Bu gün “Ambassador” oteldə AMİP Mərkəzi Şurasının iclası keçirilib.
Ovqat.com-a bu barədə məlumat AMİP Mətbuat və İnformasiya xidmətindən daxil olub.
Məlumata görə, AMİP Mərkəzi Şurasının sədri Aydın Əliyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq təşkilati məsələyə baxıləb və Siyasi Şurada vakant olan iki yerə seçkilər keçirilib.
Sonra ölkədəki ictimai siyasi vəziyyətlə bağlı AMİP Siyasi Şura üzvü Əli Orucovun məruzəsi dinlənilib və məsələ ilə bağlı geniş müzakirələr aparılıb.
Daha sonra AMİP sədr əvəzi Arzuxan Əlizadə növbəti dönəmdə Partiyanın qarşısında duran vəzifələrlə bağlı çıxış edib və AMİP-in Növbəti Xİ Qurultayının çağırılması ilə bağlı məsələni müzakirəyə çıxarıb. Müzakirələrdən sonra Qurultayın çağırılması ilə bağlı qərar qəbul olunub, Qurultayın keçiriləcəyi tarixin və yerin müəyyənləşdirilməsi AMİP Siyasi Şurasına həvalə edilib.
Partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı məsələ ilə əlaqədar Rəşad Bayramov çıxış edib. Müzakirələrin nəticəsi olaraq ölkədə seçki mühitini dəyərləndirərək bələdiyyə seçkilərində iştirak etməklə bağlı yekin qərarın verilməsi Siyasi Şuraya həvalə edilib
Qarabağla bağlı məsələni geniş müzakirə edən AMİP Mərkəzi Şurası aparılan danışıqların qeyri-səmərəliliyini, Qarabağın status ilə bağlı Ermənistanın sərgilədiyi qeyri-konstruktivliyi nəzərə alaraq bu yöndə danışıqların heç bir nəticə verməyəcəyini bəyan edərək, münaqişənin nizamlanmasının hərbi-siyasi yolunu məqbul saydığı və ATƏT çərçivəsində, eləcə də, bu istiqamətdə aparılan danışıqların dayandırılmasının vacibliyi ilə bağlı bəyanat qəbul edilib.
Mərkəzi Şuranın iclasında həmçinin “Köklü islahatlarla dəyişikliklərə doğru” platforması çərçivəsində işçi qrup tərəfindən hazırlanmış islahatlar paketi müzakirə edilib və sənədin imzalanması məqbul sayılıb.
İclasın sonunda Qətnamə qəbul edilib. Qətnamədə Azərbaycan iqtidarının yürütdüyü daxili və xarici siyasətin illərdir dəyişməməsi və buraxılan səhvlərin ölkənin gələcəyi üçün ciddi və real təhlükə yaratdığı qeyd olunub. Demokratik dəyərlərdən uzaqlaşma, demokratik təsisastların və seçki sisteminin sıradan çıxarılması, yarıtmaz idarəçilik, cəmiyyətdəki qarşıdurma, aşırı sosial ədalətsizlik, eləcə də sosial qruplar arasında kəskin fəqrlərin və ziddiyətlərin yaranması, əhalinin sürətlə yoxsullaşması, korrupsiyanın və rüşvətxorluğun tüğyan etməsi, iqtisadiyyatın və maliyyənin bir qrup hakim elita nümayəndələrinin əlində cəmləşdirilməsi kəskin tənqid olunub.
Paylaş: