlanmasını arzu etdiyini vurğulayırdınız. Lavrovun bəyanatı göstərmirmi ki, indiki halda Moskva Qarabağ cəbhəsində hərbi əməliyyatların bərpasını arzu etmir?
- Birincisi, Lavrovun bəyanatı ilə tərəfləri müharibəyə çağrmasını gözləmək sadəlöhvlük olardı. İkincisi, belə bəyanatlar heç vaxt əsas kimi qəbul edilə bilməz. Lavrovun “müharibə təhlükəsi yoxdur və ola da bilməz” fikirləri reallığı əks etdirirmi? Yox, qətiyyən əks etdirmir. Çünki təmas xəttində gərginlik günü-gündən artır.
İkincisi, Paşinyan maraqlıdır ki, müharibə alovlansın. O, istəyir ki, müharibə nəticəsində Rusiyanı ittiham etməyə əsası olsun. Yəni Azərbaycanı silahlandırır, bu da müharibədə acı nəticə ortaya qoyur və s. Beləcə, Paşinyan ruspərəst siyasətdən imtina edərək, qərbpərəst siyasətinin tətbiqinə başlasın. Paşinyan üçün vacibdir ki, bu gedişi ilə daxildə müxalifətə də zərbə vursun. Çünki Paşinyana müxalifətdə duran Qarabağ klanı Rusiya meyillidir. Bu mənada Paşinyanın başqa çıxış yolu yoxdur.
Paylaş: