Xəbər lenti
Dünən, 19:25

  

Ermənistanla  bütün danışıqlar dayandırılmalı, münaqişə hərbi-siyasi yolla həll edilmədir.

Ovqat.com xəbər verir ki, bu, AMİP Mərkəzi Şurasının mövqeyidir.

 Partiyanın Mətbuat və İnformasiya Xidmətindən redaksiyamıza göndərilən məlumata görə, Mərkəzi Şuranın bu gün qəbul etdiyi bəyanatda vurğulanır ki, 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti işğalın nəticələrinin aradan qaldırılmaması və Dağlıq Qarabağ probleminin diplomatik yolla həllinin uzadılması dövlətimizin təhlükəsizliyi üçün ciddi təhdid olaraq qalmaqdadır: “Eyni zamanda hakimiyyətin xarici siyasətindəki sistemsizlik və davamlı güzəştlər ölkənin ərazi bütövlüyünü təhlükə qarşısında qoyub. Münaqişənin çözülməsinin beynəlxalq təşkilatların, əsasən də ATƏT-in Minsk qrupunun öhdəsinə buraxılması yanlış siyasət olmaqla yanaşı, problemin xalqın iradəsi ilə həllində maneçilik yaratmışdır. Halbuki Minsk qrupu münaqişənin nizamlanmasında vasitəçi bir qurum funksiyasını yerinə yetirməli olduğu halda, aparılan səhv siyasət nəticəsində daha geniş səlahiyyətlər əldə etmişdir.

Azərbaycan Milli İstiqlal Partiyası ilk gündən işğal edilmiş ərazilərin azad olunmasını və Dağlıq Qarabağ probleminin həllini BMT Nizamnaməsinə, eləcə də Beynəlxalq hüquq və prinsiplərə istinadda görür və hesab edir ki, münaqişənin həllində Azərbaycan xalqının iradəsi əsas götürülməli, Daglıq Qarabağ ermənilərinə mədəni muxtariyyət istisna olmaqla hər hansı bir statusun verilməsi rədd edilməlidir.

AMİP Dağlıq Qarabağla bağlı mövcud status-kvonun saxlanılmasını təkcə regionda deyil, eləcə də beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əngəl, separatizmin və terrorizmin geniş vüsət alması üçün vasitə kimi qiymətləndirir.

AMİP Mərkəzi Şurası aparılan danışıqların qeyri-səmərəliliyini, Qarabağın status ilə bağlı Ermənistanın sərgilədiyi qeyri-konstruktivliyi nəzərə alaraq bu yöndə danışıqların heç bir nəticə verməyəcəyini tam qətiyyətlə bəyan edərək, münaqişənin nizamlanmasının hərbi-siyasi yolunu məqbul sayır və ATƏT çərçivəsində, eləcə də, bu istiqamətdə aparılan danışıqların dayandırılmasını zəruri hesab edir.  

AMİP Mərkəzi Şurası təklif edir ki, Azərbaycan hakimiyyəti ilk addım kimi münaqişənin həlli ilə bağlı qəbul edilmiş Qətnamələrin icrasına nail olmaq üçün məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmalıdır. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı Ermənistan Respublikasının Müstəqillik Haqqında Konstitusiya Aktına, eləcə də Paşinyanın bəyanatlarına istinad olunaraq ilhaq siyasətinin yolverilməzliyi xüsusi vurğulanmalıdır.

AMİP Mərkəzi Şurası son dövrlərdə İrəvandan Qarabağa adi hal almış uçuşlara, Fransa Parlamenti və ABŞ Konqresi üzvlərinin və digər ölkələrin rəsmi və səlahiyyətli şəxslərinin Qarabağa qanunsuz səfərlərinə seyrçi mövqe nümayiş etdirən Xarici İşlər Nazirliyi və Azərbaycan Müdafiə Nazirliyindən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün qəti addımlar atmağı tələb edir.

Azərbaycan Milli İstiqlal Partiyası olaraq bu istiqamətdə hakimiyyət tərəfindən atılmış addımları sonacan müdafiə edəcəyimizi bəyan edir və Qarabağ məsələsinin həlli ilə bağlı milli birliyə nail olunması istiqamətində addımlar atmasını vacib hesab edirik”.




Ana səhifəyə qayıt        Baxış: 3 170          Tarix: 14-10-2019, 20:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma